“Laçın keçidinə nəzarət əlimizə keçsə, Xankəndindəki qurdlar quzuya dönəcək…”

“Ermənistandan keçib gələn bir orduluq – 10 minlərlə erməninin arasında çox sayda terrorçunun olmamasına kim zəmanət verir?..”

“Çünki onların malaladıqları çat və boşluqlarda düşmənlərimizin bir müddət sonra partladılacaq “mina”ları gizlədilə bilər…”

Allah Qarabağ uğrundakı bütün müharibələrdə, o cümlədən son 44 günlük müzəffər savaşımızda şəhid olmuş hərbi və mülki vətəndaşlarımıza rəhmət eləsin!.. Qazilərimizə şəfa, cansağlığı versin!..

***

30 ilə yaxın işğalda qalan bölgələrimizin, xüsusən Qarabağın ürəyi – Şuşa şəhərinin işğaldan azad edilməsi böyük uğurdur… Allah Ali Baş Komandanımızı, dövlətimizi, ordumuzu qorusun!..

***

Kimlərsə gördüyümüz, bildiyimiz və xalqımızın, dövlətimizin, Vətənimizin gələcəyi üçün təhlükə törədə biləcək gerçəklikləri açıqladığımız bu cür yazılarımızı Azərbaycan dövləti və ordusunun Qarabağdakı son uğurlarına kölgə salmaq kimi anlayırsa, özləri bilər. Biz əminik ki, mövcud durumda qalibiyyətimizə gerçək kölgə salanlarla yanaşı, Yuxarı Qarabağ, xüsusən Laçın “dəhlizi” ətrafında gedən olay və proseslərdə görünən və görünməyən çat və boşluqları malalayanlar da təhlükəlidir… Bəlkə də ikincilər daha təhlükəlidir… Çünki onların malaladıqları çat və boşluqlarda düşmənlərimizin bir müddət sonra partladılacaq “mina”ları gizlədilə bilər… Necə ki, kürsülərinə sadiq kommunistlərimizin 1986-cı ildə Bakıda avtobusun partladılmasından, 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasından başlanan malalama siyasəti 1990-cı illərin əvvəllərində “demokrat”ların aşkarladığı “mina”larla üzə çıxıb torpaqlarımızın 25 faizinin işğalına səbəb oldu…

***

Hələ 1995-ci ildən başlayaraq o dövr üçün həm Qarabağın azadlığı, həm də haqq-ədalət uğrunda mübarizə mövzusundakı yazılarıyla cəmiyyətdə tanınan dəyərli həmkarım Nizami Süleymanoğlunun ideyası ilə birgə cilaladığımız bir cümləni bir neçə il ardıcıl Laçının qara “yubileyi” günlərində çalışdığımız “Təzadlar” qəzetinin manşetinə çıxarardıq:
“Laçın “dəhliz”i ermənilərə açıq qaldıqca Azərbaycan taleyi bağlı qalacaq…”

Mahiyyətini anlayanlardan ötrü o dövr üçün bu doğrudan da belə idi…

***

Əslində 44 günlük müzəffər savaşımızdakı Laçın rayon mərkəzini azad etmək cəhdi ikinci cəhd oldu. Çünki… 1992-ci ilin mayındakı işğalından təxminən bir ay sonra Laçının azadlığı üçün həm Kəlbəcər, həm də Qubadlı istiqamətlərindən hazırlıqlara start verildi. Şimal istiqamətindəki kəndlərin böyük əksəriyyəti iki ay müddətində azad olundu. Sentyabrın sonu – oktyabrın əvvəllərində isə bilavasitə Laçın rayon mərkəzinin azadlığı üçün əməliyyatlara başlandı. Təəssüf ki, ilk günlər uğurlu keçən əməliyyat qələbənin və ya Laçın rayonunun – Laçın “dəhlizi”nin iki addımlığındaykən xeyli xəyanət, hakimiyyət davası, bir az da milli(!) hərbi komandanlığın təcrübəsizliyi ucbatından dayandırıldı. Və sözsüz ki, xəyanətləri də, hakimiyyət davalarını da koordinasiya edən bu gün də hələ kökü tam kəsilməmiş “QRU”-“KQB” şəbəkəsi oldu…

