Kreml Avropa Parlamentinə keçirilən seçkilərdən məmnun olmadı -TƏHLİL

Avropa Parlamentinə seçkilərdə millətçilər və avroskeptiklər gözlənilən və qorxulan səviyyədə uğur qazana bilmədilər.

Sozcu.az  xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Avropa Parlamentinə seçkilərin nəticələrini təhlil edərkən qeyd edib. O, avroskeptiklərin Avropa Parlamentindəki sayının getdikcə azalacağını bildirib:

“İlkin məlumatlara görə, millətçilər və avroskeptiklər əlavə 34 yer (751 yerlik parlamentdə onların ümumən 108 səsi olacaq) qazanıb. Fransada Marin Le Penin partiyası – Milli Birlik az fərqlə birinci olsa da, Avropa Parlamentinə bundan əvvəlki (2014) seçkilərlə müqayisədə daha az səs alıb. Almaniya üçün Alternativ Partiyası səs artırsa da, Bundestaqa son seçkilərlə müqayisədə faizi aşağı düşüb. Yalnız Belçikada millətçi Flamand Partiyası ciddi səs qazanıb.

Avroskeptiklərin irəliləyişi isə İtaliyada iqtidarda olan Liqa Partiyasının (M.Salvini) və Britaniyada Breksit Partiyasının (N.Farac) hesabına əldə olunub. Lakin Britaniyanın AB-dən çıxmasından sonra bu ölkənin təmsilçiləri parlamenti tərk edəcək və qurumda avroskeptiklərin sayı azalacaq”.

Politoloq Rusiyanın AP seçkilərinin nəticələrindən narazı qaldığını söyləyib:

“Avropada ənənəvi partiya və qrupların böyük üstünlüyü davam edir. Yeganə fərq bu oldu ki, AP-nin ən böyük qrupları olan Avropa Xalq Partiyası və sosial-demokratlar bu dəfə çoxluq yarada bilməyəcəklər və üçüncü ortağa – liberallara və ya yaşıllara ehtiyac duyacaqlar. Yeri gəlmişkən, yaşıllar Almaniyada ciddi uğur qazanaraq 2-ci oldular, Fransada da səslərini artırdılar.

Nəticələr göstərir ki, problemlərə və məyusluqlara baxmayaraq, Avropada birlik ideyası və liberal düzən hələ də alternativsiz olaraq qalır. Rusiya saytlarında seçkilərlə bağlı xəbərlərin aşağı sıralarda yer alması Kremlin nəticələrdən məmnun olmadığını göstərir. Çünki millətçilər və avroskeptiklər Rusiyanın müttəfiqləridir”.