“Mən ölülər tərəfindən idarə olunmaq niyətində deyiləm” – Əkbər Nəcəf

İZlayihəsi

Bu gündən “İZ” adlı yeni layihəyə başlayırıq. Azərbaycan tarixində, mədəniyyətində, ədəbiyyatında, siyasi həyatında önəmli yerə malik insanları danışdıracaq və onların baxışlarını, özünə məxsus düşüncələrini öyrənməyə çalışacağıq. Birinci müsahibimiz tarixə, tarixçiliyə, onun fəlsəfəsinə özünəməxsus baxış bucağı olan Əkbər Nəcəfdir.

– Sizin üçün tarix nədir və ona necə izah verərsiniz ?

Ə.Nəcəf – Tarix bir elmdir və çox ciddi elmdir. Əgər meksikalı sənət-fəlsəfəçisi Manuel De Landaya qulaq versək, insanlıq ən azından son iki əsrdir tarixə həbs olmuş vəziyyətdədir. Çünki müasir elm təsəvvürü elə tarix üzərinə inşa edilib. Yəni hamı tarixə məhkumdur. Çünki hamının bağlı olduğu zaman anlayışı elə tarixi zaman anlayışıdır. Artıq tarix sadəcə humanitar elmlərə deyil, riyazi və mexaniki elmlərə də nüfuz edib. Bu mənada tarix demək içində yaşadığımız zaman və haqqında danşdığımız zamanlar deməkdir. Biz, yəni hazırda dünya üzərində yaşayan millətlər tarixin “zənciləri”dir. Və ehtimal ki, bizim hələ uzun müddət bu zənci həyatımız davam edəcəkdir.

– Tarixçi üçün önəmlı xüsusiyyətlər nədən ibarətdir ?

Ə.Nəcəf – Akademik tarixçiliyin çox ağır və dərin disiplin anlayışı var. Özünü bu çərçivənin içində görmək istəyən hər tarixçi bu disiplinlərə bağlı olmaq məcburiyyətindədir. Ancaq sevinərək qeyd etmək lazımdır ki, son 50 il ərzində tarix, tarixçilərin akademik cəfəngiyyatının kənarına çıxdı. Akademik tarixçilik tək bir mədəniyyətə, yəni Qərb mədəniyyətinə və onun elmi disiplinlərinə məhkum olmuş tarixçilikdir. Elə bu tarixçilik təsəvvürünü Qərb özü öldürdü. İndi tarix, akademiklərin səltənət sürdükləri dörd divara arasında yerləşən otaqlara sığmır. Tarix hər şey halına gəldi. Ağla sıxmayacaq dərəcədə tarixin araşdırma sahələri və prespektivləri genişlədi. Tarix özü mədəniyyətə çevrildi.

–  Hər kəs özünü tarixçi hesab edə bilərmi?

Ə.Nəcəf – Niyə də yox. Ancaq nəyin tarixçisi olacağına qərar vermək məcburiyyətindədir. Hələ də ideologiyaların zirzəmisində qalıb, determinizm yüklü ifadələrlə tarixdən danışacaqsa, bilin ki, o tarix anlayışı çoxdan ölüb. Bizim tarixçiliyimiz bu mənada ölü tarixçilikdir. Cəmil Meriç deyirdi ki, “diriləri ölülər idarə edir”. Mən ölülər tərəfindən idarə olunmaq niyətində deyiləm. Ona görə, yaşayan tarix şüuru ilə dünyaya baxmaq tərəfdarıyam.

– Bütün keçmişimiz tarixdirmi ?

Ə.Nəcəf – Anales məktəbinə qədər elə idi. Ancaq daha sonra gələcək də tarixin hökmü altına keçdi. Çünki politika, yəni dünyanın siyasi meyyarları tarixləşdi. Strategiya deyilən və hər şeyi analizləşdirən bir elmi baxış ortaya çıxdı. Bu strategiya tarix deməkdir. Bu da qeyd etdiyim kimi, dünyanın tarixi zaman anlayışına bağlı hala gəlməsindən qaynaqlandı. Maraqlıdır bu tarixi anlayışını modernizm yaratdı. Daha əvvəl belə bir tarix anlayışı yox idi. Biz indi hər şeyi tarixləşdirərək təsəvvür etmək məcburiyyətindəyik.

– Mövcud Azərbaycan tarixşünaslığında boşluqlar nələrdən ibarətdir ?

Ə.Nəcəf – Bilmirəm. Çünki mən özümü Azərbaycan tarixçünaslığının parçası hesab etmirəm, heç etmək də istəmərəm. Əgər qısaca bilmək istəyirsinizcə Azərbaycan tarixşünaslığı bir ideologiyadır. Ona edilən tənqidlər də ideoloji mahiyyətdədir. Biz elm kimi tarixə həsrət qalmışıq.

– Azərbaycanda tarixə metodoloji yanaşma varmı ?

Ə.Nəcəf – Sovet süzgəcindən keçmiş heç kimə yararı olmayan bir metodik baxış var. Heç kim də onun nə olduğunu anlamır. Hamıda texniki olaraq bir-birində alıb öz tədqiqatının girişinə yerləşdidir. Əgər bir millətin tarixi varsa, onun öz tarix təsəvvürü və metodik baxışı olmalıdır. Ümumi bir tarix elmi metodikasından bəhs etmək müstəmləkəçilikdir. Biz metodik olaraq o müstəmləkəçi zehniyyəti hələ də davam etdiririk. Tarix sahəsində istənilən bir müdafiə  işini açıb vərəqləyin buna əyani şahid olacaqsınız.

