Kamillik zirvəsinə ulaşan Seyid İmadəddin Nəsimi

Azərbaycan böyük Türk dünyasını hər yönlü bir-birinə bağlayan tarixi və coğrafi bir bölgədir. Bu bölgədə zaman-zaman böyük bir mədəniyyət yaranmış, zəngin bir ədəbiyyat vücuda gəlmişdi. Bu ədəbiyyatın mühüm bir qolunu təşkil edən Azərbaycan Türk ədəbiyyatı Qafqaz, Quzey və Güney Azərbaycan, Farsistan, İraq və Doğu Anadolunu əhatə edən ümumi Türk ədəbiyyatının ən möhtəşəm qollarından biridir. Bu möhtəşəm Türk ədəbiyyatı Türküstan, Volqaboyu, Kırım və Türkiyə ədəbiyyatlarını bir-birinə bağlayan bir körpü rolu oynamışdır.
Zəngin proto-türk mədəniyyətinin beşiyi olan Azərbaycanda XIII əsrdən sonra Türkcə yazan şairlərin sayı çoxalmış, XIV əsrin ortalarına doğru Yaxın Şərqdə mövcud olan təriqətlərə Azərbaycan ədəbiyyatının təkamülündə mühüm rol oynayan “Hürufilik” də qoşulmuşdu. Təbrizli Fəzlullah Nəimi (1340-1394) tərəfindən yaradılan bu təriqət tamamilə yeni bir cığır açmış, mövcud təriqətlərə qarşı mücadilə cəbhəsi açmışdı. Uzun müddət Astrabadda yaşadığından “Astrabadi” ləqəbini işlədən və filosof bir şair olan Nəimi 1394-cü ildə Əmir Teymurun oğlu, Azərbaycan hakimi Miranşah tərəfindən öldürtdürüldükdən sonra onun müridləri bu təriqətin ideyalarını müxtəlif ölkələrdə yaymağa başlamışdılar.

“Hürufilik” təriqətinin nəzəri əsasları Nəiminin “Cavidannamə” (“Əbədinamə”) əsərində izah edilmişdir. “Hüruf” ərəbcə “hərf” sözünün cəmi olub “hərflər” deməkdir. Özlərini “Hürufi” adlandıran hürufi ideoloqları və onların tərəfdarları dünyanın yaranış sirlərinin “Quran”dakı “Dünya Allahın: “Ol!, Yaran!” hökmündən yaranmışdır” fikrinin içində barındığını sübut etməyə çalışmış, hətta “Quran”a sığışmayan və “Quran”ın Allahı tam vəsf edə bilmədiyini irəli sürərək Fəzlullah Nəiminin “Cavidannamə” əsərini “Quran”dan üstün tutmuşlar. Onların fikrincə guya “Quran” 28 hərfdən ibarət olduğu üçün Allahın təcəllasını tam ifadə edə bilmir. “Cavidannamə” isə 32 hərfdən ibarət olduğu üçün Allahın bütün vəsflərini özündə əks etdirir.

“Hürufilik” təlimi Azərbaycanın sosial-fəlsəfi fikri tarixində mühüm yer tutan Azərdüştlük, Maniçilik kimi dini-fəlsəfi cərəyanları, Məzdəkilik, Xürrəmilik (Babəkilik) və Əxilik kimi hərəkatlarla üzvü surətdə bağlı olmuş, Allahın təbiətdə, əşyada, sözdə və xüsusən insanda təcəssüm etdiyi fikri ön plana çəkilmişdi. Hürufilər “Quran”ın müqəddəs ayələrində buyrulan “Bəndələrim Məni Səndən (Peyğəmbərdən (s)) soruşduqda söylə ki, Mən onlara şah damaralarından da yaxınam” (Əl-Bəqərə, 186) və “Tanrı insanla onun qəlbi arasına girər” (Əl-Ənfal, 24) kimi Tanrı kəlamlarını əsas tutaraq göstərmişlər ki, insanın ruhu yalnız Tanrıya qovuşduqda məna qazanır və bu birliyə can atan insan “Mərifət” və ən başlıcası “Həqiqət” sirrini açmış olur. Bu sirri anlayan insan İlahiləşir, sonda Tanrıya qovuşur və bununla da əbədiləşir. Bütün bunları nəzərə alan tədqiqatçılar “Hürufizm”i “Panteizm” fələsfi dünyagörüşü baxımından şərh etmişlər. (Bax: Z. Kulizade, Xurifizm i yeqo predstaviteli v Azerbaydjane, Baku 1970; İmadeddin Nəsimi, Seçilmiş əsərləri, Bakı 1973; M. Məlikova, E. Bayramov, Azərbaycan siyasi-hüquqi nəzəriyyələr tarixi (oçerklər), Bakı 1984; Zakir Məmmədov, Azərbaycan fəlsəfəsi tarixi, Bakı 1994 və s.)

