Kredit faizləri bu yolla aşağı salına bilər – Ekspert

“Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlər üzrə faiz dərəcələri, komisyon haqları və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyətini qazanacaq.

Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır:

“Statistik təhlillər göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78%-ə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60% civarında olub. Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda kredit və depozit faizləri arasındakı fərq 5% civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq. Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər”.

İqtisadçı qeyd edib ki, ölkədə bazar münasibətləri varsa, bu halda iqtisadiyyatın pulla təminatı da bazar alətləri və institutları vasitəsilə təmin edilməlidir:

“Sahibkarlıqda özəl sektorun rolu getdikcə azalır, ona görə də dövlət iqtisadi rıçaqlar vasitəsilə prosesə müdaxilə etməlidir. Təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub. Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də (arayışın və ya hesabdan çıxarışın verilməsi və s.) əlavə haqq tələb edilməsi müşahidə edilir. Ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın. Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər. Ona görə kredit faizləri və xidmət haqlarını bazarın tənzimləməsinə imkan yaradılmalıdır”.(Axar.az)