***

Və o da maraqlıdır ki, 1992-ci il oktyabrın əvvəllərində Azərbaycan ordusunun həm şimal, həm cənub istiqamətindən durdurulduğu məntəqələr bu gün Rusiya sülhməramlılarının nəzarət etdiyi “dəhliz”lə təxminən eyni koordinatlardadır. Qubadlı istiqamətindən rəhmətlik Əliyar Əliyev Fətəlipəyə-Ağanus ərazisində – Laçın şəhərindən hava xətti ilə 2-3 km məsafədə müəmmalı şəkildə qətlə yetirildikdən sonra hücumumuz dayandı ki, hazırda elə həmin yerin yaxınlığında Rusiya hərbçilərinin postları qurulub… Kəlbəcər tərəfdən isə Laçın alayı, Laçın polis taboru Milli Ordunun digər hissələri ilə birlikdə yenə də Laçından hava ilə 2-3 km məsafədə yerləşən Qarıkaha və Sus kəndləri istiqamətinədək gəldikdən sonra “yuxarı”dan komanda gəldi ki, Laçına girmək olmaz, geri çəkilin… Hazırda şimal istiqamətindən Rusiya ordusunun postları məhz həmin ərazidədir…

***

“Laçın “dəhlizi” ermənilərə açıq qaldıqca Azərbaycanın taleyi bağlı qalacaq” narahatlığımızdan 25 il ötdü və Allaha min şükür, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun gözlənilməz müzəffər bir yürüşü sayəsində Şuşa və keçmiş Dağlıq Qarabağ ətrafındakı digər bölgələr kimi, Laçın rayonu da işğaldan azad edildi. Fəqət, Laçın rayonunun cəmi 3 kəndi döyüş yoluyla azad olundu. Qalan 123 kənd, bir qəsəbə və Laçın şəhəri isə Rusiyanın vasitəçiliyi ilə məlum 10 Noyabr bəyanat-razılaşmasına əsasən dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycanın nəzarətinə verilməli idi. Amma bir şərtlə. Gorus-Laçın-Şuşa-Xankəndi yolu boyu “Laçın dəhlizi” deyilən ərazidə Rusiya sülhməramlı kontingenti yerləşməli oldu. Amma bu o demək deyildi ki, Laçında və eni 5 km-lik “dəhliz”ə daxil olan kəndlərimizdə qanunsuz məskunlaşmış erməni əhali, hətta silahlı kişi və qadınlar qalsın. Təəssüf ki, Rusiyanın Azərbaycana sanki “Laçını, Kəlbəcəri, Ağdamı bizim sayəmizdə sülh yoluyla aldınız” minnəti ilə Laçın rayon mərkəzində də, “dəhliz” boyu yerləşən Zabux, Sus kəndlərində də ermənilər hələ də yaşamaqdadır. Və hazırda Azərbaycan dövləti və xalqı üçün problem yaradan əsas məsələ “Laçın dəhlizi”nin, eləcə də onun Ermənistanla sərhəddə Zabux kəndi yaxınlığında yerləşən sərhəd keçid məntəqəsinin də Rusiya ordusunun nəzarətində qalmasıdır. Bu azmış kimi, erməni mediasının yazdığına görə, “dəhliz” boyu və sərhəd-keçid məntəqəsində Xankəndindəki qondarma separatçı-terrorçu xuntanın qanunsuz “polisi”nin formasında olan ermənilər də görünür…

***

Bir məqam da diqqətə layiqdir ki, 10 Noyabr bəyanat-razılaşmasında dəqiq açıqlanmadı ki, söhbət Laçın “dəhliz”inin hava xətti ilə 5 km enindən gedir, yoxsa quru ilə… Məsafə quru xətti ilə olsa idi, Rusiya hərbçiləri indiki mövqelərdən Laçın şəhərinə bir neçə dəfə yaxın ərazidə durmalı idilər ki, bu da Milli Ordumuzun Gorus-Laçın-Şuşa yoluna xeyli nəzarətinə şərait yaradardı…

***

Xülasə, bu minvalla artıq 2 ay yarımdır ki, “Laçın dəhlizi” ndən keçid Rusiya hərbçilərinin nəzarətindədir. Və ən mənfi hal da odur ki, bu müddət ərzində Ermənistanla dövlət sərhədimizdəki 30 ilə yaxın müddətdə guya separatçı-terrorçu erməni xuntasının qurduğu nəzarət-buraxılış məntəqəsindən Azərbaycan Respublikası ərazisinə və əksinə keçən canlılar və texnika və s. haqda dürüst məlumatımız yoxdur. Rusiya Müdafiə Nazirliyinin rəsmən yaydığı məlumata görə, artıq “müharibə zamanı Qarabağdan qaçqın düşmüş” ermənilərdən 51 mindən çoxu Ermənistandan Xankəndinə qaytarılıb. Deyək ki, bu rəqəm qəsdən Rusiya və Ermənistan tərəfindən şişirdilib. Yəni, ən azı, 30 min məxluq keçib gəlibmi Azərbaycan ərazisinə. Həmin bir ordu boyda erməninin şəxsiyyəti Azərbaycanın müvafiq qurumları tərəfindən identifikasiya olunub, tanınıbmı? Bəlkə heç gələn savaş zamanı Qarabağdan köçmüş adi ermənilər yox, mülki paltar geyinmiş Ermənistan xüsusi təyinatlısı, yaxud Suriya və ya Livandan gələn terrorçudur?.. Buna kim zəmanət verir?..

***

Deyilənlərin hələlik gözə görünən gerçək nəticələrindən mediadan xəbər tuturuq. Bir gün sonra eşidirik ki, Fransanın deputatları, yaxud Ermənistanın filan nazirləri Xankəndinə gəlib iclas keçirdi. Ali Baş Komandan, Prezident özü də hələ yanvarın 6-dakı video-iclasda buna və Rusiya sülhməramlılarının bəzi digər missiyadan kənar davranışlarına yumşaq etirazlarını bildirdi, üstəlik, Ermənistana bir daha rəsmilərinin Azərbaycan torpağına gəlməməsi haqda sərt xəbərdar etdi. Lakin iranlılar demiş, çifayda… Artıq 20 gün keçib və işğalçı ölkədən separatçı-terrorçu xuntanın tör-töküntüləriylə görüşə Ermənistandan müxtəlif rəsmilər, o cümlədən nazirlər gəlməkdə davam edir…

***

Bəziləri deyir ki, yox, biz bilmirik, Laçındakı keçid məntəqəsinə Azərbaycan qurumları da nəzarət edir, ancaq erməniləri çox qıcıqlandırmamaq üçün bunu rəsmən açıqlamırlar. Və ya Şuşada da Xankəndinə gedənlərin Azərbaycan hərbçiləri tərəfindən yoxlanıldığını və bu günədək ermənilərin Qarabağa bir patron da keçirə bilməməsini söyləyənlər də var. Bəs elə isə,nədən Ali Baş Komandanın xəbərdarlığına rəğmən Ermənistan nazirləri, komitə sədrləri, eləcə də Qarabağ münaqişəsiniin Azərbaycandakı qırğınların əsas baiskarlarından olan terrorçu “Daşnaksütyun” partiyasının liderləri torpağımıza Xankəndinə, Əsgərana, Ağdərəyə gəlirlər?..

***

Deyirlər ki, dinməyin, yazmayın, xalqın emosiyalarını qızışdırmayın, ermənilər də bunu istəyir ki, Azərbaycanda hakimiyyətə qarşı etirazlar baş qaldırsın, hər şey zamanla yoluna qoyulacaq.

Biz də deyirik ki, ilan görən ala çatıdan qorxar. Bu xalq əsrlərdir Qarabağ xanına xəyanət edən Rustam Mədətovları, Bakıdakı kommunist rəhbərliyin bizlərə “susun, emosiyalara qapılmayın, səbirli olun” dediyi vaxtda Qarabağın faktiki Ermənistana birləşməsinin təməllərini qoyan Moskva nümayəndələri Volskiləri çox görüb. Odur ki, bu gün də xalq “sülhməramlı” Rustam Muradovdan, iki cümlə Azərbaycanın xeyrinə desə də, bir cümlə də Ermənistana “pas” atan Putin və Lavrovlardan ehtiyat edir…

***

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindəki mandatı və statusu konkret hüquqi sənədlərlə müəyyənləşməsə də, külli-aləmə bəllidir ki, keçmiş Dağlıq Qarabağın rus hərbçilər və ermənilərin nəzarətində qalan hissəsi, eləcə də Laçın rayonunun mərkəzi də daxil olmaqla “dəhliz” adlanan hissəsi de-yure Azərbaycan ərazisidir. Bu halda Rusiya qoşunları hansı hüquqla Laçın “dəhlizi”inin Ermənistanla sərhəd hissəsinin Azərbaycan tərəfindəki sərhəd-keçid məntəqəsinə də nəzarət etməli və bunda təkid göstərməlidir? Axı bura başqa ölkənin dövlət sərhədidir? Sülhməramlıların funksiyası yalnız həm ermənilərin, həm də azərbaycanlıların dəhliz boyu təhlükəsiz hərəkətini təmin etmək, atəşkəsin pozulmamasına nəzarətdir. Azərbaycanın dövlət sərhəddindən kimlərin keçib-keçməməsini onlar müəyyən edə bilməzlər. Azərbaycan Laçındakı sərhəd məntəqəsinə nəzarəti bərpa etməyə cəhd göstərirsə, amma Rusiya tərəfi bundan imtina edirsə, deməli, Kreml açıq-aşkar Laçın dəhlizi də daxil olmaqla keçmiş Dağlıq Qarabağın xeyli hissəsini faktiki işğal etdiyini etiraf edir…

***
Laçın “dəhlizi”ndən 28 illik işğal dövründə olduğu kimi, ermənilər istədikləri kimi Azərbaycana gedib-gələcəklərsə, daha Kəlbəcərdən Zəngilana- İranadək dövlət sərhədlərimizi bərkitməyin hansı əhəmiyyəti olacaq?…

***

Beləliklə, söylədiklərimizdən çıxan məntiqi nəticələr əsasında Laçın “dəhlizi” haqqındakı 25 il öncəki cümləmizi bu günə belə transformasiya etməli oluruq: “Laçın dəhlizi nəzarətsiz qaldıqca Azərbaycanın taleyi də müəmmalı qalacaq…”

***

Gözümüzün önünə 1988-1991-ci illəri gətirək… 1989-cu ilin iyulunda Qarabağ, o cümlədən Laçın ərazisində yerləşən sovet-rus ordusu indiki “dəhliz” vasitəsilə ermənilərin tikinti materilları adıyla Xankəndinə silah-sursat keçirməsini təmin etməyə cəhd göstərdi. Lakin Laçın camaatının ciddi müqaviməti sayəsində bu baş tutmadı. Amma hərbçilərin açdığı atəş nəticəsində 10-a yaxın soydaşımız yaralandı… Bundan sonra ermənilər Laçın dəhlizi üzərindən uçan vertolyot və kiçik yük təyyarələri vasitəsilə Qarabağa terrorçular və silah-sursat daşımağa başladı. Rus hərbçilərdən erməni vertolyotlarını vurmağı tələb etdikdə isə cavab verirdilər ki, Moskvadan bu haqda bizə yazılı əmr yoxdur… Nəticə göz qabağındadır. Xankəndinə, Şuşa və Xocalı ətrafına, Ağdərəyə kifayət qədər qüvvə yığan ermənilər torpaqlarımızın işğalına nail oldu…

***

Yəqin, hazırkı sülhməramlılar(?) da dövlət sərhəddimizi qanunsuz keçən Ermənistan rəsmiləri və terrorçu daşnakları buraxmamaq üçün Putindən yazılı əmr gözləyirlər… Amma o əmr gəlincə gec ola bilər…

***

Düzdü, Naxçıvana Meğri dəhlizinin açılıb fəaliyyətə başlamasına nail olmaq üçün də rəsmi Bakı da, Moskva da, Ankara da erməniləri mümkün qədər az qıcıqlandırmalıdır… Lakin bu, ermənilərin Yuxarı Qarabağa maneəsiz axını hesabına baş verməməlidir… Bu halda artıq fəaliyyətə başladığı elan edilən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də Qarabağda atəşkəsə nəzarət etməsinin Azərbaycan və Türkiyə üçün gerçək əhəmiyyəti tamamilə azalacaq. Çünki Ermənistandan Qarabağa gələn əsas yol – Laçın “dəhlizi” Rusiya və Ermənistanın nəzarətində olacaq…

***

Bütün hallarda çatları, boşluqları göstərməklə yanaşı, səbirli və təmkinli olaq. Onu da bilək ki, hazırda Azərbaycan cəmiyyətində ermənilərə, eləcə də rus hərbçilərə hədsiz nifrət yağmuru yaratmaq da gerçək hədəflərə çatmağımız yolunda maneə ola bilər…

***

Ümid edək ki, inşallah, “nəyi və nə vaxt etmək lazım olduğunu yaxşı bilən” dövlətimiz nəql etdiyimiz problemlərin də tezliklə həllinə nail olacaq… Və Laçın “dəhlizi”ndəki sərhəd-keçid məntəqəsinə nəzarət də əlimizə keçəcək. O halda Xankəndindəki separatçı-terrorçu xunta tör-töküntüsü də qınına çəkilib quzuya dönəcək və bir azdan əfv üçün yalvarmağa başlayacaq…moderator

Sultan Laçın

Facebook Comments