Hürufilərə görə Allahın yaratdığı Dünya daim dövr edir və bu dövr etmə görünən dəyişikliklərin səbəbidir. Bu dəyişikliklərdə insanlıq üç mərhələdən keçməli olur. Birinci mərhələ “Nübüvvət” mərhələsidir ki, bu mərhələ Məhəmməd Peyğəmbərlə (s) başa çatmış, bəşəriyyət uşaqlıq dövrünü sona çatdıraraq yeni bir dövrə qədəm qoymuşdur. İkinci mərhələ “Vilayət” mərhələsidir ki, bu mərhələ də İlahi himayədarlar olan şiə imamları ilə sona çatır. Üçüncü mərhələ isə “Uluhiyyat” mərhələsidir ki, Hürufilərə görə bu mərhələnin banisi və sonuncu himayədarı Fəzlullah Nəimidir. Özünü açıq-aydın şəkildə “Mehdi Sahibizaman” adlandıran Nəimi öz ölməzliyini “və hətta öldükdən sonra da qalacağını iddia etmiş” (Zümrüd Quluzadə, göstərilən əsəri, səh. 109), bununla da xalqı “bəla səltənətinə” qarşı üsyana çağırmış, öz müridlərinin gücünə arxalanaraq zülmkarları hədələyərək göstərmişdi ki:

“Mən zamanın hökmdarıyam,
Xaqanın tərəfdarlarını və qoşununu məhv edəcəyəm”
(Zümrüd Quluzadə, göstərilən əsəri, səh. 116)

Nəiminin ölümündən sonra da onun ardıcılları həqiqətən onun ölməzliyinə inanmış, öz mübarizələrini davam etdirmişdilər. Nəiminin fikir və mülahizələri Yaxın və Orta Şərq ölkələrində fəlsəfi-siyasi fikrin inkişafında mühüm rol oynamış, özündən sonrakı Azərbaycan fəlsəfi fikrində dərin iz buraxmışdır.
Hürufizmə görə Dünya, onun bütün hadisə və prosesləri qırılmaz surətdə bir-biri ilə əlaqəlidirlər. Onlara görə məzmun və forma, mahiyyət və hadisə də qarşılıqlı əlaqədədirlər. Lakin məzmun və mahiyyət əsas olduğu üçün onlar forma və hadisədən üstündürlər. Hürufilər cəmiyyətdəki bütün ədalətsizliklərin, zülm və zorakılıqların kökünü insanların var-dövlətə, sərvətə və hakimiyyətə can atmalarında görür, Kamil insanları qəsbkar, zalım hökmdarlara qarşı qoyurdular. Hürufilərə görə insanların bitməz-tükənməz bədbəxtlik və fəlakətlərinin səbəbkarları hökmranlıq edənlərin şeytani ehtiraslarıdır.
Tədqiqatçılar göstərirlər ki: “Fəzlullah Nəiminin əsas ideyaları elə bir bünövrə olmuşdur ki, Hürufiliyin siyasi ideologiyası bu bünövrə üzərində yüksəlmiş, bu ideologiya sonradan onun Seyid İshaq, Mir Fazili, Nəsrullah Nəfisi, Seyid İmadəddin Nəsimi və başqa ən yaxın və istedadlı silahdaşları tərəfindən inkişaf etdirilmişdir” (Bax; M. Məlikova, E. Bayramov, göstərilən əsər, səh. 78).
Türk dini-təsəvvüfü ədəbiyyatını “Divan ədəbiyyatı”ndan fərqləndirən ən mühüm cəhət onun xalqla iç-içə olması, xalqın bütün zümrələrinə xitab etməsi, milli birlik və bərabərliyi təmin etməsidir. Bu ədəbiyyatın Türküstandakı ilk və ən böyük nümayəndəsi “Türküstan mürşidi” Əhməd Yəsəvi, Anadoludakı ən böyük nümayəndəsi “Könüllər sultanı” Sultan Əmrədirsə Azərbaycandakı ən böyük nümayəndəsi “Əqidə şəhidi” Seyid İmadəddin Nəsimidir.
Fəzlullah Nəiminin ən səlahiyyətli davamçılarından olan Nəsimi gənclik illərində məşhur Həllac Mənsura sevgi ilə bağlandığından “Hüseyni” təxəllüsünü işlətmiş, Fəzlullah Nəiminin müridi olduqdan sonra isə “Nəimi” təxəllüsünə uyğun olan “Nəsimi” təxəllüsünü işlətmişdir. Hürufilik təriqətinin gerçək xüsusiyyət və görüşləri İmadəddin Nəsiminin əsərlərində daha dolğun öz ifadəsini tapsa da Nəsimi heç də “Cavidannamə”ni “Quran”dan üstün tutmamış və göstərmişdi ki:

