Meydan TV əməkdaşının ittihamlarına Müsavatdan cavab

Hörmətli Meydan TV əməkdaşı Aynur Elgünəş iki gün öncə Müsavata qarşı növbəti ittihamlarını irəli sürdü. O, daha əvvəl Müsavat başqanının müavini Osman Kazımovu Mehriban Əliyevanın bir addımını təqdir etdiyinə görə hədəfə almışdı.

Ona yazdım ki, “Emin Milli İlham Əliyevdən üzr istəyəndə buna etiraz bildirməyənlər, məncə Osman bəyin səhvindən heç danışmasınlar”.

Mübahisə yarandı və arqumentlər qarşısında aciz qalan Elgünəş mövzudan tam kənara çıxıb şantaja keçdi: “İstəyirsiz mən pulla satdığınız saxta arayışların şəkillərini atım baxın”.
Ona şantajla kifayətlənməməyi, “saxta arayışları” paylaşmağı təklif etdim.

Və Elgünəş Müsavat Partiyasının öz üzvlərindən birinə verdiyi arayışın surətini paylaşdı. Sənəddə onun verildiyi şəxsin adını və verilmə tarixini silərək paylaşdı.

A.Elgünəş həmin arayışın verilməsi ilə bağlı bir sıra iddialar, bəzi hallarda bir-birini təkzib edən ittihamlar irəli sürdü. Gah dedi arayışı alan şəxs partiya üzvü deyil, iddia etdi ki, “özü deyib üzv deyiləm”, gah dedi üzv olması heç nəyi dəyişmir, gah da dedi üzvdür, amma “polis qapısından keçməyib”.

Müsavat saxta arayış verənlərin ifşa olunmasında hamıdan daha çox maraqlıdır, çünki bu məsələdə zərərçəkən tərəfdir.Ona görə A.Elgünəşə təklif etdim ki, bu sənədin əslini ya bizə, ya da prokurorluğa təqdim etsin. Arayış alan şəxsin adını soruşdum. Lakin o, “adamı təhlükəyə atmaq istəmirəm” bəhanəsiylə buna razı olmadı (məntiqsiz yanaşmadır – arayış saxtadırsa, onu verən də məsuliyyət daşıyır, alan da; adama sual verərlər: arayış verən adamı sübutsuz ittiham edirsənsə, arayış alanı xeyir ola gizlədirsən?)

A.Elgünəşin bəzən bir-birinə zidd olan bu ittihamlarını araşdırdım və ilkin nəticələrini sizin paylaşmaq qərarına gəldim.

1-ci İTTİHAM: MÜSAVAT, PARTİYA ÜZVÜ OLMAYAN ŞƏXSƏ ARAYIŞ VERİB… YALAN!

Dünən aydınlaşdırdım ki, A.Elgünəşin dərc etdiyi sənəddə göstərilən 25..94 saylı vəsiqənin sahibi həqiqətən Müsavat Partiyasının üzvüdür. Bu, Emin Əliyevdir, Laçın rayon təşkilatında qeydiyyatdadır. Həm özü, həm atası Müsavat Partiyasının üzvüdürlər. Laçından olan bir müsavatçının verdiyi məlumata görə, atası – Gündüz Əliyev, veteran müsavatçıdır. Oğlu ilə birlikdə Müsavatın tədbirlərində fəal olub, təzyiqlərlə üzləşib, uzun müddətli həbsdə də yatıb. Evlərinə polis əməkdaşları və icra hakimiyyətinin məmurları da girib, hədələyib, “ağıl verib”. Emin Əliyevin qeydiyyatda olduğu Laçın rayon təşkilatı ona arayış verilməsi üçün sənəd hazırlayıb. Və Gülağa Aslanlı həmin sənəd əsasında arayış verib. Arayışın surəti sənədlərin qeydiyat kitabına tikilib.

