Məktəblərdə dinin tədrisi lazımdırmı? – TƏHLİL

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.

Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli Orta məktəblərdə dinin tədris olunmasını yaxşı hal hesab edir:

“Orta məktəblərdə dinin tədris olunması çox yaxşı haldır.

Din hər bir insanın – fərqi yoxdur, ateist olsun, yoxsa dindar, – hər kəsin həyatına bu və ya digər şəkildə təsir edir. Çünki din ictimai münasibətlərin formalaşmasına təsir göstərir. Ən azı yaxın bir neçə yüz il ərzində bu təsir böyük olaraq qalacaq.

İnsanların inancına hörmət etməli olduğumuzu hər kəs qəbul edir. Bəs, insanların kortəbii olaraq yox, oxuyaraq, öyrənərək, bilərək şüurlu seçim edə bilməsinə niyə etiraz edilsin ki?!
Əjdadlarımız min il boyu ibadət etdiyi kitabda nə yazıldığını bilməyiblər. Çünki tərcümə qadağan olunub. Ona görə əfasanələr, nağıllar uydurublar, yaxud uyduranlara inanıblar. Bumu yaxşıdır?!

Xurafatçılığın, fanatizmin yayılmasının da əsas səbəblərindən biri əksəriyyətin, xüsusən dindarların din haqda hərtərəfli təsəvvürünün olmamasıdır.
Din tədris olunmalıdır, özü də tək İslam yox. Atəşpərəstlikdən tutmuş, buddizmə qədər bütün kütləvi dinlərin öyrədilməsinə ehtiyac var. Dinin tarixi, təyinatı, dinlərin fərqi izah edilməlidir. Səmavi kitablardakı həyat fəlsəfəsinin təkamül nəzəriyyəsindən fərqi izah edilməlidir.

Bunları bilən insanın, bütün bunları bildikdən sonra etdiyi seçim daha məhsuliyyətli və daha şüurlu olacaq. Bu, bəşəriyyətin xeyrinə işləyəcək”.

Sozcu.az saytının rəhbəri Elşən Əlisoy bu sahədə milli kadrların hazırlanmadığı üçün məktəblərdə dini tədrisin təhlükəli olduğunu bildirib:

“İslam dini Azərbaycan dövlətinin ana xəttindən biridir. Bayrağımızda millilikə birgə dinimiz də göstərilib. Din ideologiyamızın ana sütunlarından biridir. Ancaq məktəblərdə dinin tədris edilməsi haqlı olaraq bir çox insanlarımızı narahat edir.

Nədir bu narahat edən səbəblər?

Başqa dinlərdə olduğu kimi İslam dini də müxtəlif təriqətlərə və məzhəblərə bölünüb. Bu cərəyanların heç birinin təbliğat mərkəzi Azərbaycan deyil. Azərbaycanda bu günə qədər dini təbliğat əsasən kənar dövlətlərdən gəlib. Azərbaycan dindarlarının böyük əksəriyyəti başqa dövlətdə olan din xadimlərinin kitablarından yararlanır və təqlidləri də ölkədən kənarda olan ruhanilərədir. Din insanın mənəvi məsələsi olduğu üçün, bunun kənar əllərdə olması çox təhlükəli bir haldır.

Azərbaycan dövləti müstəqillik dövründə ciddi dini tədris mərkəzləri yaratmadığı üçün bu sahədə milli kadrları çox azdır. Bun görə də, kənardan idarə olunan insanları məktəblərə cəlb etmək təhlükəli bir iş olar. Məktəblərdə isə dini tədris edən, məzhəblərə, təriqətlərə bağlı olmayan bu sahədə savadlı kadrlar çox azdır. Buna görə də, yaxşı olardı ki, kadr bazasını hazırladıqdan sonra bu qərar verilsin.

Bundan başqa, məktəblərdə dini tədrisin hansı əsaslar üzərində keçiriləcəyi barədə ciddi qərarlar verilməlidir. İslamın şərtləri təriqətlərdə müxtəlif formadadır. Üsuliddin və firuddin məsələsi islam təriqətləri arasında ən ciddi bölünməyə gətirib çıxaran bir məsələdir. Bunu hansı təməl üzərindən keçəcəklər?

Rəhbərin şura ilə seçilməsi yoxsa, nəsildən-nəsilə ötürülməsi – imamət məsələsi necə olacaq? Ümumiyyətlə bunlar tədris ediləcəkmi? Ediləcəksə bölücülük elə məktəblərdən başlayacaq.

İslam dininin tarixi mübahisələrlə doludur. Bunu milli maraqlarımıza uyğunlaşdırmağı bacaracağıqmı? Bacarmayacağıqsa bu da ciddi problemlər yaradacaq.

Buna görə də, hesab edirəm din tədris ediləcəksə, tək islam dini ilə bağlı yox, ümumiyyətlə əsas dinlər barədə ümumi məlumatlar keçirilsin. Təbii ki, hər birimizin dinimiz barədə ümumi məlumatı olmalıdır ki, başqa cərəyanların “yeminə” çevrilməyək. Həm də, kimin istəyib- istəməməsindən aslı olmayaraq din bir çox insanın qəbul etdiyi bir inanc və dövlətimizin bayrağında göstərilən ideologiyadır. Məncə kadr bazası hazırlanmadan və dinlə bağlı vətənpərvərliyində bir yerdə tədris edilməsi proqramı hazırlanmadan, birdən birə dinin tədrisini tətbiq etmək yaxşı nəticə verməyəcək. Gərək bu vaxta qədər gecikməyib, kadrlarımızı hazırlayardıq”.

Sozcu.az