“Həqq gördü və “Həqq” dedi Nəsimi, nə desin kim,
Hər şerimi mən ayəti-Quranə yetirdim”
(Nəsimi, göstərilən əsəri, səh. 433).

Yaradıcılığının ilk illərində sufizmin “Bidətçilik” ideologiyasına əsaslanan Nəsimi zaman keçdikcə Hürufiliyin tərəfdarı və təbliğatçısı olmuş, Hürufilik ideyaları onun fəlsəfi poeziyasında “bidətçilik” ideyalarını əvəz etmişdi. Onun fəlsəfi poeziyası insan şəxsiyyətinin yüksəldilməsinə “Kamil İnsan” probleminə həsr edilmişdir. Mütəfəkkirə görə insanın naqis bədəninə həmişə yeni-yeni naqisliklər daxil ola bilər. Ona görə də insan bədəninə deyil, ağlına, kamalına diqqət yetirməli, şeytani nəfsini öldürməyi bacarmalı, Şeytana uymamalı, təkəbbürdən uzaq olmalıdır:

“Naqis vücuduna çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə kamil ol kim, gəlməz kamala nöqsan.
Səcdə qıl adəmə firiştə kimi,
Sən təkəbbürdən olma şeytani”
(Nəsimi, seçilmiş əsərləri, səh. 363).

Yolunu əyri gedənlərin, tərəddüd edənlərin sonunun zəlalət olacağını, çürük söz söyləyənlərin xəta etdiklərini göstərən şairə görə, səadətə, xoşbəxtliyə çatmaq istəyən insan xoş sözlü, səxavətli, ədəbli, həyalı, həqiqət sevər olmalı, kimsəyə həqarətlə baxmamalıdır. Mütəfəkkir göstərir ki, qeybət, ədavət, böhtan və s. bu kimi insanı insanlıqdan çıxaran şeylər olduğundan bu xəstəliklərə mübtəla olanlar insan deyil, şeytandır. Aləmdə yalnız ədalətli olanlar, haqqı bilən və haqq yolunda çarpışanlar məqsədlərinə çatar, xoşbəxt olarlar:

“Əyri yolun zəlalət, çürük sözün xətadır,
Haqqı bilən həmişə aləmdə müqtədadır.
Kim ki bildi buları insandır,
Bilməyən anı bil ki, şeytandır”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 562).

