İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

İranda qətldə günahlandırılan daha 3 məhkum edam edilib. Edamlar Şiraz, Qorqan və Məşhəd şəhərlərində həyata keçirilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl namus məsələsinə görə qonşusunu qətlə yetirdiyinə görə ölümə məhkum edilən Mərvdəşt şəhər sakini, məhkum Əmir Abbas Salehi iyulun 7-si sübh saatlarında Şiraz şəhərinin zindanında dara çəkilib.

Həmçinin 6 il əvvəl Bəndər Türkmən şəhərinin ətraf kəndlərindən birində mərcləşmək üstündə baş verən davada qətl törədən üç uşaq atası 43 yaşlı məhkum Basət Seyidi, iyulun 8-də Qorqan həbsxanasında dar ağacından asılıb.

İyulun 8-də 1 nəfər də Məşhəd zindanında dara çəkilib. Soyadı mediaya açıqlanmayan Cavad adlı 45 yaşlı məhkum, 3 il əvvəl ailədaxili ixtilaflara görə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinib.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Facebook Comments