“İstəyirəm böyüyüm, əsgər gedim, qəhrəmanlıq göstərim…“

Murad atasının maşınında valideynləri ilə Bakıdan yola çıxanda uçmağa qanadı yox idi. Valideynlərini tələsdirirdi. Ləngiməyin, yolda orda-burda dayanmayın, nənəgilə tez çataq,-deyirdi.

Mart ayının sonlarında nənəsinin həyətində gördüyü toyuq-cücənin, körpə ördək balalarının, qaşqa-qumru quzunun həsrətindəydi. O vaxt Novruz bayramını keçirmək üçün baba-nənəsini ziyarətə gəlmişdilər. İndi isə yeni dərs ilinin başlanmasına son günlər qalanda yenə də kəndə gedirdilər. Qohum toyunda iştirak etmək üçün. Murada elə gəlirdi ki, yenə də baba yurdunda çil toyuğun cıbbılı cücələrini, aladoğaz ördəyin körpə balalarını qabağına salıb onları əzizləyəcək, dən verəcək.

Elə ki, həyət darvazasından daxil olub maşından tökülüşdülər. Hamı sevindi. Murad nənə-babası ilə tələm-tələsik görüşüb, həyətə götürüldü. Çil toyuğun cücələrini axtardı. Cumub hinə də baxdı. Qayıdıb, ora-bura boylandı. Onları görmədi. Sonra ördək balalarının sorağına düşdü. Qəmgin oldu. Onlar da yox idi. Evə dönüb nənəsindən soruşdi:

– Nənə, ay nənə, mənim qəşəng cücələrim haraya gedib?

Nənəsi dilləndi:

– Ağrın alım, odey sənin cücələrindir də, həyətdədirlər. Tanımadın? Onlar böyüyüb, analarına çatıblar.

– A, a. Belə teez? Bəs ördək balaları hardadır, axtardım. Yoxdular. Onlar da?

– Nənə sənə qurban, elə onlar da böyüyüblər, heç analarından fərqlənmirlər. Bax odey, göldə mayallaq aşırlar.

– Nə oldu, hamısı böyüdü…? Bəs mən niyə böyümürəm. Mən də böyüyüb yekəlmək istəyirəm,- dedi

Nənədən qabaq baba dilləndi:

– A kişi qırığı, sən də əvvəlkindən böyümüsən.

-Yoox, mən də belə tez yekəlmək istəyirəm. Böyümək, yekə oğlan olmaq istəyirəm! İstəyirəm böyüyüm, boyum sizə çatsın. Əsgər gedim, qəhrəmanlıq göstərim, – inad elədi.

Rafiq HƏSƏNOV,

Veteran jurnalist

Facebook Comments