Meşələri onlar yandırıb? – Nazirlik açıqladı

Son günlər baş verən yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub, onlarla bağlı sənədlər artıq toplanılıb və hüquq-mühafizə orqanlarına göndərilib.

Sözcü.az xəbər verir ki,bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

Onun sözlərinə görə, hazırda araşdırmalar həm Ekologiya və Təbii Sərvətlər, həm Fövqəladə Hallar nazirlikləri, həm də polis tərəfindən davam etdirilir: “Son günlər meşə yanğınlarının baş verməsinin əsas səbəbi insan faktorudur. Havaların isti keçməsi ilə əlaqədar insanların meşə sahələrinə axını çoxalıb, eyni zamanda odla ehtiyatsız davranma halları da artıb. Belə faktlar da var ki, şəxs taxıl sahəsini yandırıb və nəticədə yanğın meşə sahəsinə keçib”.

Onun sözlərinə görə, insanların biçənək, örüş, meşə ilə sərhəd ərazilərdə qaladığı ocaq sayəsində meşə yanğınları baş verir.

A. Qaraşov deyib ki, meşə sahələrinə nəzarət etmək üçün Zaqatala, Oğuz, Qəbələ, Qax və Şəki rayonlarında 5 müşahidə kamerası quraşdırılıb. İlin sonuna kimi daha 9 yerdə müşahidə kameraları quraşdırılacaq.

Departament direktoru meşə ərazilərində kömür hazırlamaq üçün quyuların mövcudluğu və yanğınların baş verməsinə bu quyuların təsir etməsi ilə bağlı fikirlərə də münasibət bildirib.

A. Qardaşovun sözlərinə görə, meşə fondu daxilində heç yerdə kömür quyuları yoxdur: “Bir neçə yerdə bələdiyyə torpaqlarında və kəndlərdə belə quyular var. Amma meşə torpaqlarında belə quyular yoxdur, bu, birmənalıdır. Oğuz rayonunun Muxas və Calut kəndlərində bələdiyyə fondu torpaqlarında belə quyular vardı, o da kütləvi halda deyildi, artıq bunun da qarşısı alınıb. Meşə yanğınların baş verməsinin əsas səbəbi insanların taxıl, biçənək sahələrini biçindən sonra yandırması, meşə sahələrinə gedəndə odla ehtiyatsız davranmasıdır. Adi bir siqaret kötüyündən baş verən yanğın bir dəqiqədə 100 metri əhatə edir. Çünki hər yerdə ot örtüyü qupqurudur. İnsanlar bu baxımdan təbiətə münasibətlərini dəyişməli, təbiətdə olarkən odla ehtiyatlı olmalıdırlar”.