İrəvanda Konstitusiya böhranı: Prezident baş nazirə qarşı

Srağagün Ermənistan Baş naziri Nikol Paşinyanla Prezident Armen Sərkisyan arasında görüş baş tutub. Görüş kifayət qədər ağır atmosferdə keçib.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, görüş zamanı Sərkisyan Paşinyana Konstitusiya dəyişikliyi ilə bağlı qanuna imza atmaq fikrində olmadığını və bunun gələcəkdə böyük problemlər yaradacağını deyib. Armen Sərkisyan bununla bağlı beynəlxalq strukturlardan ciddi siqnallar aldığını və institutlara bu cür yanaşmanın Ermənistan üçün ciddi nəticələr yaradacağını bildirib.

“Paşinyan görüşdən dərhal sonra spiker Ararat Mirzoyana zəng edərək, parlamentin bu gün keçirilməli olan növbədənkənar iclasının ləğv edilməsini və bu layihəyə korrektələr edilməsinin gərək olduğunu deyib. Ararat Mirzoyandan başqa Mənim Addımım Fraksiyası Şurasının üzvləri son dəqiqəyə qədər iclasın təxirə salınması barədə məlumatlı olmayıblar”, – xəbərdə bildirilib.

Bu gün iclasın təxirə salınmasından sonra Mənim Addımım Fraksiyasından olan deputat Vaaqn Ovakimyan jurnalistlərə açıqlama verən Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın vəzifədən azad edilməsi üçün referendum keçirilməsi gərəkdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə Mənim Addımım Fraksiyasının 37 deputatı Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlayıb. Onlar Qrayr Tovmasyanın istefaya göndərilməsi üçün Konstitusiyanın 213-cü maddəsinə dəyişikliklər edilməsini təklif ediblər.

Facebook Comments