“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi:

– Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, Anar Kərimov mədəniyyət sahəsində nələri dəyişməlidir?

– Mənim Anar Kərimovun gələcək üçün olan planlarından xəbərim yoxdur. Lakin bir sənətçi kimi istəyərəm ki, mədəniyyət səhəsi inkişaf etsin, hər şey əvvəlkindən yaxşı olsun. Mədəniyyət naziri postuna onu gətiriblərsə özünün konsepsiyası olmalıdır. Azərbaycan musiqisinə, teatrına, kinoya, ümumiyyətlə bütün mədəniyyət sahəsinə aid planları olmalıdır, hamısını fikirləşməlidir. Mən artıq təqaüddə olan mədəniyyət işçisi kimi istəyərəm ki, Azərbaycan mədəniyyətinin səviyyəsi yüksək olsun, inkişaf etsin. Detalları isə nazir düşünməlidir.

– Müşahidəçilər belə hesab edirlər ki, mədəniyyət sektoru üçün xarakterik olan ən ciddi problemlərdən biri fəxri adların verilməsi ilə bağlıdır. Siz necə düşünürsünüz, Azərbaycanda layiq olmadığı halda fəxri adlara yiyələnənlər çoxdurmu?

– Ölkədə fəxri ada layiq olmayan çox adam o adı alıb. Fəxri adlar ucuzlaşdı, onu qiymətdən saldılar. Ümumiyyətlə, mən lap çoxdan bu məsələ barəsində narazılıq etmişəm. 20-30 il əvvəldən bu məsələni qaldırmışam. Əgər o adlar həqiqətən layiq olanlara verilsə idi belə olmazdı. Fatma Abdullazadə Prezident Adminstrasiyasında bazar açmışdı. Zeynəb Xanlarova da bu haqda Milli Məclisdə danışıb. Əməkdar artist adı 3000, Xalq artisti adı 5000 manatdan başlayırdı. Belə biabırçılıq olar? Görün bu məsələ nə həddə çatmışdı ki, orada dükan açmışdılar. Yəni bu adlar obyektiv verilmirdi. Əvvəllər bir-iki adama verilmişdi, sonradan adları çox dəyərsizləşdirdilər. O vaxt Türkiyədə bir çəkilişə getmişdim, orada mənə sual verdilər ki, sizdəki Əməkdar artist, Xalq artisti adları nədir? Xeyli izah etdim, amma heç nə başa sala bilmədim. Türklərə sual verdim ki, bəs sizdə sənətkarları necə qiymətləndirirlər? Cavab verdilər ki, bizdə iki tip sənətçi var: zəngin və yoxsul. Zəngin olanlar tez-tez efirlərə gedən, çəkilişlərdə olan, xalq tərəfindən sevilənlərdir. Bilirsiniz, bu ad məsələsi sovetdən qalma şeylərdir. Bizimkilər onu daha da pis vəziyyətə qoydular, Fatma Abdullazadənin Azərbaycan mədəniyyətinə vurduğu ziyanı heç kəs vurmayıb. İllərlə orada oturdu və onun qədər mədəniyyətə ziyan vuran ikinci bir adam olmadı. O vəzifədə olanda da həmişə deyirdim, nolsun, səsim heç yerə çatmırdı. əsl sənətə qiymət vermək lazımdır. 40 il toyda oxuyanlar, pul qazanıb villa tikdirənlər də sənətdən danışır, Yusif Eyvazov da sənətdən danışır. Y.Eyvazov sənəti böyük sənətdir, o dünyəvi sənətkardır. El şənliklərində oxuyanlar çıxıb deyirlər ki, 40 ildir sənətdəyəm. Nə sənəti? Hansı sənətdən söhbət gedir, sən 40 ildir toyxanadasan, sənətdə yox. Pulla başladılar ad almağa, hər şeyi qarışdırdılar. Azərbaycan mədəniyyətini bərbad vəziyyətə saldılar.

– Sizin də qeyd etdiyiniz kimi, fəxri adların Sovet dövründən qaldığını bildirib onun ləğv edilməsini təklif edənlər var. Sizcə, bu adlar ləğv edilməlidirmi?

– Əlbəttə! Amerikada Xalq artisti var?! Mel Gibson Amerikanın Xalq artistidir? Bu Sovet dövründə olub. Mən hazırda fəxri ad verilməsinin tərəfdarı deyiləm, ləğv edilsin. Hər bir adam öz sənətinin qüdrətinə görə hörmət qazanmalıdır.

– Bəzi sənət adamları fəxri ad almaq üçün ölkə başçısına şəxsən müraciət edirlər. Sənətçilərin öz dilləri ilə fəxri ad istəməsini necə qiymətləndirirsiniz?

– Bilirsiniz, onları da qınamaq olmur. Bir də görürsən ondan səviyyəcə aşağı adamlar gedib hansısa yolla fəxri ad alır. O da qalır qıraqda, düşünür ki, mən 30-40 ildir bu sahədə çalışıram, əmək sərf edirəm, necə olur bu biri səhnəyə dünən gəlib, amma xalq artistidir? Belə ədalətsizliklər olur, ona görə də məcbur qalıb özləri müraciət edirlər. Bizim vaxtımızda heç bir sənətçi ada görə kiməsə müraciət etmirdi. Bizim xəbərimiz olmurdu, bir də bilirdik ki, bizə fəxri ad veriblər. Şəxsən mən neçə dəfə ad almışam, qəzetdə görəndə bilmişəm ki, mənə hansısa titul veriblər. O vaxt adlar obyektiv verilirdi. İndi də elə şərait yaradılmalıdır ki, fəxri ad almaq üçün siyahı təqdim ediləndə düzgünlük olsun. Ümid edirəm, yeni mədəniyyət nazirimiz bütün bunları nəzərə alar.Yenisabah.az

Facebook Comments