Mən Qarabağam!

Əcnəbi telekanallardan birində Azərbaycanla bağlı reportaj hazırlanması üçün jurnalistlərdən birinə tapşırıq verilir.

Bu tapşırığı alan jurnalist xəritədə Azərbaycanı tapır və müəyyən məlumatlar alır bu məlumatlar içərisində Qarabağ münaqişəsi haqqında da oxuyur.

Reportaj hazırlamaq üçün Bakıya gələn jurnalist Heydər Əliyev hava limanında bir nəfərə yaxınlaşır, mikrofonu uzadır və özünü təqdim etməsini istəyir. Cavab onu təəccübləndirir: “I am Karabakh”. (Yəni “Mən Qarabağam”.)

Jurnalist paytaxtın gəzməli görməli yerlərində (Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Neft daşları, Bakı Metrosu, Milli park, Yanar dağ, Atəşgah, Qobustan) kimə yaxınlaşırsa eyni cavabı alır: I am Karabakh.

Daha sonra bu əcnəbi jurnalist Azərbaycanın müxtəlif bölgələrinə yollanır.
Qazaxda Göyəzən dağı
Mingəçevirdə avarçəkəmə bazası
Şamaxıda Qafqazın ən qədim məscidi
Gəncədə Nizaminin məqbərəsi
Qubada Qırmızı qəsəbə
Lənkəranda çay plantasiyaları
Füzulidə Lələ-təpə
Şəkidə Xan sarayı
Və s…

Bütün Azərbaycanı gəzir və hamı bu jurnalistə bir cavab verir “ Mən Qarabağam”.
O yenidən Bakıya qayıdır bir az yorğun, bir az dilxor oturur bir səkinin üstündə və başını qaldırır ki, yazılıb “Tofiq Bəhramov adına stadion”. Stadionun qarşısından keçən bir nəfər onun diqqətini cəlb edir və fikirləşir ki, son cəhd edim bəlkə bu adamdan bir söz aldım. Arxadan onu çağırır…
Çağırılan adam, “Qarabağ” klubunun kapitanı Rəşad Sadıxov arxaya çönür. Avropalı jurnalist mikrofonu uzadan kimi eyni sözü eşidir: I am Karabakh.

Jurnalistin təəccübünü görən Rəşad onun qoluna girib meydançaya aparır.

Meydançadakı məşq edən oyunçular da bir nəfər kimi I am Karabakh deyir.

Daha sonra tribunada toplaşmış fanatlar I am Karabakh deyir.

Bundan sonra “Qarabağ” klubunun müxtəlif Avropa oyunlarından kadrlar ekrana gəlir, dolu tribunalardan Ağdamın indiki halını əks etdirən fotolara keçid edilir. Sonda ingilis dilində belə bir titr:
“Ruhlar şəhərinin komandası – “Qarabağ”

Bu, bir dəqiqəlik video-çarxın ssenarisidir. 4 ildir ki, hazırlamışam və reallaşdırmaq istəyirəm. Çox adam baxıb, bəyənib. Müxtəlif səviyyələrdə… Amma heç kəs çəkilməsi üçün dəstək olmayıb…

Planlaşdırırdım ki, bu videoçarxı sosial şəbəkədə yayanda xahiş edərdim ki, bütün sosial şəbəkə istifadəçiləri bunun ardınca – “I am Karabakh” yazıb YouTube kanalına, ya da Facebook səhifəsinə yerləşdirsin. Yaxşı olardı. Amma olmur.

Əgər “Qarabağ” komandası kimi bir reallıq ermənilərin əlində olsaydı onlar bu fürsəti qaçırmazdı. Biz isə qaçırırıq. Və sonra da ermənilərlə informasiya müharibə aparmaq barədə danışırıq. İş görmürük ha, danışırıq.

“Qarabağ” yenə çempion oldu. Yenə Avropada oynayacaq. Təbrik edirəm. Daha başqa nə deyim ki…

Asəf QULİYEV