“KXCP adı altında Elçibəyin rəhbərlik etdiyi təşkilatın dəfn prosesi həyata keçirildi” -CEYHUN NƏBİ

Ceyhun Nəbi,

“Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi”nin sədri,araşdırmaçı yazar

1993-cü ildə Əbülfəz Elçibəy qiyam yolu ilə devrildikdən sonra rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi(AXC) çaşqınlıq içərisində idi. Yaranmış ekstermal situasiyada məqsədyönlü siyasi xətt götürən AXC ayaqda qalmağı bacardı və bir il sonra siyasi partiya çevrildi. Partiya daxili siyasi qütbləşmə mövcud idi. Klassik Cəbhə ideyasını əsas götürənlər və islahatçı kimi özünü təqdim edən “Yurd” qruplaşması rəqabətlilik mühiti yaratmışdı. Kələkidən partiyanın siyasi fəaliyyətinə yön verən Əbülfəz Elçibəy Klassik cəbhəçilərin hesabına partiya daxilində favorit siyasi güc kimi özünü ayaqda saxlayırdı. “Yurd” qruplaşması isə Əbülfəz Elçibəyin partiya daxilində nüfuzunu zəiflətməyə, alternativ maraqların təminatçısı kimi çıxış edirdi. 2000-ci ilə kimi bu belə davam etdi. Həmin tarixdən sonra açıq müstəvidə görünməyən Klassiklər və Yurd savaşı tam çılpaqlığı ilə ortaya çıxdı. Əbülfəz Elçibəy xəstə-xəstə ola-ola partiya yırtıcıları o möhtəsəm təşkilatı tarimar etdilər, sədrlik iddiaları qruplaşma rəhbərlərini dahada önə çıxmağa sövq etdi.

Bir tərəfdə Mirmahmud Mirəlioğlu, bir tərəfdə Əli Kərimli.

Əbülfəz Elçibəy özünün “Qədr Xum” tədbirini keçirmədən tanrı məqamına yüksəlmişdi.
Əsl sədr kim olmalı idi ?

Son söz deyilməmişdi.

Mirmahmud Mirəlioğlu Elçibəyin varisi kimi özünü təqdim etməyə başladı və bütün klassik cəbhəçilər bu saqqalı adamın arxasınca getməyə başladı. Apara bildimi, bilmədimi indi ona baxaq.

Rəhbərlik etdiyi partiya bir müddət qeydiyyatsız olaraq AXCP kimi hərəkət etdi. Qeydiyyatsızlıq davam edərkən partiya zəifləməkdə idi. 2006-ci ildə qeydiyyatsız AXCP çevrildi oldu, KXCP( Klassik Xalq Cəbhəsi Partiyası) və ad dəyişəndən sonra dahada zəiflədi və ad olaraq partiya varisliyi itdi. Bu partiya tarixində cəbhəçilərə vurulmuş ən böyük zərbə idi. KXCP adı altında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi təşkilatın dəfn prosesi həyata keçirildi və tamamilə sıradan çıxarıldı. Zəif, siyasi prespektivsiz, əlinin-vəlinin ailə söhbətlərının aparıldığı lağ-lağı klubuna çevrildi.

Əlbəttə ki, bu prosesin başında Mirmahmud Mirəlioğlu dayanırdı.

Belə davam edərək meydanlara 100 minləri çıxaran Xalq Cəbhəsi sıradan çıxdı. Mirmahmud Mirəlioğlu meydanı da, partiyanı da əməlləri ilə satdı.  Beləliklə Klassik Cəbhə ideyasını bitirdi və Klassik Cəbhəçiləri ağlar günə qoydu.