İraqın mərkəzi bankını Abdolbari Gözəlin ailəsi tikir

“İraq Mərkəzi Bankının yeni binasının tikintisini “Azərsun holdiqn“in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir.”

Sozcu.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yazaraq paylaşıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazısında bildirib ki, DAAX Construction MMC 2006-cı ildə DİA Holdinqin ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə ailəyə məxsus ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir:

“Şirkətə “Azərsun” rəhbərinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir. Şirkət Azərbaycanda böyük vəsaitlər hesabına başa gələn fantastik layihələrin – 250 milyon dollara başa gələn Heydər Əliyev Mərkəzinin, 350 milyon dollarlıq Alov Qüllələrinin, 2 milyard dollar vəsait yönəldilən Şahdağ Turizm Kompleksi, Qəbələ rezidensiyası və Baku Premium Villas-ın tikintisini həyata keçirib.”

Sonda araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, İraq Mərkəzi Bankının “Yeni Babil qülləsi” adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.

Facebook Comments