Kataloniya-Dağlıq Qarabağ:Tam fərqli separatçılıq hərəkatları – TƏHLİL

İspaniyanın Barselona şəhərində yenidən etiraz aksiyaları keçirilib. Kataloniyanın İspaniyadan ayrılması tələbi ilə 600 min etirazçı əsas meydana çıxıb. İrəli sürülən tələb kataloniyalılar üçün hər nə qədər aktual olsa da, aksiyaçıların sayı xeyli azalıb. Ötən il meydana bir milyondan çox insan çıxmışdı.

Bu dəfə də mitinqdə “müstəqillik uğrunda sona qədər mübarizə aparmaq” şüarı səsləndirilib. Mitinqçilər İspaniyanın dövlət bayrağını yandırıb, polisləri daşqalaq ediblər. Bununla belə, polisin müdaxiləsi nəticəsində aksiya dağıdılıb, iğtişaşlarda iştirak edənlər həbs edilib.

Dünyanın aparıcı mediası Kataloniyadakı son aksiyaya geniş yer verib, hətta İspaniyanın parçalanma ərəfəsində olduğunu yazıb.

Dünyanın əksər siyasi təhlilçiləri isə Barselonada baş verənləri birmənalı olaraq separatçılıq adlandırıb.

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat kilometr ərazisi və 7 milyon əhalisi (İspaniya əhalisinin 15 faizi) olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Kataloniya illərdir, İspaniyadan ayrılmaq istəyir. Lakin beynəlxalq ictimaiyyət İspaniyanın ərazi bütövlüyün toxunulmazlığını əsas götürərək, Barselonanın tələblərini separatçılıq adlandırır.

Bəziləri Kataloniya ilə Dağlıq Qarabağda baş verən separatçı hərəkatı eyniləşdirir. Eynilik odur ki, hər iki halda separatçılıq əsas amildir, bu öz yerində. Lakin Kataloniya məsələsi ilə Qarabağ münaqişəsi nəinki mahiyyəti, o cümlədən tarixi, dini-etnik baxımdan da bir-birindən tamamilə fərqlənir. Katalonlar bir millət olaraq öz müqəddəratlarını təyin etməyiblər, ermənilərin isə artıq Ermənistan adlı dövləti var. Digər tərəfdən, katalonlar ermənilərdən fərqli olaraq, qonşu dövlətin ərazisini işğal edib, etnik təmizləmə aparlamayıb, soyqırımı törətməyiblər. Ermənistan isə bunu edib, bu gün də Baş nazir, ölkə rəhbəri səviyyəsində rəsmi olaraq Dağlıq Qarabağın ilhaq edildiyini bildirir. Bu, Kataloniya və Qarabağ probleminin başlıca fərqidir.

Kataloniyadakı son aksiya bir daha sübuta yetirdi ki, yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir. Qərbin aparıcı ölkələri Barselonada baş verənləri separatçılıq adlandırır, Dağlıq Qarabağdakı separatçı rejimə isə münasibət birmənalı deyil və bu, ikili standartın bariz nümunəsidir.

Kataloniyanın statusu və status ətrafındakı müzakirələr də maraqlıdır. Dağlıq Qarabağdan fərqli olaraq Kataloniya varlı bölgədir və məhz daha çox maliyyə resurslarına nəzarət etmək üçün Barselona statusunun artırılmasına çalışır. Dağlıq Qarabağ isə əlavə maliyyə resurslarına daim ehtiyac duyur və maliyyə yardımı olmadan müstəqil yaşaya bilməz.

İspaniyanın Kataloniyaya verdiyi iqtisadi müstəqilliyi Azərbaycan da Dağlıq Qarabağa verməyə hazırdır. Kataloniya İspaniyadan daha çox müstəqilliyə can atsa da, bunu Madridlə təmas halında, müzakirə yolu ilə həyata keçirir, separatçı Dağlıq Qarabağ rejimi isə Bakı ilə heç bir müzakirəyə getmir.

Kataloniya və katalonların iqtisadi müstəqilliyi yüksək səviyyədədir, odur ki, əhalinin böyük əksəriyyəti bölgənin siyasi müstəqilliyinə maraq göstərmir. Onlar anlayırlar ki, müstəqillik uğrunda mübarizə Kataloniya əhalisinin indiki rifah halının üstündən xətt çəkə bilər. Odur ki, Barselonada keçirilən “müstəqillik uğrunda mitinq”lərə qoşulanların sayı azalmağa doğru gedir.

Başqa bir nüans ondan ibarətdir ki, Kataloniya müstəqilliyi əldə etsə belə, bu, Dağlıq Qarabağ üçün nümunə ola bilməz. Yada salaq ki, Kosovo da müstəqillik qazananda erməni separatçıları Dağlıq Qarabağ üçün artıq bir nümunənin olduğunu bildirirdilər. Lakin erməni separatçılarından fərqli olaraq, Kosovo da kimsənin torpağını işğal etməyib, etnik təmizləmə həyata keçirməyib, əksinə, üzləşdiyi etnik təmizləməyə cavab olaraq müstəqilliyini elan etmişdi. Erməni separatçıları Kosovo, Kataloniya və ya Şotlandiya nümunələrini əsas götürmək istəyirlər. Lakin diqqətdən qaçmamalıdır ki, Ermənistan təkcə Dağlıq Qarabağı deyil, ətraf rayonları da işğal edib. Qarabağ ətrafındakı rayonlar azad edilmədən, qaçqınlar öz evlərinə geri qayıtmadan isə heç bir referendum və yaxud status haqqında müzakirələrdən söhbət gedə bilməz.

Burada bir nüansa nəzər yetirək. Kataloniyadakı proseslərin “Brexit” danışıqlarına da ciddi təsiri olacaq. Belə ki, Avropa İttifaqından ayrılmağın həm regionlar, həm də ölkələrə nə qədər baha başa gəldiyini nümayiş etdirmək üçün Avropa İttifaqının Birləşmiş Krallıqla danışıqlarda heç bir güzəştə getməyəcəyini də gözləmək lazımdır. Artıq “Brexit”in nə qədər ağrılı proses olduğunu anlayan digər üzv dövlətlər Avropa İttifaqından çıxmaqla bağlı mövqelərini yumşaltmağa başlayıb. Görünən budur ki, Avropa İttifaqı Kataloniyanın xaos yaratmağına imkan vermək niyyətində deyil. Əslində, bu, Dağlıq Qarabağ üçün də bir nümunədir. Müstəqil bir ölkənin ərazi bütövlüyünün pozulması və separatçılıq meylləri bütün bölgə üçün təhlükəlidir. Kataloniyadakı separat çağırışlar Avropa üçün bir xaos təhlükəsi yaradır, Dağlıq Qarabağ separatçılarının fəaliyyəti isə Cənubi Qafqaz üçün təhlükə mənbəyi olaraq qalır. Odur ki, Avropa İttifaqı Kataloniya problemində tutduğu mövqeni Dağlıq Qarabağ məsələsində də nümayiş etdirməlidir(apa).

Sozcu.az