Laçında dalğalanan, Sumqayıtda dirəyə sarınan Azərbaycan Bayrağı -FOTO

Harada olmağımızdan aslı olayaraq bayrağımızın dalğalandığını görəndə qürur hissi keçirir, dünyanın ən gözəl bayrağı olan Azərbaycan Respublikasının Dövlət Bayrağı qəlbimizə bir iftixar hissi yaşadır. Ancaq, görünür Sumqayıtın icra başçısı Zakir Fərəcovun Dövlət Bayrağmıza qarşı antipatiyası var. Belə olmasa idi, üç rəngli müqəddəs bayrağmız Sumqayıt şəhərində dirəyə sarınmış vəziyyətdə qalmaz idi. Həm də, Sumqayıt şəhərində yerləşən  Heydər Əliyev Parkının qarşısında…

Sumqayıt sakinlərinin Sozcu.az-a verdikləri məlumata görə, Sumqayıtda Heydər Əliyev Parkının girişində olan Dövlət Bayrağının çox az hallarda dalğalandığını görürlər. Demək olar ki, əksər vaxtlarda Dövlət Bayrağı dirəyə sarınmış vəziyyətdə olur. Hazırda bir həftədən çoxdur ki, Dövlət Bayrağı qalın kəndirlərlə dirəyə sarınmış vəziyyətdədir.

Sakinlər bildirirlər ki, Bayraqla bağlı dəfələrlə Sumqayıt şəhər rəhbərliyinə irad bildirsələr də, bayrağın “dalğalanarkən səs salmasını” və “külək olan zaman cırılmasını” bəhanə edərək, Dövlət Bayrağına qarşı münasibətlərini bu cür dəyişməz olaraq davam etdirirlər.

Üç rəngli müqəddəs Bayrağımız milli heysiyyətimiz, vətəndaşlıq qürurumuz, dövlətimizin müstəqilliyi, xalqımızın mənliyi deməkdir. Milli qürurumuz olan bayrağımızı həftələrlə dirəyə sarınmış vəziyyətdə saxlamaqla, Zakir Fərəcov nə etdiyinin fərqində deyilsə, demək ki, ona həvalə edilmiş vəzifə əmin əllərdə deyil.

Zakir Fərəcov və onun komandası anlamalıdır ki, igid əsgərlərimizin qarış-qarış azad etdikləri torpaqlarımızda onun bu cür münasibət sərgilədiyi Dövlət Bayrağı dalğalanır və azad edilən torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandıran igidlərimizin bir çoxu şəhid, bir çoxu qazi olublar. Şəhidlərimizin qanları ilə ucalan Dövlət Bayrağımızı dirəyə sarınmış vəziyyətdə saxlamaqla şəhidlərimizin ruhlarını incitdiyinin fərqində olmayanlar dövlətin yüksək kürsülərində təmsil oluna bilməzlər.

Əslən Laçın rayonundan olan Zakir Fərəcovu və onun komandasını prezidentin Laçına etdiyi səfərin videosuna baxmağı tövsiyyə edirəm: Dövlət başçısı Laçında Dövlət Bayrağını qalın kəndirlərlə dirəyə sarımadı, onu öz əlləri ilə qaldırdı.

Sonda Sumqayıt şəhər rəhbərliyinə Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi haqqında Azərbaycan Respublikasının Dövlət Qanununda əks olunan bir neçə maddəni xatırladıram:

1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.

Bəxtiyar Vəhabzadə

Elşən Əlisoy

Facebook Comments