Haşiyə: Bir il bundan əvvəl mən prokurorluqda günlərlə dindirildiyim vaxt, müstəntiqlər saytın qeydiyyat, vergi sənədləri, mənim sms yazışmalarım və telefon zənglərimlə yanaşı, redaksiyanın kompüterini də eşib araşdırırdılar. Oradan bizim video-operator Elçin Hidayətə verdiyim arayışı tapmışdılar. Müstəntiqlər hesab edirdi ki, bu arayış onların əsas kartıdır. Mənə təklif etdilər ki, prokurorluqdan çıxanda jurnalistə müsahibə verməyim və işarə etdilər ki, bunun müqabilində Elçin Hidayətə “Basta” əməkdaşı kimi verdiyim arayışı rəsmiləşdirməyə bilərlər. Bu, sanki şantaj idi. Mən həmin gün prokurorluqdan çıxanda orada məni gözləyən Ramin Deko və Tatyana Kryuçkinaya istintaq sirri çərçivəsinə girmədənyenə müsahibə verdim. Ertəsi gün müstəntiq dedi ki, bəs biz söz demişdik, niyə müsahibə verdin? Dedim ki, mənim gizlədəsi heç nəyimyoxdur. Elçin Hidayət illərlə Müsavatın mətbuat xidməti və son illərdə “Basta” üçün video-operatorluq edib. Təzyiqlə də üzləşib, kamerası da sındırılıb. Ona maaş verməmişəm, kamera almamışam, indi məndən bir arayış istəyib, onu da verməyim? Arayış vermişəm. Verməsəm, bu, qanunsuzluq və ədalətsizlik olardı.

A.Elgünəş “partiya üzvü deyil” iddiasını yazdıqdan sonra bir az sorğu-sualla üzləşdi və yazdı ki, arayış alan şəxsin üzv olub-olmaması heç nəyi dəyişmir. Halbuki, üzv olan şəxsə arayış vermək partiyanın vəzifəsidir, üzv olmayan şəxsə arayış vermək isə kriminaldır.

2-ci İTTİHAM: “ADAMA TƏZYİQ OLMAYIB… AMMA SƏNƏD VERİLİB Kİ, OLUB… BUNLARI ÖZÜ DEDİ. ONU DA DEDİ Kİ MÜSAVATÇI DEYİL”… YALAN!

“Özü dedi” arqumentinin yalan olduğu əvvəldən bəlli idi. Sığınacaq almaq istəyən, bu məqsədlə arayış alan hansı axmaq özünə qarşı jurnalistə açıqlama verər?!

Amma yenə də Emin Əliyevə sual verib bu iddianı ondan soruşduq. Dedi ki, nə A.Elgünəş, nə Meydan TV-nin hansısa əməkdaşı ilə əlaqəm olub: “Bu xanımın mənim haqqımda yazdığı hər şey yalandır. Mən bu barədə heç kimlə söhbət etməmişəm, Müsavatın üzvüyəm və buna görə çox böyük təzyiqlərlə üzləşmişəm”.

Müsavatda təzyiqlə, ayrı-seçkiliklə üzləşməyən üzv yoxdur. Müsavat üzvlərinə maaş vermir, vəzifə vermir. İnsanlar illərdir işsiz, hüquqsuz, az qala hər addımda diskriminasiya ilə üzləşərək fəaliyyət göstərir. Günlərin birində kimsə başqa çarə tapmayıb mühacirətə gedirsə, illərlə xidmət etdiyi partiyadan arayış istəyirsə, bunu necə verməmək olar? Əgər Emin Əliyevə partiyaya üzv olduqdan cəmi bir neçə ay sonra arayış verilibsə, mənim bildiyimə görə, burada səbəb atası Gündüz Əliyevin stajı və siyasi məhbus olması, eləcə də özünün hələ üzv olmadan partiyanın tədbirlərində iştirak etməsidir.

Gündüz Əliyev mitinqlərə nəinki oğlu Emini, hətta qızını da gətirirmiş və buna görə daim ailəlikcə təzyiq altında olub.

İkincisi, arayış istəmək üçün formal olaraq staj tələb olunmur və ən başlıcası, sənəddə onun stajı olduğu kimi göstərilib, heç bir saxtakarlıq edilməyib.

“Arayış saxta deyil, içindəkilər saxtadır” ittihamına gəlincə, bir adamın atasının müsavatçı, siyasi məhbus olması, onun davamlı olaraq təzyiq altında yaşamasına kifayət edir. Üzvlüyünü rəsmiləşdirənə qədər adama təzyiqlər olub. Və sənəddə təzyiqlərin rəsmi üzv olduğu zaman edildiyi iddia olunmayıb.

3-cü İTTİHAM. ÖLKƏDƏN GETMƏK ÜÇÜN ARAYIŞ ALIB. SONRA DA GÖNDƏRİB BİZƏ Kİ, BUNUN ƏSASINDA XƏBƏR HAZIRLAYAQ… YALAN!

