“KXCP-nin qurultayında bu təkliflə çıxış etmişdim, hay-küy salıb imkan vermədilər”

“Bizim partiya sədrləri kresloda qocalırlar”

İyun ayının 9-da Müsavat Partiyası Gənclər Təşkilatının VII konfransı keçirilib.
 Konfransda gənclər gizli səsvermə ilə özlərinə yeni sədr seçiblər.

Sozcu.az-ın məlumatına görə, KXCP sədrliyinə namizəd, tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev Müsavat Partiyası gənclərinin konfranslarına münasibət bildirərkən qeyd edib ki, Müsavat Partiyasında baş verən müsbət yeniliklərdə başqan olaraq geri çəkilib yeniliyə imza atan İsa Qəmbərin də rolu qeyd olunmalıdır:

“Musavat partiyasının Gənclər Təşkilatında (MGT) partiya Nizamnaməsinə uyğun olaraq sədr dəyişikliyi olub. Əvvəlki sədr Abulfaz Sadigov estafeti həmkarı Elman Quliyevə ötürüb. Çoxları üçün bu adi məlumat sayıla bilər. Amma biləndə ki, partiyada bir şəxsin uzun müddətə sədr olması qadağandır və dəyişiklik nizamnamə tələbidir, onda bu dəyişikliyə diqqət və maraq artır…

Doğrusu deyim ki, mən Musavat partiyasında bu tələbin yalnız partiya başqanı vəzifəsi üçün olduğunu düşünürdüm. Amma bu yaxınlarda Arif Hacılı söhbət əsnasında bildirdi ki, Musavatda bir şəxsin nəinki başqan, hətta 2 dəfədən artıq rayon təşkilatının sədri olmasına da Nizamnamə yol vermir və bütün seçkilər gizli keçirilir. Bu tələb Gənclər təşkilatına da aiddir və bildiyim qədəri ilə orda yaş senzi də var. Yeri gəlmişkən partiya Nizamnaməsində bu dəyişikliyin baş verməsində başqan olaraq geri çəkilib yeniliyə imza atan Isa Gambarin də rolu qeyd olunmalıdır”.

Oqtay Gülalıyev qeyd edib ki, bəzi partiya sədrləri İlham Əliyevin uzun müddətə prezident kreslosunu zəbt etməsinə etiraz edir, digər tərəfdən özləri 20- 25 ildir partiyanın sədri vəzifəsini əldən vermək istəmirlər:

“Kimin nə deməsindən asılı olmayaraq mən bu təklifi dəstəkləyirəm. KXCP- nin illər öncə keçirilən Qurultayında bu təkliflə çıxış etmişdim. Düzdür, o vaxt Mirmahmud Mirəlioğlunun tərəfdarları bu təklifin keçməsinə hay- küy salıb imkan vermədilər (indi səbəbləri daha aydın görünür və partiya bunun ağrısını yaşayır- red.). Amma düşünürəm ki, özünü demokratik, sivil hesab edən bütün partiyalar və həm də şəxslər bu qaydaları qəbul etməlidir. Partiyanın rəhbər orqanlarına seçkilər gizli səsvermə yolu ilə keçirilməklə bir şəxsin 2 dəfədən artıq sədr olması qadağan edilməlidir. Bizim partiya sədrləri ilk növbədə bu qadağanı özlərində tətbiq etməyə güc tapmalıdırlar. Yoxsa, onlar bir tərəfdən İlham Əliyevin uzun müddətə prezident kreslosunu zəbt etməsinə etiraz edir, digər tərəfdən özləri 20- 25 ildir partiyanın sədri vəzifəsini əldən vermək istəmirlər. Kresloda qocalırlar, məqsədə doğru mübarizə aparmırlar. Hələ bəziləri lap qabağa gedib Elçibəyin, Rəsulzadənin şəkilini başı üzərindən asaraq öz alternativlərini dışlayır, partiyada vəzifəsindən və üzvlükdən azad edir (və ya etməyə çalışırlar). Təfəkkürləri, düşüncələri və hərəkətləri demokratiya ilə daban- dabana ziddiyyət təşkil edir. Sonra da həmin şəxslər durub ağız dolusu demokratiyadan, ədalətdən, cəmiyyətin inkişafından danışırlar. Demokratiyaya, inkişafa gedən yol həm də dəyişiklikdən, yenilikdən və prinsiplərə, dəyərlərə əməl etməkdən keçir…

Elman Quliyevə MGT- nın sədri seçilməsinə görə təbrik edir, fəaliyyətində uğurlar arzulayıram!”

Elşən Əlisoy