İtlə dialoq… -ŞER

Mətləb Məmmədoğlu

Həyətimizə gələn yad bir itə….

Bu şeir yazılandan sonra həmin iti birdə görmədim

Ay it,axı məndən nə istəyirsən
Görürsən dincəlib,nədə yatıram
Mən də orda-burda gəzib neyləyim
Bir parça çörəyi güclə tapıram

Zilləyib gözünü gözümə baxma
İnsan deyilsən ki,dərdimi deyəm
Sallıyıb dilini üzümə baxma
Özüm səndən betər it günündəyəm

Gecələr sübhətək gəzib hürürsən
Səsinə diskinib oyanan çoxdur
Bizi nə eşidib,nədə duyan var
Bizi it yerinə qoyanda yoxdur

Batıb boguluram borcun içində
Borcla yola verrəm xeyiri,şəri
Qapı dəyişirəm ildə beş dəfə
Sındırır qapımı borc yiyələri

De kimə lazımdir belə azadlıq
Acdan xəbərsizdir toxu millətin
Bir parça çörəkçün qul bazarında
İndi iş axtarır çoxu millətin

Dəyişib insanlar zaman neyləsin
Sevənin-sevənə düz ilqarı yox
Ay it səndə olan etibar qədər
İnsanın insana etibarı yox

Adam var itinin zənciri qızıl
Yüz manat xərcləyir gündə itinə
Dədəsinin adı batmasın deyə
Dədəsinin adın qoyub itinə

Bu dərd sagalası dərdə oxşamır
Obanı satdılar,yurdu satdılar
Didərgin saldılar Şiri,Aslanı
Çakqal bazarında Qurdu satdılar

Urəklər nigaran,əsəblər gərgin
Haqsızlar tutubdur indi hər yanı
Dərdini heç kimə deyə bilmirsən
Məmurlar it kimi tutur adamı

Adamlar it kimi tutur bir-birin
Adamlar adama min böhtan atır
Deyirlər it itin ayaqın basmır
Adamlar adamın başından basır

Sən gəz qapı-qapı yaşa birtəhər
Minlərlə it gəzir küçədə,tində
Ay it neyləyək ki,yiyə üzündən
Sizdə pis gündəiz,bizdə pis gündə

İnsanlar qan tökür,nahaq qan içir
Söyülür,döyülür haqdan,nahaqdan
Get başını saxla belə dövranda
İt olmaq yaxşıdır adam olmaqdan

Facebook Comments