Azərbaycan yazılı Türkcəsinə həqiqi bir ədəbi şəkil verən, onu təkmilləşdirən Nəsimi Şərqin üç dilini (Türk, ərəb, fars) mükəmməl bilmiş, şeirlərində ərəb və fars sözləri yerinə bəzən arxaik Türk sözlərini işlətmiş, Azərbaycan Türk ədəbiyyatında yeni bir cığır açmışdır. Nəsiminin Türkcə “Divan”ı professor Cahangir Qəhrəmanov tərəfindən ərəb əlifbası ilə üç cilddə nəşr edilmişdir. (Bax: Cahangir Qəhrəmanov, İmadəddin Nəsimi, Əsərləri, I-III cild, Bakı 1973).
Öz mürşidinin yolunu şərəflə davam etdirən, Hürufiliyin ən böyük ideoloqlarından biri olan, öz fəlsəfi və ictimai-siyasi görüşləri ilə Azərbaycan ədəbi və fəlsəfi həyatında özünəməxsus yer tutan şair-filosof Seyid Əli İmadəddin Nəsimi öz əsərlərinin çoxunu doğma Türk dilində yazmış, bununla da Azərbaycanda Trük fəlsəfi ədəbi dilinin əsasını qoymuş, onun sayəsində ana Türkcəmiz gələcək dövlətçiliyimizin ana sütunlarından birini təşkil etmişdi.
Özünəqədərki bütün dinlərə anlayışla yanaşan Nəsimi insanlığı bir bütün halında götürmüş, dini məsələləri anlaşılmazlıqdan qurtarmağa, onları anlaşıqlı bir hala salmağa çalışmışdır.İnsanları Cəhənnəmlə qorxudanlara qarşı şair öz etirazını bildirərək göstərmişdi ki:
“Gör ol salusü məhrumi, məni zöhd ilə qorxudur,
Sanasın kəndü dün gəlmiş Bərat ilə Cəhənnəmdən”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 361).

Mütəfəkkirə görə kim aləmdə fitnə-fəsad qapısını bağlasa, o, savab qazanar, səadətə qovuşar. Dövrünün hüquq sistemini tənqid edən, onun icraçıları olan qazi və fəqihləri şeytana, cinə bənzədən şair ən ədalətli qazinin Tanrı olduğunu göstərir. Yaşadığı dövrün bütün eybəcərliklərini görən şair-filosof göstərir ki:

“Hər bihünər, insafı yox uş mənsəbi tutdu,
Sahibhünərə mənsəbi-idrar bulunmaz”.

“Hər könül ki Haqqa vasil oldu buldu etibar,
Nə gəda ki şaha məhrəm oldu, oldu mötəbər”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 329, 482).

Əməyi, zəhməti yüksək qiymətləndirən mütəfəkkirə görə haqqı, ədaləti yalnız zəhmətlə əldə etmək olar:

“Gəl ey haqq istəyən talib müqəddəs vadini teyy et,
Ki, zəhmətsiz ələ girməz nə kim istərsən ey dana”.
(Nəsimi, Seçilmiş əsərləri, səh. 485).

Azərbaycan, İraq, Anadolu və Suriyanı dolaşan Nəsimi Hürufilik təlimini hətta yetkili siyasilərə də mənimsədərək bütün ömrünü sədaqətlə bağlandığı “Hürufilik” təriqətinə sərf etmiş, nəhayət 1417-ci ildə verilən bir fitva ilə dərisi soyularaq Hələbdə öldürülmüşdür. Bu acınacaqlı sonluq şairi daha da məşhurlaşdırmış, həyatı və düşüncələri haqqında xalq arasında müxtəlif rəvayətlər yaranmış, şöhrətini daha da artırmışdı.
Nəsimiyə görə həyat ölümdən böyükdür. Eşq isə hər ikisindən də böyükdür. Nəsimi də digər mütəsəvviflər kimi məhəbbəti bütün varlıqların əsası saymış, onu hər şeyi və hər kəsi birləşdirən İlahi bir qüvvə adlandırmışdı. O, “Quran”ın və İslam dini təliminin daxili və gizli mənalarını şərh etməyə çalışmış, şəriətin mahiyyətinin də məhəbbətdə olduğu fikrini irəli sürmüşdü.
Şair-filosof kamilliyin əsasını İnsanın “özünüdərkində” görmüş və göstərmişdi ki: “Özünü dərk etməyən insan həyatda dərbədər olar, əzab-əziyyətdən qurtulmaz” (Bax: Nəsimi, Seçilmiş əsərləri, səh. 351). “Aləmin cismini sədəfə, Kamil insanı isə onun dürdanəsinə” bənzədən mütəfəkkir hətta taxt-tacın sultanının hökmdarlar, şahlar deyil, Kamil İnsan saydığı ariflər olduğu fikrini irəli sürmüşdü.
Ümumiyyətlə təsəvvüf fəlsəfəsinin mahiyyətində iki təməl anlayış var: 1)Məlamət; 2)Vəhdəti-Vücud. Məlamət İnsanın özünü maddi və real aləmin aldadıcı görünüşlərinə qarşı qoymasıdır ki, bəzi mütəsəvviflər Məlaməti “Peyğəmbərlikdən sonra ən yüksək məqam” adlandırmışlar. Təsəvvüfdə Məlamət Ruhun sonsuzluğuna cəhd göstərməkdir ki, Ruhun bu cəhdi Tanrıya qovuşmaqla əbədiləşir.
Təsəvvüfdə zirvə olan Vəhdəti-Vücud və ən başlıcası “Ənəlhəqq” düşüncəsi isə İslam Şərqində böyük ixtilaf yaratmış, bu dünyagörüş sahibləri amansız təqib və işgəncələrə məruz qalaraq qətlə yetirilmişlər. Təsəvvüfdə Vəhdəti-Vücud Allahla bütün Kainatın vəhdəti kimi anlaşılmış və bütün Kainat Allahın sonsuz təni, Onun kölgəsi, Tanrı isə Cahanın canı kimi dərk edilmişdir.