Artıq yuxarıda yazdıq ki, Emin Əliyev nə A.Elgünəşə, nə də Meydan TV-yə müraciət etmədiyini, onlarla heç vaxt əlaqəsinin olmadığını bildirir.

Amma bu, hələ hamısı deyil.

Bu araşdırmanı apararkən maraqlı bir sürprizlə üzləşdik. Bizə A.Elgünəşin səs yazısını göndərdilər.

“Əgər Meydan TV-yə müraciət etməyibsinizsə, necə olub ki, sizin sənədiniz Aynur Elgünəşin əlinə çatıb” deyə soruşmuşduq. Bu sual 3-4 nəfərin vasitəsilə gedib Aynur Elgünəşin özünə çatıb və o, buna səs yazısı ilə cavab verib.

Səs yazısında Aynur xanım bu sözləri deyir: “Mən o Samir Qasımov kimdir, ümumiyyətlə onu tanımıram.Ciddidən tanımıram. Yəni mənim onların heç biri ilə əlaqəm yoxdur. Heç o Emini də tanımıram. Yəni mənə tək bir arayış deyil, bir neçə arayış verilibdi. Ki, yəni onu da ordakılar verməyiblər. Yəni xaricdə olanlarla heç bir əlaqəm yoxdur. Yəni istəsəniz, səs yazımı göndərə bilərsiniz”.

Başqa sözlə, A.Elgünəş eyni məsələ haqda bir-birinə zidd iki fikir bildirir:

Sosial şəbəkədə yazır ki, “ölkədən getmək üçün (Emin) partiyanızın məsul şəxsindən arayış alıb. Sonra da göndərib bizə (Meydan TV-yə) ki, bunun əsasında xəbər hazırlayaq”.
Amma səs yazısında isə deyir ki, “mənə tək bir arayış deyil, bir neçə arayış verilibdi. Ki, yəni onu da ordakılar verməyiblər. Yəni xaricdə olanlarla heç bir əlaqəm yoxdur”.

A.Elgünəşin ən azı bu iki fikrindən biri yalandır! Amma niyə? Məqsəd nədir? A.Elgünəşə bir neçə arayışı kim verib? Əgər ona kimsə bir neçə arayış veribsə və bundan nə arayış verənin, nə də arayış alanın xəbəri olmayıbsa, burada söhbət sənəd oğurluğundan – oğurluqdan gedir. Bunu kim və necə edir?
Başqa bir yalan:

Elgünəş sosial şəbəkədə belə yazır: “(Emin) o qədər yazıq, bilgisiz adamdır ki, elə bilir bir xəbər yazan kimi oturum alacaq”.

Səs yazısında isə belə deyir: “Heç o Emini də tanımıram”.

A.Elgünəş özünü müstəqil jurnalist sayır, amma sanki bir rəqib siyasətçi tövrü ilə Müsavata qarşı əks-təbliğat aparır.

Görün, daha hansı ittihamları irəlü sürür:

4-cü İTTİHAM. “MÜSAVAT BİR PARTİYA KİMİ FƏALİYYƏTSİZDİR”… YALAN!

Müsavat yeganə partiyadır ki, onun rayon təşkilatlarından tutmuş, Sədrlər Şurası, Məclis, Divan, MNTK-ya qədər bütün strukturları daim fəaliyyətdədir.

Müsavat ölkədə baş verən istənilən siyasi prosesin önündə olub, olmaqdadır. O cümlədən 6 ay əvvəl Azərbaycanda Mehman Hüseynov da daxil olmaqla siyasi məhbusların bir qisminin azadlığa buraxılması ilə nəticələnən hərəkatın önündə olub.
Müsavat geniş beynəlxalq əlaqələrindən, o cümlədən Türkiyə, Avropa Birliyi, ABŞ, Ukrayna, Gürcüstan və s. ölkələrin siyasi dairələri ilə əlaqələrindən istifadə edərək, Azərbaycandakı demokratik prosesə beynəlxalq dəstəyin təmin olunması istiqamətində davamlı fəaliyyət göstərməkdədir.

Müsavat Əliyev irticası qarşısında cəmiyyətin azadlığa və ədalətə ümidini yaşadan əsas təşkilatlardan biridir.

İndi partiya qurultaya hazırlaşır. Polisin və icra hakimiyyətinin təzyiqlərinə rəğmən, az qala hər həftə hansısa rayonda seçki keçirir, gizli səsvermə, demokratik seçki vərdişlərini yaşadır.

