Masallıda AXCP-nin toplantısının keçirilməsinə imkan verilməyib

Partiyanın sədr müavinini polis rayondan çıxarıb

Mayın 20-də Masallıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) cənub rayon təşkilatlarının müşavirəsinin keçirilməsinə imkan verilməyib. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı Masallıda saxlanılaraq rayondan çıxarılıb.

Bu barədə Meydan TV-yə Fuad Qəhrəmanlı özü danışıb. Deyib ki, saat 3-də Masallı rayonunda partiyanın cənub regional müşavirəsinin keçirilməsi planlanmışdı. Ancaq buna imkan verilmədi:

“Tədbir rayonun Xətai bağında keçiriləcəkdi. Əvvəlcə yer verilməsi üçün rayon rəhbərliyinə müraciət etmişdik. Onlar yer verməyəndən sonra, məcburiyyətdən çayxanaların birinə toplandıq. Tədbirimiz baş tutmadı, çünki müşavirəyə gələn rayon təşkilat rəhbərləri öz rayonlarında polis tərəfindən saxlanıldılar. Onlar Masallıya gəlib çıxa bilmədilər”.

F. Qəhrəmanlı bildirir ki, bu zaman ərzində Masallı polisi də boş durmayıb. Onları çayxanada saxlayıb. Onu yerli şöbəyə aparıblar:

“İdarənin Habil adlı rəisi heç bir halda toplantının keçirilməsinə imkan verilməyəcəyini və israr etsək, qarşıdurma yaranacağını söylədi. Rəisə dedim ki, məni saxlayın və siyasi fəaliyyətin rəsmən qadağan olunduğu məlum olsun. Ancaq o əlavə etdi ki, istəsəniz də, müşavirə olmayacaq, çünki çayxanada heç kim yoxdur. Sonradan öyrəndim ki, bağda olan cəbhəçiləri dağıdıblar. Biləsuvar, Lənkəran və digər rayon təkilatlarının rəhbərləri yerli polis şöbələri tərəfindən saxlanılıb”.

F.Qəhrəmanlı hazırda rayon polisinin müşayiətilə Bakıya qayıtdığını bildirib.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Masallı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bu barədə nəsə demək səlahiyyətlərinin olmadığını söyləyiblər.

Masallı Rayon Polis Şöbəsindən də hələlik, məlumat almaq mümkün olmayıb.

Sozcu.az