Kraldan artıq deyilsən ki…

Röya Rəfili
Jurnalist

Yazıb qorxutmaq istəmirəm, amma xalqı bu qədər dolamaq da olmaz! Azərbaycan hakimiyyətinin virusla bağlı etdikləri dolamaqdan başqa bir şey deyil. ABŞ, Avropa, dünya koronavirusla can çəkişir, minlərlə yoluxan xəstə var, hər dəqiqə insanlar ölür, Azərbaycanda isə hökumət “evdə qal”,- deməklə işini bitmiş hesab edir. Cəmi də üç nəfər ölüb, hətta o bədbad səhiyyə ilə insanlar tezbazar sağalır. Yoluxanların da sayı azdır. Təəccüblü deyilmi?

Digər ölkələrdə hökumətlər virus səbəbindən evdə qalmalı olan işçilərin maaşını ödəyir, şirkətlərin zərərə düşməməsi üçün vəsait ayırır. Azərbaycanda isə büdcə təşkilatlarına maaş vəd edilib, əksinə, şirkətlər koronavirusla mübarizə adlı fonda pul ödəyir. Daha dəqiqi, ödətdirilir. Kral da kraliçası ilə birgə bir illik maaşını bu andıra qalmış fonda keçirib ki, şirkətlər burcuda bilməsin. Yəni kraldan artıq deyilsən ki… Sən də ödə ki, kral xımır-xımır yeyə bilsin… Utanmadan koronavirusla bağlı büdcədən pul ayrıldığını da elan ediblər. Əslində utanılacaq durum deyilmi?

Bütün dünya vətəndaşlarını başqa ölkələrdən yığıb gətirir, bizdə öncə onları yük hesab etdilər, iyrənc telekanalları vasitəsilə minlərlə vətəndaşa orta barmaq göstərdilər, insanların etirazından sonra bir qismini ölkəyə gətirdilər, etiraz edən tələbələri isə “biz müxalifyönlü tələbələri də ölkəyə aparırıq”,- deyərək şantaj da etdilər.

Apteklərdə spirt, maska tapılmır, İlham Əliyev tapşırıq versə də, nəticə olmadı. Çünki 17 illik krallığı dövründə ölkədə adicə maska tikilən sex aça bilməyib, yerli istehsal deyilən bir şey yoxdur. Digər ölkələr kommunal borclarla, kreditlərlə bağlı vətəndaşa yönəlik addımlar atsa da, Azərbaycanda bunların heç biri yoxdur. Ölkələr ağır cinayətlər xaric bir çox dustaqları azad edir, ölkəbaşı isə bunu etməmək bir yana, fürsətdən istifadə edib müxalifəti hədələyir, həbsə doldurur. Həbsxanaların durumu da hər kəsə bəllidir, kral ailəsinə qismət olsun tezliklə! Həbsxanalardan həyəcanlı xəbərlər gəlməkdədir, minlərlə dustağın həyatı təhlükədədir. Hökumətsə insanlara evdən çıxmağı qadağan edir, evdə acından ölsən də, veclərinə deyil. Utanmadan karantin də elan edib 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qadağa qoyublar, salonlar və digər obyektlər axşama qədər işləyir, insanlar çörək pulu üçün küçələrdə təhlükə ilə üz-üzədir. Deyəsən karantini Milli Məclisdəki, hökumətdəki, ailələrindəki cındır qocaları qorumaq üçün qoyublar, rayon sakinlərinin Bakıya gəlməsinə qoyulan qadağa da özlərini qorumaq üçündür. Sərhədlər bağlı, Avropa virus içində, bu səbəbdən ölkədə qalmağa məcburdurlar. Özlərinin, kaftarlarının yoluxmaması, ölməməsi üçün çalışırlar. Vətəndaşa bu səbəbdən “evdə qal”,- deyilir, “acından ölsən də, evdən çıxma yəni, görək virus özü nə vaxt çıxıb gedir ölkədən”. Normal ölkələrdə insanlar dövlətin, səhiyyənin, bizdə isə taleyin ümidindədir. Hələ etiraz edənləri, status yazanları polisə də çağırırlar, polislə qorxudurlar.

Facebook Comments