İstanbul seçkisi ləğv edilir? – Məxfi görüşdə sensasiyalı qərar

İyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçki ilə bağlı sensasion iddialar səsləndirilir. Bu iddialardan biri də CHP namizədi Əkrəm İmamoğlunun yol verdiyi nöqsanlara görə seçkinin baş tutmaması və Cümhur İttifaqının namizədi Binəli Yıldırımın bələdiyyə sədri təyin edilməsidir.

Sozcu.az xəbər verir ki, seçkiyə cəmi üç gün qalmasına baxmayaraq, səsvermənin keçirilməsi böyük sual altına düşüb.

Buna başlıca səbəb kimi İmamoğlunun Ordu valisi Səddar Yavuza “it” deməsinə görə qaldırılmış məhkəmə iddiası göstərilir. CHP namizədi israrla “Mən “vali itlik edib” yox, “bəsitlik edib” fikrini səsləndirdim” deyərək, iddiaları rədd edib.

Sözügedən anın görüntüləri Yutub şəbəkəsində yayılıb. CHP tərəfi bunun montaj olduğunu deyib.

Tərəflərin iddialarına rəğmən, yekun qərarı Ordu Prokurorluğu verəcək.

Seçkilərlə bağlı daha bir sensasion məqam isə Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasında baş tutan debatdan öncə İmamoğlunun debatın moderatoru İsmayıl Küçükkaya ilə “Mərmərə oteli”ndə bir araya gəlməsi haqda səsləndirilən fikirlərdir. Məlumata görə, moderatorla İmamoğlu arasındakı gizli görüş debatdan iki gün əvvəl baş tutub. Məxfi şəraitdə keçən bu görüşün 46 dəqiqə davam etdiyi bildirilib.

AKP tərəfindən isə Yıldırımın köməkçisi Ömər Sərtbaş İsmayıl Küçükkaya ilə görüşüb və danışıqlar cəmi 30 dəqiqə davam edib.

Seçkiyə kölgə salan başqa bir məsələ həmin moderatorun debatı qeyri-obyektiv aparması iddiasıdır.. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, debatda ədalət prinsipi qorunmayıb. Belə ki, Küçükaya 26 dəfə Binəli Yıldırımın, 10 dəfə isə CHP namizədinin çıxışını kəsib. Həmçinin İmamoğluna 63 dəqiqə, Yıldırıma isə 59 dəqiqə söz haqqı verib.

Bütün bunlar İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkinin ləğv edilməsi məsələsini gündəmdə saxlayır. Əgər Əkrəm İmamoğlu və moderatorun yol verdiyi nöqsanlar sübuta yetirilsə, Türkiyə tarixinin ən gərgin bələdiyyə seçkilərindən birinin baş tutmayacağı da mümkündür.\Axar.az\