M. İmanov: İrakli Okruaşvili və Şalva Natelaşvili dərhal 500 minlik azərbaycanlılardan üzr istəməlidir

“Borçalı İrəli İctimai Birliyi”nin sədri Məhəbbət İmanov gündəmdə böyük müzakirəyə səbəb olan “Leyboristlər” partiyasının sədri Şalva Natelaşvilinin və keçmiş müdafiə naziri İrakli Okruaşvilinin yerli Gürcüstan azərbaycanlılarının ünvanına təhqiramiz sözələrini qınayıb.

Sozcu.az xəbər verir ki, M. İmanov iki siyasətçinin də dərhal üzr istəməsinin mütləq olduğunu bəyan edib.

M. İmanov yerli Gürcüstan azərbaycanlılarının min illərdir ki, bu torpaqlarda yaşadığını və gürcü xalqı ilə hər zaman Gürcüstanın azadlığı uğrunda mübariza apardığını qeyd edib.

“Keçmiş müdafiə naziri İ. Okruaşvilinin sərsəm bəyanatına cavab olaraq qeyd etmək istəyirəm ki, Gürcüstan azərbaycanlıları min illərdir bu torpaqda yaşayıb və gürcü xalqı ilə birlikdə azadlıq uğrunda mübarizə apararaq ölkənin suveren həyat və dirçəlişində hər zaman iştirak edib və mübarizə aparıblar”.

O, qeyd edib ki, İ. Okruaşvilinin bu cür bəyanatı iki ölkənin müttəfiqliyinə və qonşuluq siyasətinə ziddir.

“Gürcüstan azərbaycanlıları Gürcüstanın tam hüquqlu vətəndaşlarıdır və bizim xalqın gürcü xalqı ilə birliyi və həmrəyliyi region üçün böyük əhəmiyyət kəsb edir. İ. Okruaşvilinin bu cür bəyanatı iki ölkənin müttəfiqliyinə və qonşuluq siyasətinə ziddir. İ. Okruaşvili son zamanlar siyasi arenaya çıxmaq üçün bu cür təxribat yönlü bəyanatlarla gündəmə gəlmək istəyir”.

M. İmanov hər iki siyasətçinin 500 minlik yerli azərbaycanlılardan üzr istəməklərini tələb edib.

“Həmçinin Leyboristlər partiyasının sədri Şalva Natelaşvilinin Azərbaycan xalqı və dövləti haqqında absurd fikirləri onu sübut etdi ki, “siyasətçinin”cənubi Qafqazın tarixi haqqında bildikləri sıfıra bərabərdir. Ş. Natelaşviliyə xatırlatmaq istəyirəm ki, cənubi Qafqaza sonradan gəlmiş yad bir ölkə varsa qondarma Ermənistan respublikasıdır. Hər iki “siyasətçi” 500 minlik Gürcüstan azərbaycanlılarından təcili üzr istəməlidir”.