Keçmiş bələdiyyə başçısı Urmu həbsxanasına köçürülüb

Məhəmməd Həzrətpur yanvar ayının 11-də təhlükəsizlik məmurları tərəfindən tutuqlanmışdı.

Fevralın 27-də Məcid Ağazadə Həbəşi Urmu şəhərinin yeni bələdiyyə başçısı seçiləndən sonra, keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur Urmu zindanına köçürülüb.

Verilən məlumatlara görə, Həzrətpur 50 gün “Sepah”ın (İran İslam İnqilab Keşikçiləri Korpusu) təcridxanasında saxlanıldıqdan sonra zindana köçürülüb.

Qeyd edək ki, “korrupsiyada” ittiham olunan Urmu şəhərinin keçmiş bələdiyyə başçısı Məhəmməd Həzrətpur yanvar ayının 11-də İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdır. O, bir gün sonra ETTELAAT məmurları tərəfindən “ətraflı izahat” üçün Tehrana aparılmış və dindirilmişdir.

Məhəmməd Həzrətpur Qərbi Azərbaycan, özəlliklə Urmuda yaşayan mühacir qeyri-türk sakinlərin hədəfində olmuş, dəfələrlə “Türkiyə Cumhuriyyətinə, Azərbaycan Respublikasına casusluqda və pantürkistlik”də günahlandırılmışdır.

Facebook Comments