İSTANBUL UĞRUNDA YENİ SEÇKİ QOVĞASI:müxalifətin namizədi yenidən prosesə qatılacaqmı? – TƏHLİL

Raqib Soylu

“Middle East Eye”,

Seçki pozuntularına dair şikayətlərdən bir həftə sonra Türkiyənin Yüksək Seçki Qurumu (YSK) İstanbuldakı son bələdiyyə seçkilərinin nəticələrini ləğv edib və gələn ay şəhərdə keçiriləcək yeni seçkinin tarixini açıqlayıb.

Bazar ertəsi günü, axşam verilən açıqlamada YSK-nın 11 hakimindən 7-nin İstanbulda keçiriləcək mart seçkilərinin nəticələrini ləğv edilməsinə səs verdiyi məlum olub.

Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə başçısı Əkrəm İmamoğlu təxminən 14 min çox səs qazanıb, nəticəyə hakim Ədalət və İnkişaf Partiyası (AKP) etiraz edib.

YSK İstanbuldakı bir sıra seçki məntəqələri üzvlərinin dövlət qulluqçusu olmadığını iddia etdikdən sonra təkrar seçki keçirilməsi qərarı verib.

Türkiyə qanunvericiliyinə görə, seçkilərin səmərəli keçirilməsini təmin etmək üçün prosesə dövlət qulluqçuları cəlb olunmalıdır.

AKP əvvəl də bir neçə seçki məntəqəsi işçisinin özəl sektor təmsilçisi olduğunu iddia etmişdi.

Bazar ertəsi günü etdiyi şərhdə YSK yeni seçkini tarixini açıqlayıb: iyunun 23-ü.

Müxalifət tərəfdarları etiraz edir

Bülletenlərdə, İmamoğlu da daxil olmaqla, eyni namizədlərin adları olacaq və o, tərəfdarlarına ümidi itirməməyə çağırıb.

İstanbulun bir çox yerlərində YSK qərarına etiraz edən adamlar çömçə və tavalarla küçələrə çıxıblar.

İmamoğlu, Bazar ertəsi günü, gecə saatlarında şəhərin Beylikdüzü məhəlləsində böyük tərəfdar kütləsinə səslənərək seçki nəticələrinin ləğvetmə qərarını pisləyib.

O, YSK-nı hökumətin təzyiqi altında qərar qəbul etməkdə ittiham edib: “YSK seçki məntəqələrində qanun pozuntuları olduğunu söyləyir. Ötən il prezident və parlament seçkilərini də eyni seçki heyəti keçirib. Onda həmin seçkilərin nəticələri də ləğv edilməlidir”.

“Biz təslim olmayacağıq. İnanıram ki, Türkiyə bütünlüklə bizimlədir”.

AKP-nin açıqlamasına görə, YSK İmamoğlunun İstanbul bələdiyyə başçısı mandatını da ləğv edib.

“İnsanların iradəsinə hörmət et”

YSK-nın qərarına AKP səlahiyyətliləri və tərəfdarlarının təpkisi fərqli olub.

Partiyanın sözçüsü Ömər Çelik televiziyada etdiyi şərhdə müxalifətin qərara hörmət göstərməli olduğunu söyləyib: “Nəticələr necə olursa-olsun, növbəti seçkidə insanların iradəsinə hörmət göstərəcəyik”.

“Bu qərarla, yeni seçki tələbimiz bərqərar edilib”, – Türkiyənin “Anadolu” xəbər agentliyinin yaydığı məlumatda AKP nümayəndəsi Rəcəb Özel bildirib.

Özel ayrıca günün əvvəlində YSK-nın qərarını təsdiqləyib. O, “Twitter”-də yazıb: “Seçki yenilənir. Xeyirli olsun”.

AKP-nin İstanbulun bələdiyyə başçılığına namizədi olan Binəli Yıldırım 31 Martda məğlub olub, lakin sonra partiyası seçki fırıldağı iddialarını gündəmə gətirib.

Hakim patiya nümayəndələri nəticələrə etiraz olaraq YSK-ya bir sıra şikayətlər təqdim ediblər. İddiaya görə, İstanbulda səs vermək hüququna malik olmayan bir neçə min nəfər Böyük Şəhərdə səs verib.

Bələdiyyə başçılığı yarışında 25 ildə ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı partiya şəhərə nəzarətini itirib.

AKP yerli seçkilərdə paytaxt Ankarada və digər mühüm yerlərdə 2002-ci ildən bəri ən böyük məğlubiyyətə məruz qalıb.

Türkiyənin iqtisadi və mədəni paytaxtı kimi simvolik əhəmiyyətindən başqa, İstanbul Böyük Şəhər Bələdiyyəsi (İBB) 7,5 milyard dollarlıq büdcə və geniş məşğulluq imkanları da daxil olmaqla, mühüm məkandır.

Tərcümə: Strateq.az

Sozcu.az