Əli Xeyrcu Ərdəbilin təhlükəsizlik idarəsinə çağrılıb

Güneyli milli-mədəni fəal Əli Xeyrcu özünün “instagram” hesabında etdiyi paylaşımda Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsi tərəfindən bildiriş aldığını bildirib.

Bildirişdə Ə.Xeyrcunun 5 gün içində izahat vermək üçün vəkillə bərabər Ərdəbilin təhlükəsizlik idarəsinə müraciə etməsi istənilib.

Nadir hallarda görünən bu hadisə, Ərdəbil Apellyasiya Məhkəməsinin ilkin məhkəmənin Əli Xeyrcuya qarşı çıxardığı qərarına “kifayət qədər hüquqi əsasları olmadığı” barədə rəy verdiyi, milıli-mədəni fəalın istintaq nümayəndəsinin qanunsuz və telefon vasitəsilə çağırışlarına əməl etmədiyi bir vaxtda baş verib.

Ötən ilin dekabr ayında Ərdəbilin ikinci Cinayət Məhkəməsinin 110-cu şöbəsi, təhlükəsizlik məmurları tərəfindən öz evlərində tutuqlanan Əli xeyrcu və Meysəm Colanini “hay-küy və qarışıqlıq salmaqla ictimai asayişi pozmaq” ittihamı ilə hər birini 4 ay həbs və 20 qamçı cəzasına məhküm etmişdi.

Hər iki türk fəalın həbsindən sonra onlara qarşı daha iki ittiham irəli sürülmüş və baxılması üçün İnqilab Məhkəməsinə göndərilmişdi.

Xatırladaq ki, hər iki fəal Güney Azərbaycan şəhərlərində İran hökumətinin Ermənistanın Qarabağda işğalçılıq siyasətinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunmuşdular.

Sosial şəbəkələrdə yayımlanan video və fotoşəkillərdə görünür ki, təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün heç bir məhkəmə qərarı olmadan onun evinin divarından aşıb mənzilə basqın edərək, milli fəalı və onun ailə üzvlərini döyür və təhqir edirlər.

Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılandı. Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneyli tutuldu, döyüldü və həbs edildi. Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gündə davam etməkdədir.

Facebook Comments