Keçmiş komandir Azərbaycanın rus vətəndaşlarına səsləndi… -Rusiya telekanallarına “dur” deyin…

“Putinə, telekanal rəhbərlərinə müraciət etsinlər ki…”

“Sizlər də bu günlərdə fəal olun və sizin də havasını, suyunu udduğunuz, çörəyini yediyiniz bu Vətənin – Azərbaycanın ağır günündə ona böhtan, iftira atılmasının qarşısının alınması üçün əlinizdən gələni edin…”-

“Bir qədər öncə Rusiyanın “ORT” telekanalında “60 saniyə” verilişinə baxırdım. Həmin verilişdə aparıcılar, qonaqlar qatı şəkildə Azərbaycan və Türkiyənin əleyhinə danışır, böhtan və iftiralar yağdırırlar. Əsasən guya Qarabağa Suriyadan minlərlə terrorçu gətirilməsindən bəhs edilir. Əvvəla, Azərbaycanın yüz minlərlə döyüşkən oğlu var və heç bir kənar döyüşçüyə-filana ehtiyacı yoxdur. İkincisi də bu, açıq böhtandır. Məni narahat edən həm də digər bir məsələdir”.

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş kəşfiyyat komandiri, ehtiyatda olan polkovnik Azay Kərimov bildirib.

“Hazırda Azərbaycanda kifayət qədər, 100 minlərlə rus milliyyətindən olan vətəndaş var. Və onlar hazırda burada heç bir sıxıntı görmədən, hüquqları tapdanmadan sərbəst yaşayırlar. Düzdür, rus və digər slavyan xalqlarının Azərbaycanda olan nümayəndələri arasında da bizimlə bərabər çiyin-çiyinə döyüşmüş, yaralanan, şəhid olan oğullar olub. Ancaq mənim umacağım ondan ibarətdir ki, Azərbaycanın vətəndaşı olan ruslar Rusiya prezidenti Putinə, telekanal rəhbərlərinə müraciət etsinlər ki, Azərbaycanın Ali Baş Komandanının başçılığıyla Milli Ordumuzun apardığı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi apardığı bir vaxtda ölkəmizə, dövlətimizə qarşı apardıqları bu böhtan kampaniyasını dayandırsınlar. Azərbaycanda Türkiyə hərb məktəbini keçən oğullarımız kimi, mənim kimi rus sovet ordusunun yetirməsi olan on minlərlə əsgər və zabit var. Mən sovet dövründə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişəm. 15 il sovet qoşunlarında xidmət göstərmişəm. Əfqanıstan müharibəsində iştirak etmişəm. Bizə döyüşməyi öyrətməklə yanaşı, daim vətənpərvərliyi, insanpərvərlikdən, haqqın, haqlının yanında olmağı da əsasən rus komandirlərin, generalların dilindən eşitmişik. Bəs bu gün bu xalqın nümayəndələrindən nəyə görə bizə qarşı belə haqsızlıqlar, işğalçı Ermənistanın müdafiə edilməsini eşidirik. Bir daha ölkəmizin rus və ümumiyyətlə, rusdilli vətəndaşlarından xahiş edirəm. Sizlər də bu günlərdə fəal olun və sizin də havasını, suyunu udduğunuz, çörəyini yediyiniz bu Vətənin – Azərbaycanın ağır günündə ona böhtan, iftira atılmasının qarşısının alınması üçün əlinizdən gələni edin…”- deyə keçmiş komandir bildirib.

Facebook Comments