Lavrovsayağı həyasızlıq: “Danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında deyib ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. Lavrovun mesajı Bakıya və Ankarayadır. Çünki, həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırki formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanması gərəkliyini bildirmişdi. Minsk Qrupunun 11 üzvü var. Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Lavrov isə “yox” deməklə bütün bu təşəbbüslərin üstündən xətt çəkərək, belə bir hədələyici cümlə də işlədib: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu qəbuledilməzdir”.

Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumat yoxdur. Halbuki, Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı. Yəni 1) hazırki format bizi qane etmir; 2) rəsmi Bakı Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarının müzakirəsini istəyir.

Elxan Şahinoğlu, politoloq

Facebook Comments