Kritdə güclü, Gəncədə “səsli” zəlzələ: Nə baş verir?

Dünyada baş verən bütün bu proseslərin hamısı təbiidir və heç bir süni müdaxilədən söhbət gedə bilməz. Pandemiya ərəfəsində baş verən bu silkələnmələri süni hesab etmirəm. Azərbaycanda isə gün ərzində 30-dan çox belə təkan olur.

Sozcu.az xəbər verir ki, Bu sözləri Axar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Krit adası yaxınlığında baş verən iki ardıcıl zəlzələdən sonra ötən gün Gəncədəki yeraltı təkanlar barədə danışarkən deyib. Q.Yetirmişli bildirib ki, bu zəlzələləri pandemiya dövründə atılan addımlarla əlaqələndirmək düzgün deyil:

“Düzdür, pandemiya ilə əlaqədar bütün dünyada əksər iş yerlərində fasilələrin yaranması, fabrik, zavodların işinin dayandırılması, beynəlxalq uçuşların, avtomobil hərəkətinin məhdudlaşdırılması ətraf mühitə, təbiətə müəyyən təsirlər edib. Atmosfer təmizlənib, hava kirliliyi azalıb. Azon təbəqəsində açılan dəliyin qapanmasında da pandemiya ilə əlaqədar atılan addımların təsiri var. Ancaq bu zəlzələləri pandemiya dövründə atılan addımlarla əlaqələndirmək düzgün deyil. Çünki dünyada il ərzində milyonlarla belə təkanlar baş verir və bütün bunlar da təbii proseslərdir”.

Q.Yetirmişli deyib ki, Azərbaycanda baş verən xırda tektonik silkələnmələr də təbii proseslərdir:

“Azərbaycan ərazisində elə bir gecədə ortalama 37 belə silkələnmə baş verir. Bu təkanlardan gün ərzində 1-i hiss edilir, 36-sı hiss edilmir. Bu cür silkələnmələrə görə narahat olmaq lazım deyil. Hələ çox şükür ki, belə xırda təkanlar baş verir. Biz gün ərzində bu məlumatları yaymaya da bilərik. Lakin bəzi hallarda hiss edilir və zəng edib məlumat əldə etmək istəyirlər. Bu səbəbdən 3 ballıq da olsa, zəlzələnin baş verməsi barədə məlumat yayırıq. Bu yaxın zamanlarda Azərbaycan üçün kotastrofik dağıdıcı, hiss edilən zəlzələlər olacağı gözlənilmir. Ancaq belə hiss edilən xırda təkanlar olmalıdır. Bunlar normal sayılır. 5-6 bal gücündə zəlzələ dağıdıcı zəlzələ hesab edilmir. Azərbaycan üçün bu zəlzələlər normaldır və normal tikililər üçün təhlükəli hesab edilmir”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov da hesab edir ki, baş verən təkanlar təbii prosesdir:

“Türkiyədə, Yunanıstanda yaşanan zəlzələlər, dünən gecə Samux ərazisində baş verən tektonik silkələnmələr təbii proseslərdir. Yadınızdadırsa, 21-ci əsrin əvvəllərində qlobal istiləşmə olacağı deyildi. Sonra 2013-cü ildə belə məlumat yaydılar ki, buzlaqlar əriyəcək və Amerika, İngiltərə suyun altında qalacaq. Bu məlumatlarların heç bir elmi əsasə yox idi və uydurulmuş məlumatlar idi. Bu kimi məlumatlar zamanı milyonlarla, trilyonlarla pullar gedir, oyunlar oynanılır. İndi də pandemiya məsələsini böyüdərək dünyada müxtəlif oyunlar oynanılır. Baş verən bu təkanlar hamısı təbiidir, ancaq koronavirus və onun törətdiyi fəsadların hamısı sünidir”.

Qeyd edək ki, Krit adası yaxınlığında iki ardıcıl güclü zəlzələdən sonra türkiyəli mütəxəssislər qardaş ölkədə 7 baldan yuxarı dağıdıcı zəlzələ proqnozlaşdırıblar. Ötən gün Gəncədə baş verən zəlzələnin isə ətraf rayonlarda “xüsusi səslə” müşayiət olunması bu təkanların süni olduğu haqda şayiələrə əsas yaradıb.

Facebook Comments