“Çün on səkkiz min Aləmin cudu vücudu xud Mənəm,
Cümlə Cahan təndir Mana, Mən bu Cahanın Canıyam”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 409).

Bu düşüncə sahiblərinə görə “Dünyanın hər cüzi belə dünyanın Sahibindən bir nişanədir”, “Əbədi olan Tanrı və yaradılmış olan Kainat bir-birindən ayrılmazdır. Çünki yoxluq həmişə Varlıq sayəsində mövcuddur. Vəhdətdə ikilik yanılmaqdır”. Deməli, Vəhdəti-Vücud fəlsəfəsində ikilik yoxdur, yalnız bir “Mən” vardır ki, O da Tanrıdır. İki Cahana sığmayan, laməkan olan da Odur. Əslində Nəsimi Tanrı dilindən danışır:

“Məndə sığar iki Cahan,
Mən bu Cahana sığmazam.
Gövhəri-laməkan Mənəm,
Kövnü məkana sığmazam”
-deyən də Nəsimi yox, Tanrıdır.

Uzun müddət Nəsimişünaslıqda mübahisə mövzusu olmuş “İki Cahan” yoxsa, “ikən Cahan” anlayışlarına bizim münasibətimiz belədir ki, Nəsimi şeirindəki “İki Cahan” anlayışı heç də “ikən Cahan” demək deyil. Ümumiyyətlə, bütün təsəvvüf ədəbiyyatında “İki Cahan”anlayışı vardır. Bu “İki Cahan” anlayışnı heç də təkcə Nəsiminin adına yazmaq və bundan dolayı “Nəsimi filosof olmamışdır. Bir inanışın fanatiki olmuşdur… Nəsiminin bu şeirində “İki Cahan” sözünün anlamı ola bilməz… Nəsiminin bu şeirində heç bir sirr və idraka sığmayan böyüklük yoxdur” (Güntay Gəncalp, Bir yanlışın düzəldilməsi haqqında, “Türküstan” qəzeti, Bakı 2009, № 27(153), səh. 12)-demək, əslində bütün mütəsəvviflərin Tanrı dilindən söylədikləri bu ifadədəki sonsuz olan Tanrını inkar etmək deməkdir. Hələ Nəsimidən xeyli öncə Türk təsəvvüf ədəbiyyatının ən böyük nümayəndəsi Yunus Əmrə bir çox şeirində “İki Cahan” ifadəsini işlətmişdir:

“Ona (Tanrıya-A.M.) yetən dərvişə
İki Cahan kəşf olur”

“Dərvişlik əsli candan,
Keçdi İki Cahandan”.

“İki Cahan birlikdə,
Əgər mənim olarsa”

“Yunus deyər, aşkar, pünhan
Haqq doludur İki Cahan”

“Yunus oldu mənim adım,
Gündən-günə artar odum,
İki Cahanda muradım,
Mənə Səni, gərək Səni”.

