Mərəndin üç kəndinin türkcə adı özünə qaytarıla bilər

Bölgə əhalisinin çalışmaları və davamlı israrları nəticəsində Mərəndin üç kəndinin türk adı özünə qaytarılır.

Verilən məlumatlara görə, Mərənd şəhərinin adları dəyişdirilərək “Pəyam”, “Dugican” və “Üryantəpə” qoyulan kəndlərinin əski türk adlarının yenidən özünə qaytarılması mövzusunda şəhər valiliyində iclas keçirilib.

İclas üç kəndin əhalisinin və “kənd islam şuraları” üzvlərinin israrı nəticəsində baş tutub.

İclasda sənədlər və faktlar yoxlanıldıqdan sonra, qeyd olunan kəndlərin əski türk adları bərpa olunaraq “Pəyam” kəndinin adı “Yam”, “Üryantəpə”nin adı “Ayrandibi” və “Dugican” kəndinin adı isə yenidən “Doycan” kimi təsdiq olunub.

Mərənd şəhər iş qurupunun bu qərarı qanuni prosesləri keçmək üçün, əyalət iş qurupuna, sonra isə qəti təsdiq üçün “Daxili İşlər Nazirliyinə” və “Nazirlər Kabinetinə” göndəriləcək.

Qeyd etmək lazimdir ki, Güney azərbaycanın və İranın türklər yaşayan bölgələrində minlərlə adı dəyişdirilərək farslaşdırılmış yer var. Bu mövzu illərdir ki Güney Azərbaycan türklərinin etirazına səbəb olur. Adı yenidən özünə qaytarılan bu üç kənd adları təhrif olunmuş minlərlə kənddən sadəcə kiçik bir nümunədir.

Facebook Comments