Istiqlalçı deputatdan Mübariz Mənsimovu tənqid edənlərə ismarış: “Ağıllı olun!”

Son vaxtlar Türkiyədə fəaliyyət göstərən tanınmış iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla bağlı bəzi media orqanlarında, eləcə də sosial şəbəkələrdə tənqidi fikirlər, böhtan və yalan xarakterli informasiyalar yer almaqdadır. Sağlam və obyektiv tənqidin hüdudlarına sığmayan, iş adamının xeyriyyəçilik fəaliyyətinə kölgə salmağa, onun haqında ictimai rəydə yanlış fikir formalaşdırmağa xidmət edən bu yazılar haqlı olaraq ölkəmizin ziyalıları tərəfindən qınanmaqda, etirazla qarşılanmaqdadır.

Moderator.az tanınmış iş adamı ilə bağlı səslənən ittihamlarla bağlı fikirlərini öyrənmək məqsədi ilə istiqlalçı deputat, keçmiş təhsil nazri, professor Firudin Cəlilova müraciət edib.

M.Mənsimovun xeyriyyəçilik fəaliyyətinin hər kəsə məlum olduğunu, iş adamının bu günə qədər minlərlə insana yardım göstərdiyini, çoxlu sayda ailəyə sevinc bəxş etdiyini vurğulayn F.Cəlilov, iş adamını məqsədli şəkildə hədəf alan, onun haqqında qərəzli, obyektivlikdən uzaq fikirlər irəli sürən şəxsləri yalandan uzaq durmağa səslədi:

“İndiki zamanda iki cür varlanma var, biri oğurluqla, biri doğruluqla. Birinci yolu seçənlər yüksək pillədə oturan bəzi məmurlardır, dövlətdən xalqın payını oğurlayıb oliqarx həyatı yaşayırlar, millət, dövlət, vətən onların vecinə deyil, ikinci yolda olanlar ancaq öz zəhmətilə əldə etdiyi qazancdan ehtiyacı olanlara yardım edir, millətini, dövlətini, vətənini sevir. Vaxtilə bu ikinci yolu seçən Hacı Zeynalabdin daş yonma ilə, Mübariz Mənsimov gəmidə aşçı sənətilə işə başlayıb, öz əlinin zəhmətilə milyonçu olublar, qazandıqlarından ehtiyacı olan imkansızlara, xaricdə təhsil alan gənclərə yardım ediblər. On minlərlə insan onların qurduğu şirkətlərdə işləyib, halallıqla ailəsini dolandırmışlar. Millətini, dövlətini, vətənini sevən hər iki milyonçu üçün Azərbaycanın inkişafı önəm daşımışdır. Bugün Hacının seçdiyi yolu şərəflə davam etdirən Mübariz Mənsimov dünya sularında üzən yüzlərlə gəmiyə Azərbaycan bölgələrinin, Azərbaycan xalqının tarixi şəxslərinin adını verib onları dünyaya tanıdır.

Onu Zeynalabdin Tağıyevlə müqayisə edənlərə etirazını bildirir, «O, çox ucada durur, mənsə çox aşağıdayam, bizi bərabər tutmaq yanlışdır» – deyir. Halbuki, müqayisə edənlər yanılmır, gerçəyi söyləyirlər. Tanrı hər yüzildə Azərbaycan elinə bir metsenat bəxş edir, yeri gəlmişkən bunu da deyim ki, Metsenat da vaxtilə Azərbaycandan Anadoluya, oradan da İtaliyaya köçmüş «araz» soyadı daşıyan etrusklardan idi, ehtiyaçı olanlara yardım etməsi, sənət adamlarına verdiyi dəstək onun adına «xeyriyəçi» anlamı yükləmişdi və keçən bu 3 minil ərzində xalqın sevgisilə «metsenat» sanı qazanmış nadir şəxslər hər zaman xalqdan alqış almışlar. Bunu görmək, anlamaq üçün uzağa getmək lazım deyil, yüzil öncə xalqı üçün etdiklərinə görə bugün də Hacının ruhuna dualar oxunduğunu hamı görür.

Ancaq məsələ burasındadır ki, xalqın Hacıya olan məhəbbətini həzm edə bilməyən bolşeviklər ona olmazın haqsızlığını etdi, onların torunları 5-ci kalonçular da onun qeyrətli qızı Sara xanımı evsiz qoydu, ona işləməyi qadağan etdi. Xalq isə Tağıyev sevgisini illərlə ürəyində daşıdı, haqqında onlarla kitab, məqalə yazıldı, qəsəbə və küçələrə verilən adı əbədiləşdi, bugünlərdə möhtəşəm heykəli də ucalacaqdır. Mübariz bəy də qədirbilən xalqın bir övladı kimi bu yöndə dünya sularına uğurladığı gəmiyə onun adını vermişdir. Belə tarixi olaylardan ibrət dərsi almayan bəzi paxıl xislətli insanlar Mübariz bəyə olan xalq sevgisini həzm edə bilmir, onun günbəgün artan şöhrətinə qısqanırlar və bu nədənlə ona qarayaxmalar da yazdırırlar.

Xaraktercə barışmaz mübariz olan Mübariz bəy, bu durumda da «uşaqlarına çörək pulu qazanan» yazar-çizərlərə qızmır, deyir ki, mənə çirkab atıb, qarayaxma yazırsa, haqqımı halal edirəm, heç olmasa, qoy bu yolla ailəsini dolandırsın, onları bu yola təhrik edənlərin ifşa olunacağı gün isə uzaqda deyil. Məsələyə bu cür yanaşma baxımından Mübariz bəylə həmfikirəm, çünki belə olayları mən də yaşamışam. Metroda işləyən və Elçibəylə məni tənqid edən yazılarıyla məşhur olan Haşımov soyadlı bir jurnalist vardı, əgər durursa, allah ömrünü uzatsın. Bir gün kitab dükanı qapısında rastlaşdıq, qolundan tutub kənara çəkdim. Gördüm, narahatdır, dedim qorxma, bircə kəlmə söz soruşacam, niyə mənim haqqımda bu böhtanları yazırsan. Adam bir anlığa duruxdu, sonra başını yaxınlaşdırıb yavaşdan dedi: «Uşaqlarımı dolandırmaq üçün yazmağa məcburam, hər yazıma yüz dollar verirlər». Bu etirafdan təsirləndim, dedim, madam ki çörək pulun mənə qarayaxmadan çıxır, yaz, halal edirəm. Sonralar dövran dəyişdi və 20-25 il sonra gördüm ki, həmin jurnalist məni söydürən 5-ci kalon üyələrini çox kəskin yazılarıyla yıxıb sürüyür.

Şirkətlərində minlərlə azərbaycanlıya iş verən, kimsəsizlərə əl tutan, imkanı daxilində imkansız xəstələri müalicə etdirən, yüzlərlə tələbəni öz hesabına oxudan iş adamı Mübariz bəyi yaxından tanıdıqca, öz işçilərilə davranışındakı səmimiyəti, sadəliyi, qayğını gördükcə və milli dəyərlərə, xalqına olan məhəbbətini duyduqca ona olan sayqı birə min artır, hər bir azərbaycanlı bu soydaşı ilə yalnız qürür duyur. Mübarizi sevənlərin sayı milyonlarladır, onu gözdən salmağa çəhd edənlərin sayı isə 5-3 nəfər ola-olmaya. Onlara da sözüm budur, ağıllı olun!”

Sozcu.az