“İsa Qəmbər, Əli Kərimli başsağlığı verdilər” – Mərhum pilotun qayınatası danışdı

“Həmin ərəfədə bütün müxalifətin pilotun dəfn mərasiminə gəlməməsi ilə bağlı dediklərim yanlış anlaşıldı. Halbuki, müxalifət nümayəndələri yas mərasiminə qatılmışdı. Sadəcə olaraq, həmin vaxtlar başım yasa qarışmışdı. Kimlərinsə haqqımda nə dediklərini eşitməmişdim”.

Sozcu.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni, qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin yas mərasimindən danışarkən deyib.

Qabil Hüseynli yas mərasiminə qatılan müxalifət nümayəndələrinin adlarını da qeyd edib:

“Müxalifət nümayəndələrindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və digər partiyalardan da yas mərasiminə qatılmışdılar”.

“Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli də bildiyim qədərilə başsağlığı verib. Ancaq AMİP-in lideri Etibar Məmmədovun başsağlığı verdiyini xatırlamıram. Sadəcə bəzi şəxslərin pilotun yas mərasimini siyasiləşdirməsi ilə bağlı məlumat daxil olmuşdu. Ümumiyyətlə, yas mərasiminə kim istəsə, qatıla bilər. Bu məsələdə yasaqdan söhbət gedə bilməz”- deyə Qabil Hüseynli əlavə edib.

Qeyd edək ki, bəzi mətbuat səhifələrində yayılan məlumatlara görə, politoloq Qabil Hüseynli pilot Rəşad Atakişiyevin dəfn və yas mərasimində iştirak etməməsi üçün müxalifətə çağırış edib. Bu səbəbdən o, sosial şəbəkələrdə çoxsaylı tənqidlərə məruz qalıb.

Xatırladaq ki. Qabil Hüseynli vaxtilə Azərbaycan Xalq Cəbhəsinin üzvü olub. Sonralar AMİP-də və Müsavat Partiyasında təmsil olunub. Hazırda bitərəfdir.