“Sevildin cümlə cahana,
Hələ niqab içindəsən.
Niqabın üzdən götürsən,
İki Cahan olar həlak”

(Yunus Əmrə, Güldəstə, Bakı 1992, səh. 142, 146, 86, 28, 29).
Bütün mütəsəvviflər kimi Nəsimi də “İki Cahan” dedikdə Kainatı-Evreni deyil, bu dünya ilə axirəti nəzərdə tutmuşdur. Bütün panteistlər kimi Nəsimi də Allahla Kainatı vəhdətdə götürmüşdür.
Təbiidir ki, Nəsimi öz ideyalarını peşəkar filosoflar kimi bitkin bir sistemlə, müəyyən ardıcıllıqla qələmə almamışdır. “Buna baxmayaraq mütəfəkkir şair irəli sürdüyü müddəaların mündəricəsinə, panteist yönümünə görə sözün əsl mənasında filosofdur” (Zakir Məmmədov, Azərbaycan fəlsəfəsi tarixi, Bakı 1994, səh. 266).
Əslində bütün panteistlər kimi Nəsimi də Tanrı dilindən danışmış, Quran və digər müqəddəs Kitabların ayələrini insanların anlaya biləcəyi bir dildə şərh etməyə, mədh etdiyi bütün xüsusiyyətlərin məhz Tanrıya məxsus olduğunu söyləməyə çalışmışdır:

“Bildim, tanıdım elmdə Məbudu yəqin ki,
Şöylə bilirəm kim, onu Quran bilir ancaq”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 432).

Və ya:

“Ey Nəsimi, sən deyilsən, cümlə Oldur, cümlə Ol (Tanrı),
Ol kim aydır; Bu zəmini-asimanın Nuruyam”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 420).

Nəsimi fəlsəfəsinin əsasını ən geniş anlayış olan “Mən” anlayışı təşkil edir. Nəsimi fəlsəfəsində “Mən” anlayışı nəinki İnsan, hətta bütün mövcudatın mütləq məcmusundan daha geniş anlayışdır. Nəsimi “Mən” inə on səkkiz min Aləm, bütün Kainat, iki Cahan və onlarda mövcud olan bütün zərrə və cisimlər sığır, lakin bu “Mən” heç nəyə sığmır. Deməli, bütün panteistlərdə olduğu kimi Nəsiminin “Mən”i də elə Allahın Özüdür. Nəsimi də “Mən” deyəndə özünü yox, məhz Tanrını nəzərdə tutmuşdur. Nəsimi işlətdiyi bu “Mən”in düzgün anlaşılmayacağını nəzərə alaraq açıq-aydın göstərmişdi ki:

“Nəsimi, sən demə, cüzvi deyilsən, mim ilə nun, sin,
Vəli, Oldur deyən: Daim qamu aləm İlahiyəm”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 422).

