“Koronavirusla bağlı vəziyyət kəskinləşməsə, gənclərimiz sağ-salamat evlərinə dönəcəklər”

Aprelin 1-də həmişəki kimi növbəti həqiqi hərbi xidmətə çağırışla bağlı Ali Baş Komandanın qərarı olmalıdır və eyni zamanda da hərbi xidmətini başa vurmuş hərçilərimiz tərxis olunacağı günü gözləyirlər.

Amma bu il dünyanı bürümüş koronavirus adlı ümumbəşəri bəlaya görə ola bilsin ki, bu məsələdə fərqli qərarlar verilsin.

Elə martın 30-da toplaşacaq Milli Məclisin də müzakirəyə çıxaracağı məsələlərdən biri məhz həqiqi hərbi xidmətə çağırış və tərxis olunma ilə bağlı yaranmış fors-major situasiyaya adekvat addımın atılması olacaq.

Sozcu.az xəbər verir ki, Tanınmış hərbi ekspert Üzeyir Cəfərov da Moderator.az-a açıqlamasında yaranmış durumu şərh edib:

“Bir neçə gündən sonra, aprelin 1-dən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması prosesi başlamalıdır. Bu dəfəki vəziyyət son dərəcə çətin və kritik bir dönəmə düşdüyünə görə, minlərlə ailələr və həm çağırışçılar, həm də ehtiyata getməli olan hərbçilərin özləri, doğma və əzizləri də çox narahatdılar. İnsanların narahatçılıqlarını başa düşmək lazımdır. İlk dəfədir ki, faktiki fors-major vəziyyəti yaranıb və insanları da düzgün başa düşmək lazımdır. Açığını deyim ki, bu məsələdə yalnız Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəsmi mövqeyi bəlli olduğuna görə, digər qurumlar haqqında konkret söz deməyə çətinlik çəkirəm. Nədənsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) səsi gəlmir. Bilirəm ki, onlar Milli Məclisin qərarını gözləyirlər, çağırışla bağlı müddətin mayın 31-dək uzadılması ilə bağlı verilən təklifləri rəsmiləşsin. Axı bunu cəmiyyətə özləri də izah edə bilərlər və insanlarda bir qədər rahatlıq yaranacaq. Mənim fikrimi bilmək istəyirsinizsə, SHXÇDX ilk növbədə döyüş bölgəsini çağırışçılarla təmin etməlidir. Özü də bu işi elə təşkil etmək lazımdır ki, son dərəcə ciddi sağlamlıq nöqteyi-nəzərdən təhlükəsizlik tədbirləri vasitəsiylə ön xəttə lazım olan çağırışçılar mütləq həqiqi hərbi xidmətə çağırılmalıdır. Digər güc strukturlarının çağırışçı təlabatı bir qədər gec də olsa, may ayı ərzində təmin etmək olar və bu o hərbi hissələrin döyüş hazırlığına o qədər də ciddi təsir etməz. Bildiyim qədər Müdafiə Nazirliyi və DSX rəhbərliyi xidmət müddətini başa çatdırmış əsgər və çavuşların vaxtında tərxis etməyi planlaşdırırlar. Əgər Ali Baş Komandandan digər əlavə göstərişlər gəlməzsə, hər şey planlaşdırıldığı şəkildə həyata keçiriləcək. Təki yaxın günlərdə bu koronavirusla bağlı məsələlər kəskinləşməsə və dərinləşməsə, gənclərimiz sağ salamat evlərinə dönəcəklər. Necə deyərlər. şər deməsən, xeyir gəlməz zərbi misalı ilə desək, əgər hadisələr başqa istiqamətdə davam edəcəksə, məncə xidmət müddətlərini bitirmiş cavan övladlarımız bir qədər öz hərbi hissə və birləşmələrində gözləsələr bu ilk növbədə onlar üçün yaxşı olar. Niyəsini və nə üçünü geniş yazmıram, amma bir qədər dərindən fikirləşsəniz, bunun yalnız sizlərin sağlamlığı nöqteyi nəzərdən vacib olması qənaətinə gələcəksiniz. Hər halda, istənilən vəziyyətə hazır olmaq gərəkdir. Bu, son on illiklərdə misli görünməmiş bir fors-major vəziyyətidir və bunu hamı anlamalıdır. Bütün dünya çox böyük fəlakətlə üz-üzədir. Bundan salamat və az itki ilə çıxmaq üçün hamı vəziyyəti dərindən və ciddi anlamalıdır və anlayışla qəbul etməlidir. yalnız bu yolla biz ən çətin dönəmi adlaya bilərik.

Facebook Comments