“Kəramət Böyükçölün dedikləri ciddi fikirlər deyil” – Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı: “Poeziyaya bu cür qeyri-ciddi münasibət olmaz…”

Zaman-zaman fərqli və cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayan fikirləri ilə gündəmə gələn gənc yazıçı Kəramət Böyükçöl “Hüriyyət” qəzetinə müsahibə verib. Onun bu müsahibədə Azərbaycan şairləri ilə bağlı işlətdiyi cümlələr etirazla qarşılanıb. Xüsusilə, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk barədə dedikləri daha çox narazılıq yaradıb.

Müsahibədən sitat: “Şeir yazmıram. Ümumiyyətlə, şairlərə ciddi baxmıram. Vaqif Səmədoğluna Allah rəhmət eləsin, onun Moşu obrazı Azərbaycanda şairə elə bir zərbə vurub ki, bu gün burda bu peşənin sahiblərinə ciddi yanaşmırlar. Yazıçı sözü daha samballıdır. Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı dərsliklərə salıb, uşaqlara zorla oxutmaqla onları kiməsə sevdirmək, kiminsə onları anlayıb qəbul etməsinə nail olmaq mümkün deyil”.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”da K.Böyükçölə belə cavab verdi: “Onun hərdən hay-küy salmaq, bəlkə də, diqqəti cəlb etmək üçün gözlənilməz, bəzən də zərərli olan açıqlamaları olur. Onun bunu nədən etdiyini deyə bilmərəm. Onunla bu barədə söhbətlərimiz olub. Onun dedikləri, şübhəsiz ki, ciddi fikirlər deyil. Çünki Azərbaycan, oğuz ədəbiyyatının 1500 illik tarixinin təxminən 300 ili poeziyadır. XIX əsrdən etibarən daha çox nəsr başlayıb. Poeziyaya bu cür qeyri-ciddi münasibət sərgiləmək olmaz. Millətimizin ruhunun, yaddaşının, milli təfəkkürünün, ictimai şüurunun formalaşmasında poeziya müstəsna rol oynayıb. Bunu heç kim inkar edə bilməz. Aşıq Ələsgərin, ondan əvvəl Məhəmməd Füzulinin, sovet dövründə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın xidmətlərini heç kim dana bilməz. Bəxtiyar Vahabzadə və Xəlil Rzanı xalqın qəlbindən çıxarmaq mümkün deyil. Bəlkə də Kəraməti əsəbləşdirən, hövsələdən çıxaran bu gün şeirin ucuzlaşmasıdır. Bəxtiyar Vahabzadə və Xəlil Rzanın adlarını çəkmədən desə ki, bu gün şeirə mənasız, heç bir poetik dəyəri olmayan yüzlərlə, kitablar çap olunur, fikirlərini bölüşərəm. Tənqid olunmadan, onun qüsurları göstərilmədən, ədəbi dəyərinin olub-olmadığı deyilmədən kitablar çapdan çıxır. Bəzən o kitablarla Yazıçılar İttifaqına girirlər. Nəticədə əsl poeziya kölgədə qalır. Bununla bağlı Kəramət narahatçılığını ifadə etsə, ona qoşula bilərəm. Amma böyük şairlərimizin adını çəkməklə poeziyamızı nüfuzdan salmaq istəyi mənasızdır. Doğrudur, bu gün dünyada şeir getdikcə az oxunmağa başlayıb. Əvvəlki kimi şeirə marağın olduğunu də deyə bilmərik. Amma Azərbaycan və bəzi ölkələr üçün poeziya hər zaman qalacaq, millətin sonuna kimi yol yoldaşı olacaq. Ruh varsa, onun dili şeirdir. Nəğmə varsa, demək şeir də var”.

Gənc şair İntiqam Yaşar poeziyanın ciddi məsələ olduğunu söylədi: “Ümumiyyətlə, kütlənin düşüncəsində poeziyanın, şairin obrazı yanlış formada yaradılıb. Bu hər hansısa bir filmə, tamaşaya bağlı bir məsələ deyil. Sovet dövründən bu bir siyasət olub. Fikrimcə, cəmiyyətdə fikir adamlarının tribunaçı, pafosçu, bir az da qeyri-ciddi obrazı formalaşsın deyə, bu cür siyasət aparılıb ki, cəmiyyətə təsir imkanları bəlli bir çərçivəni keçə bilməsin, uzağı, məhəlli miqyası əhatə etsin. Bu gün şairi və şeiri kütlənin hansısa kəsiminin bir ifadəsi qarşısında danmaq, kiçiltmək elə o kütləyə uduzmaqdır. Yüz dəfə maarifçilikdən dəm vur, kitaba çağırış et, ali, bəşəri dəyərləri əlində bayraq et. Sən fərd olaraq öz içində kütləyə uduzmusansa, ağ bayraq qaldırmısansa, nə danışsan faydasızdır. Təəssüf ki, sifariş qulluqçususan…”.