“Mançester Yunayted” Poqbanı satmağa razılaşdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba bu yay komandasını dəyişəcək.

Sozcu.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, “qırmızı şeytanlar” fransalı futbolçunu satmağa hazırdır. Rəhbərlik və baş məşqçi Ole-Qunnar Sulşerə getmək istədiyini deyən 26 yaşlı oyunçu bu qərarının müzakirə olunmasını istəmədiyini bildirib.

“Mançester Yunayted” rəhbərliyinin Poqbanın qərarına hörmətlə yanaşdığı və onu buraxmağa hazır olduğu deyilir. Ancaq rəhbərlik futbolçudan əvəzinə yeni oyunçu tapana kimi gözləməsini istəyib. Hazırda Poqbanın yerinə əsas namizəd “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç hesab olunur. Lakin İtaliya klubunun serbiyalı oyunçu üçün 120 milyon avro təzminat tələb etməsi mankunyanları çətin vəziyyətdə qoyur.

Qeyd edək ki, Poqbanın keçidi ilə bağlı iki dəfə “Mançester Yunayted”ə müraciət edən “Real” rəsmiləri tezliklər danışıqların başlayacağına ümid edir. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan öz həmyerlisini komandasında görmək istəyir.(Qol.az)