Məcburi köçkünlərdən evlər geri alınacaq – BU HALDA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə məcburi köçkünlərin yaşamadıqları mənzillərin boşaldılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sozcu.az-ın xəbərinə görə, Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dövlət tərəfindən verilmiş mənzildə faktiki yaşamayan məcburi köçkünlərin aşkar edilməsi və müvafiq hüquqi tədbirlərin görülməsi üçün iş aparılır.

Qeyd olunub ki, hazırda belə faktlarla əlaqədar 40-a yaxın iş məhkəmə baxışındadır.

“Məcburi köçkünlərə müvəqqəti yaşayış sahələrinin verilməsi və ondan istifadə qaydaları Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun həyata keçirilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir” – bildirilib.

Qeyd olunub ki, ümumiyyətlə, məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməsələr, kirayə müqaviləsinə xitam verilir: “Belə ki, məcburi köçkünün xüsusi dövlət fondundan ona verilən yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Eyni zamanda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər”.APA

Facebook Comments