Marşrutnamə və ya …

Pərvanə 

İctimai nəqliyyatda niyə mədəniyyətsizik ?!

Məni tanıyanlar yaxşı bilir ki, müşahidəni və bu müşahidələr arasında mənə həm maraqlı,
həm problemli, həm də müzakirəyə ehtiyacı olanlarını sosial şəbəkələrdə paylaşmağı
xoşlayıram. Bunu paylaşdığım və “Marşrutiyyə”, “Marşrutnamə” adlandırdığım yol
qeydlərimi oxuyan dostlar daha yaxşı bilirlər.  Mən bununla həm içimdəki ağrıları
azaldır, həm də düşünürəm ki, bəzi problemləri sosiallaşdırmaq onun həllinə müəyyən
qədər kömək edə bilər. Bu “Marşrutnamə”ni də müşahidə etdiyim bir yol əhvalatı
əsasında yazmaq qərarına gəldim.

Tıxaclardan qurtarmasa bir təhər,
Bu yollarda öləcəyəm bir səhər…

Son zamanlar hər yol getdiyimdə nə vaxtdansa, hardansa yaddaşımda ilişib qalmış bu
misraları xatırlayıram və bu misralar sizə söhbətin nədən gedəcəyini bildirdi yəqin ki.

Onu deyim ki, basabasların yayı, qışı olmur, ancaq yay basabasları, istiliyi nəzərə alsaq,
daha acınacaqlı halda olur. Lakin havaların soyuması yol tıxaclarını artırmış və sərnişin
avtobuslarındakı basabasları daha da əndazədən çıxarmışdır. Avtobus qapılarını
bağlanmağa qoymayan bu basabaslar əksər vaxtlarda söz və əl davası meydanına çevrilir.
Basabasda yaranan mənzərəni müşahidə etdikcə, insanlara haqq qazandırdığım anlar da
olur… Axı, onlar evlərinə tez çatmaq, bir stəkan isti çay içib, Allahın verdiyi bir qismət
çörəkdən dadıb, isti ocaqlarında dincəlmək istəyirlər. Bu haqları olsa belə, bu basabaslar,
tıxaclar bizim  davranış qaydalaramızı, mədəniyyətimizi, böyük-kiçiyə münasibətimizi
alt-üst etməlidirmi? Axı hər şeydə bir limit olmalıdır. Tutaq ki, başbilənlər, pul hərisləri
üçün bu limit sərf etmir və ona görə də  iki avtobusluq adamı bir avtobusa mindirməklə
bizləri təbdən çıxarırlar, insanları düşünmürlər. Bəs biz?  Axı biz bu yarımsaatlıq yolu
əzabla getməzdən öncə bağçada, məktəbdə, ailədə müəyyən öyüd-nəsihət, tərbiyə
almışıq. Axı birimiz müəllim, birimiz həkim, birimiz işsiz, birimiz bazarda xırdavatla
məşğul olan olsaq da, bir millətin övladlarıyıq. Niyə birimizin xoş sözü belə bu
basabaslarada o birinin  boğazından keçmir? Bəs öyündüyümz dəyərlər, qazandığımız
mədəniyyət harada qalır belə anlarda? Bəlkə, biz yalnız bizi tanıyanların yanında mədəni
olmağa çalışırıq? Niyə insanlar işıqları uzaqdan sayrışan avtobusları  ac insan çörək
gözləyən kimi gözləməlidirlər? Niyə qapısı açılan avtobuslara insanlar qızıl küpü ələ
keçirəcək kimi doluşmalıdırlar? Bu suallara cavab arayırdım ki, “evinə tələsən kütlə”
ayaqlarımı yerdən üzüb məni avtobusun içərisinə atdı… İçəri soxulanlar cənnətə qəbz
alanlar kimi sevinirdilər. Elə bu an şişman bir qadın özünü avtobusa pərçimlədi

və qapının bağlanmasına da imkan verməyərək hay-küy etməyə başladı: “Keçin də bu
xarabanın ortasına… Allah sizi qırsın, qırıldıq axı burada!”. Səslər gəldi: “Biz qabaqda
düşəcəyik”. Qadın yenə özünə yaraşmayan səslə ”Yox, desənə mən bu gecə avtobusda
yatacam!”- deyib, adamları basdalaya-basdalaya özünü düz mənim yanıma çıtdırdı.
Hikkəsindən, sir-sifətindən və hər cümləsinin sonunda işlətdiyi “xoş” ifadələrdən əməlli
– başlı “vorzakon”a oxşayan bu qadın yenə də donquldandı:  “Necə pərçimlənib e… Yol
da vermir keçəsən köpək qızı…”. Digər qadın: “Xoşun gəlmir, taksi ilə get”- deyən kimi
qadının səsi avtobusu götürdü başına: “ Getmirəm… Öz maşınım da var, amma əcəb edib
avtobusla gedirəm!Yoxsa elə bilirsən sənin kimilərinə görə avtobusa minməyəcəm?!”.
Yandakı qadın sakitcə “Allah səni güldürsün”- dedi. Şişman qadın yenə səsini ucaltdı:
“50-60 min artıq pulun ola, vurub öldürəsən beləsini, sonra da pulunu verib qurtarasan
canını …” Adam öldürməyə belə hazır olan bu şişman sərnişinə ürəyimdən keçən bir-iki
söz demək istədim. Amma hikkəsindən, xoş olmayan, ədəbdənkənar sözlərindən
çəkindiyim üçün öz-özümə bunları pıçıldamağa məcbur oldum: “Ay adam, əvvəla sən
qadınsan, sonrası isə sən axı Azərbaycan qadınısan!.. Bəs ədəb-ərkan, bəs etika, bəs
mədəniyyət ? Ən başlıcası isə bəs İNSANLIQ”?!