Məhəmməd Əmin Rəsulzadə: “Gələn rus ordusudur…” – Nəsiman Yaqublunun yazısı

1920-ci ildə Azərbaycan işğal ediləndə və azərbaycanlı bolşeviklər bu hadisəni “Aprel inqilabı” kimi toy-bayram olaraq qeyd etməmişdən öncə Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadə parlamentin son toplantısında çıxış edərək həmin işğalın çox obyektiv təhlilini vermişdi.

O zaman da Azərbaycana daxil olan XI ordunun qarşısında bir türk olan Nicati bəyi təyin etmişdilər ki, xalqda sakitlik yaransın.İndi sülhməramlı rus qüvvələrinin komandanı bir dağıstanlı Rüstəm bəy təyin edilib.

Bu əslində həm də ermənilərin növbəti revanşıdır.Azərbaycan ordusuna döyüş meydanında uduzmuş ermənilər indi yenə tarixi himayədarlarının əlindən tutub doğma Qarabağımızda iddialarını davam etdirmək istəyirlər.Bizim nəzarətimizdən kənar olaraq ermənilərin bu gün Xankəndinə qaytarılması hansı məntiqə uyğundur? Rusiya Prezidenti V.Putin Azərbaycan dövlət başçısı ilə dünənki söhbətində boşaldılan ərazilərdə xristian kilsələrinin qorunması vacibliyini vurğulayır.Lakin elə onun “sülhməramlı” qoşunlarının gözü qarşısında Kəlbəcərdən çıxan ermənilər evləri yandırıb xaraba qoyur. Hələ məscidlərimizin, mədəniyyət abidələrimizin və yaşayış binalarımızın xarabalıqlara qoyulması faktını da buraya əlavə edirəm və cənab Putini obyektiv olmağa səsləyirəm. Ən azı cənab Putin ixtisasca hüquqşünasdır və bu məqamlardan yetərincə məlumatlıdır. Unudulmamalıdır ki, sülhməramlılar Azərbaycan ərazisindədir və bu ölkənin qanunlarına hörmətlə yanaşmalıdır.”Dağlıq Qarabağ” ərazisi yoxdur və bu ifadə onların leksikasından silinməlidir.Nəhayət, sülhməramlıların yanında Azərbaycanın hüquq mühafizə orqanları da fəaliyyətə başlamalıdır.Dünən Xankəndinə qaytarılan bir erməni isə sülhməramlıya baxıb “Arsax” deyir və yenə bizim hüquqlarımızı pozmağa, separatçı davranışını davam etdirməyə çalışır.Dünənədək bizə silah işlədən separatçının və terrorçunun Xankəndində nə işi var? Bəs sülh məramlılar hara baxırsınız? Düşünmürsünüzmü ki, bu növbəti münaqişələr üçün yeni bir yol açır? Bəs bizim vətəndaşlar da buraya qayıdacaq və onların təhlükəsizliyi üçün niyə indidən narahat olmursunuz?

Bütün bu sullardan sonra o fikrə qayıtmaq məcburiyyətindəyəm ki, M.Ə.Rəsulzadə çox haqlı idi fikirlərində:”gələn rus ordusudur”. Ancaq istərdik bu ordu həqiqətən sülhməramlı olsun.

Yazımı M.Ə.Rəsulzadənin 1920-ci ilin 27 aprelində XI Ordunun Azərbaycan sərhədlərini işğal edərkən parlamentin son iclasındakı çıxışı təqdim etməklə yekunlaşdırıram.

M.Ə.Rəsulzadənin çıxışı: “Əfəndilər, mötəcaviz(təcavüzkar) bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbğil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu propaqanda(təbliğat) düşmən propaqandasıdır. Bizi iğfal ediyorlar. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən(tutaq ki,) komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcazivanə ultimatumu rədd etməliyik…

İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə(libasına) bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır…”

Facebook Comments