5-ci İTTİHAM. “RƏHBƏRLİK O BOYDA PARTİYANI NƏ GÜNƏ QOYUB”…

Bu heç ittiham da deyil. Müstəqil jurnalistəm deyən adama yaraşmayan bir ifadə, bəsit bir əks-təbliğatdır.

6-cı İTTİHAM. “MƏN PULLA SATDIĞINIZ SAXTA ARAYIŞLARIN ŞƏKİLLƏRİNİ ATIM BAXIN”… YALAN VƏ BÖHTAN!

Atın dedim, yalnız bir kağız atdınız o da saxta deyil, arayışı alan deyir almışam, verən deyir vermişəm. Adam partiya üzvüdür, buna dair istənilən sübutları təqdim edə bilərlər. Möhür həmin möhürdür, imza həmin imzadır. Pul məsələsinə gələndə isə nəinki hansısa sübut, heç konkret ittiham da olmadı. Hətta prokurorluq, məsələn, Əfqan Muxtarlını şərləyəndə, onun cibində 10 min avro olduğunu yazmışdı.

A.Elgünəş heç bunu da etmədi, yalandan da olsa bir məbləğ, bir ad, bir yer göstərmədi.

Söhbətin sonuna yaxın özü də yazdı ki, “təki yalan olsun”. Bununla dərc etdiyis ənədin saxtalığına özünüzün də əmin olmadığınızı biruzə verdi. Bununla söhbəti qapatdığınızı yazdı. Lakin iki saat sonra isə zənnimcə kiminsə təhriki ilə, ittihamları yeni məzmunda irəli sürdü.

***
Aynur xanım, əslində ittihamlarınıza başqa mövzuda başlamışdız. Yazmışdınız ki, “Osman müəllim, inciməyin birinci ledinin tərifindən Azad Həsənova keçidi anlamadım. Bunu Emin (Milli) yazsa çoxdan “satıldı” damğası hazır idi”.
Keçidi anlamayacaq bir məsələ yoxdur, Osman Kazımov bir vəkil olaraq Azad Həsənovu həbsdən çıxarmaq üçün manevr edib. Məncə səhv edib.

Amma bu, keçmiş müdiriniz Emin Millinin addımları ilə müqyisə olunmazdır. Çünki, Emin Milli nəinki təşəkkür etmək, həm də İlham Əliyevdən üzr istəyib və istefa verib. Siyasi sapınma sahəsində Emin Milliyə çatmaq üçün Osman Kazımov gərək İlham Əliyevdən üzr istəyə, Vəkillər Kollegiyasından istefa verə və siyasi məhbusların müdafiəsi işindən uzaqlaşa. Amma bütün bunlar olmayıb və ola da bilməz. Sizdən fərqli olaraq Osman bəy onu “birinci ledi” də adlandırmayıb.

Mövzu bu idi. Bu mövzuda arqumentsiz qalıb yeni ittihamlar irəli sürdünüz.

Meydan TV-nin yaxşısına yaxşı demişik, təzyiqlə üzləşəndə müdafiə etmişik, eyni münasibəti gözləmişik, bəzən görmüşük, məsələn “Basta” irticanın hədəfində olanda informasiya dəstəyi görmüşük. Bəzən görməyincə, sadəcə giley-güzar etmişik. İntriqantlar bunu körükləyib, düşmənçilik həddinə gətirir. Bütün bunlar o demək deyil ki, üzləşdiyimiz böhtanlar qarşısında susacayıq, atılan çamuru təmizləməyəcəyik.

Aynur xanım, qəbul edin ki, bir partiyanın öz üzvünə arayış vermək hüququ və vəzifəsi var. Saxta arayış odur ki, kimsə partiya üzvü olmadan özünə arayış düzəltsin, yaxud partiya yetkilisi üzv olmayan şəxsə arayış versin. Əlinizdə belə bir fakt varsa, qoyun ortaya.

Yaxud partiyada kim sə aldığı arayışa görə pul ödəyibsə, fakt demirəm, sadəcə adını çəkin, araşdıraq, kimliyindən asılı olmayaraq, alanı da, verəni də kənarlaşdıraq.

Yox əgər, əlinizdə belə fakt, yaxud konkret iddia da yoxdursa, o halda irəli sürdüyünüz ittihamlara görə Müsavatdan üzr istəyin.

Sadəcə üzr istəyin.

Mustafa Hacıbəyli, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri