Lənkəranda 3 dəfə çox məhsul verən 4 yeni çay növü əldə edilib

Lənkəranda uzun illər aparılan tədqiqat işlərinin nəticəsi olaraq 4 yeni çay növü əldə edilib. Yeni növ çay əvvəlkilərdən 3 qat məhsuladarlığı ilə fərqlənir.

Bunun sayəsində çay sahələrindən mövsüm ərzində adi qaydada olduğu kimi 3-4 dəfə yox, 10-12 dəfə çay yığmaq mümkün olacaq.

Azərbaycanda çayçılığın inkişafı üzrə dövlət proqramına uyğun olaraq tədqiqat işləri davam etdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və KTN-nin Meyvəçilk və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çayçılıq filialının birgə apardığı tədqiqat işləri uğurlu nəticələr verib.

Professor Fərman Quliyev deyir ki, bu sortlar yüksək keyfiyyət göstəricilərinə görə, bu vaxta kimi yayılmış çaylardan fərqlənir. Bundan başqa yeni növ daha tez məhsul verir.

“Adi təsərrüftatlarda mövsüm ərzində cəmi 3-4 dəfə yığım aparıldığı halda, həmin sahələrdən ötən il 7 dəfə çay yığılıb. Bu il isə 9 dəfə yığım aparılacaq. Bu da yüksək məhsuldarlıqdan xəbər verir. Yeni sortlar Azərbaycanın iki seleksiya sortu ilə müqayisə olunaraq öyrənilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilən yeni sortlar sınaqdan keçirlərək təsdiq olunub.

Gələn ildən rayonlaşdırılacağı gözlənilən bu sortlar artırılaraq cənub rayonlarında çayçılıqla məşğul olan fermerlərə veriləcək”,- deyə professor bildirib.