“Mənə Qvardiola və Klopp qədər dəstək verilmədi” – Mourinyo

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo “Liverpul” və “Mançester Siti”nin çalışdırıcıları haqda danışıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 56 yaşlı mütəxəssis Pep Qvardiola və Yurqen Klopp qədər dəstəklənmədiyini deyib: “Klublar məşqçilərin arxasında dayansa, daha yaxşı nəticə əldə edərlər. Yurgen və Pepin iş şəraitinə sahib olmaq istərdim. “Liverpul”un start 11-liyinə baxın. Neçə futbolçu Klopdan əvvəl də vardı? Qvardiola cinah oyunçularından narazı olduğunu demişdi. Yaz transfer pəncərəsində bu mövqeyə 4 futbolçu aldı. Kladio Bravodan razı qalmadı və həmin günün səhərisi Ederson Moraesi heyətlərinə qatdılar. “Liverpul”u artıq 3 il yarım çalışdırsa da, heç bir kubok qazanmayan Kloppa davamlı dəstək nümayiş etdirilir. Komandasının bu il kubok qazanmaq üçün önəmli şansları var”.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcı “qırmızı şeytanlar”dakı vəzifəsindən ötən ilin dekabrında ayrılıb.(Qol.az)