– Bütün ömrünüz kitablar arasında keçir, hədsiz dərəcədə oxuyur və araşdırmalar aparırsınız, bu işdə yeni olan tarixçilərə və araşdırma aparan şəxslərə nələri tövsiyyə edərdiniz ?

Ə.Nəcəf – Mən tarixi özüm üçün oxuyuram və araşdırıram. Ancaq nə səbəbdənsə hələ ki, tarixi özüm üçün yazmıram. Yazdıqlarımın demək olar ki, çoxu yorucu akademik üslubda əsərlərdir. Artıq belə əsərlərdən uzaqlaşmaq istəyirəm. Çünki o əsərlərin dövrü və zamanı keçdi. Allah nəsib edərsə bundan sonrakı fəaliyyətimi “tarix hüququ” (hüququn tarixi deyil, tarixin hüququndan bəhs edirəm), “tarix morfologiyası”, “tarix ağlı”, “bio-tarix” kimi mövzulara sərf etmək istəyirəm. Mən özümü hər zaman Avropa mərkəzli tarixçiliyin qarşısında gördüm, ancaq bütün tarixçilər kimi mən də bu tarixçilikdən xilas ola bilmədim. Bu mənada posmodernist tarixçiliyin uğurları məni həyəcalandırır. Bizim cəmiyyətimizin əxlaqı, baxışı, davranışları, hətta siyasətimiz belə postmodernizmə uyğundur, sadəcə, cəsarətli birinin çıxıb bunu etiraf etməsi və buna uyğun elmi bir baxış formalaşdırması lazımdır. Çünki biz tarix olaraq yaşadığımız həyatı deyil, inanmadığımız və inanmaq istədiyimiz tarixi mövzuları yazırıq və onu əzbərləyirik. Bu zülmdən xilas olmaq lazımdır. Modernizmin və müasir tarixçiliyin kitabı bağlandı. Bunu qəbul etməliyik. Elmi mərkəzlərlər bir bayquş yuvası halını almadan özünü determinist tarixçilik bataqlığından xilas etmək məcburiyyətindədir. Yeni tarixçilərin bu bataqlıqlara düşməməsini və düşməyəcəklərini ümit edirəm.

– Təhsil aldığınız zaman və ümumilikdə tanıdığınız tarixçilərdən kimlər sizin üçün daha təsirli olub ?

Ə.Nəcəf – Yaxşı müəllimlərim olub. Və bir o qədər də dünya səviyyəsində tarixçilərin elimi konfranslarında oldum. Ancaq mən tarixi fikrin izini sürmək həvəsində olmuşam, tarixçilərin deyil.

– Ümumtürk tarixşunaslığı üçün bir çox fundamental mövzularda araşdırmalar aparmısınız və çox maraq kəsb edib. Yeni hansı kitablar üzərində işləyirsiniz ?

Ə.Nəcəf – Mən ən çox yazan tarixçilərdən biriyəm. Bəlkə də mənim qədər əsər sahibi olan Azərbaycanda az tarixçi var. Doğrudur bu mənə maddi və prestij olaraq heç nə qazandırmır. Əksinə əzab verir. Çünki, ən çox 100 oxucusu olan bir ölkə intelegensiyasına səsləndiyimi bilirəm. Əgər bir cəmiyyətdə bir kitab ərsəyə gətirirsəniz və bu kitab bağlı olduğunuz ölkənin elmi mühitində heç bir tənqidi reaksiyaya məruz qalmırsa, demək ki, siz faktiki olaraq morqda yaşayırsınz. Doğrudur, mənim kitablarım haqqında tanıdığım elm adamları, dostlarım müsbət fikir səsləndirilər. Ancaq doğrusunu bilmək istəyirsinizsə bu fikirlər mənə çox gülməli gəlir. Kitab dediyimiz şey, haqqında tərif qoşacağınız sənət əsəri deyildir. Kitab döyüş meydanıdır. Mən oxuduğum bütün kitablarla döyüşmüşəm və hər biri haqqında da öz rəyim olub. Əgər mənim kitablarım birinin canını yandırırsa, oxuyarkən onu əsəbləşdirirsə, narahat edirsə deməli məqsədinə çatmışdır. Hələlik böyük susqunluğa səhifələr göndərməklə məşğulam. Öz xəyallarını bir vərəqə yazıb şüşənin içində dənizə buraxan uşaq kimiyəm.

– Tarixçilik sizin üçün zövqverici bir peşədir, yoxsa dərin amalları olan bir missiya ?

Ə.Nəcəf – Tarixçilik dərdir və əzabdır. Çünki böyük bir tarixi keçmişi olan kimliyə mənsub olub, cılız fikirlərin kölgəsində qalan tarix kitablarından insanın öz keçmişini oxuması xoşbəxtlik əlaməti deyildir. Tarixə hökm etmək üçün dünya haqqında hökm verməlisiniz. Dünya haqqında hökm vermək üçün də tarixi fikrə sahib olmalısınız.

Söhbətləşdi: Ceyhun Nəbi

Sozcu.az