Bütün “Ənəlhəqq” söyləyən panteistlər kimi Nəsimi də “Ənəlhəqq” deyərkən özünü yox Allahı nəzərdə tutmuşdu. Hələ XIII əsrdə “Ənəlhəqq” dünyagörüşü ilə bağlı məşhur Cəlaləddin Rumi göstərmişdi ki: “Həllac Mənsurun “Ənəlhəqq” deməsi heç şübhəsiz rəhmətdir. Fironun: “Mən sizin Tanrınızam” deməsi ilə lənətə səbəb olmuşdur. Çünki Həllac “Ənəlhəqq” deyəndə özünü yox, Allahı nəzərdə tutur. Firon isə məhz özünü Tanrı sayırdı” (Mevlana, Mesnevi II. İqtibas prof. Yusif Rüstəmovun “Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi” əsərindən götürülmüşdür. Bax: Göstərilən əsər, Bakı 2002, səh. 97-98). Bu fikri təsdiqləyən professor Yusif Rüstəmov haqlı olaraq göstərir ki: “Bir çox tədqiqatçılar bizim fikrimizcə “Ənəlhəqq” fəlsəfəsini düzgün izah etmirlər. Guya bu cərəyan adi insanı ilahiləşdirir, onu Allah səviyyəsinə qaldırır. Bu da guya ən yüksək humanizmdir. Belə fikir prinsip etibarilə kökündən yanlışdır. “Ənəlhəqq” deyənlər heç vaxt özlərini deyil, Allahı nəzərdə tuturlar”(Bax: Yusif Rüstəmov, göstərilən əsəri, səh. 97).
Ümumiyyətlə, Nəsimi heç bir zaman, heç bir yerdə “Mən Allaham” deməmişdir və deməzdi də. Doğrudur, Nəsimi də digər panteist sufilər kimi Allah, Kainat və İnsanı vəhdətdə düşünmüş, insana bəzi ilahi keyfiyyətləri şamil etmiş, insanlığı kamilliyə səsləmişdir. Çünki mütəfəkkirə görə dünyada hər şey insanla bağlıdır. Tanrı yaratdıqlarının hamısını insanın əmrinə tabe etdirib, bütün yaratdığı varlıqların canını insanda gizlədib.
Öz idrakı ilə Tanrının varlığını dərk edən və hətta öz “bəsirət gözü” ilə Tanrını “görən” Kamil İnsan səviyyəsinə yüksələn Nəsimi açıq-aydın şəkildə göstərir ki, o, əhdinə peyman göstərərək “Ənəlhəqq” sirrini insanlara faş etmiş, bununla təkcə özünün deyil, özündən əvvəlki “Ənəlhəqq” söyləyənlərin də məqsəd və məramını açıb göstərmişdir:

“Sirri-Ənəlhəqq rümuzunu hərdən,
Söylərəm aşikarə, çün sirfaşəm”

Və ya:
“Məgər Haqdan ziyan gördün ki, batil qövlə yapışdın,
Çevirdin üzünü Haqdan, sakın kim, Haqq deyil batil”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 457, 411).

Nəsimiyə görə, Tanrı Özü Nurdur. Nur həm də Tanrının hicabıdır. İnsanla Tanrı arasında bir nur pərdəsi var. İnsan yalnız kamilləşdikdə bu nuru sezə biləcək dərəcəyə ulaşa bilər. Bu dərəcəyə ulaşa bilən insanların içini və dışını Tanrı təmizləyir, saf və bərraq bir hala gətirir, onları xalq arasında yüksək mövqeyə çatdırır, onlara Yerin, Göyün, bütün xilqətin sirlərini açır, onlara insanlarda heyrət doğuran xüsusiyyətlər bəxş edir, onlara Öz qüdrətinin sirlərini bildirir, bir sözlə müqəddəs ayədə buyrulduğu kimi: “Allah dilədiyini Öz Nuruna qovuşdurur” (Nur, 35). Onlar da özlərini Allahın Nurunun nuru adlandırırlar:

“Küntə-kənzin kənzivü Allahi-nurun nuruyam,
Rövzənin rizvaneyi-Cənnəti-ədnin huriyəm”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 422).

Və ya:

“Ey Nəsimi, sən deyilsən, cümlə Oldur, cümlə ol!
Ol kim aydır: Bu Zəmini-Asimanın Nuruyam”
(Nəsimi, Seçilmiş əsərləri, səh. 420).

Son olaraq qeyd etməyi lazım bilirik ki, mötədil sufilərdən fərqli olaraq panteist Nəsimi asketizmi qəbul etməmiş, mötədil sufilərin “İnsan dünya əziyyətlərinə elə adət etməlidir ki, əgər qəflətən bir rahatlığa çatsa, ona nifrət bəsləsin” fikrinə qarşı çıxmış və göstərmişdi ki: “Məhrumiyyətin adını himmət qoyub sərvəti, var-dövləti olmadığından yoxsulluğu bəyənmək hünər deyil. Hünər dünyanı belə əldə etdikdən sonra onu tərk etməkdir, nəinki tənbəllikdən onu axtarmamaq”.
Nəsimi də digər panteist filosoflar kimi fanatik din xadimləri, qazi və fəqihlər tərəfindən düzgün anlaşılmadığından onların qəzəb və nifrətinə səbəb olmuş və ağır işgəncələrlə dərisi soyularaq qətlə yetirilmişdir.

Ruhu şad olsun! Amin.

AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent