İranda bayraq davası aparan Zəhradan növbəti qələbə

İranda qatıldığı yarışda Azərbaycan bayrağının erməni bayrağından aşağıda asılmasına etiraz etməsi ilə gündəmə gələn Zəhra Salmanlı 2-6 may tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən karate üzrə açıq dünya çempionatında qızıl medal qazanıb.

Bu barədə Axar.az-a Zəhranın atası Mirhəbib Salmanlı məlumat verib. O, Zəhranın 35 kq çəki dərəcəsində 10-11 yaşlı qızlar arasında keçirilən yarışda karatenin iki növü üzrə (semikantakt, laytkantakt) iki qızıl medal qazandığını deyib.

M.Salmanlı yarışda ümumilikdə 15 ölkənin iştirak etdiyini bildirib.

Qeyd edək ki, Zəhra Salmanlı İran paytaxtı Tehran şəhərində karate üzrə beynəlxalq turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

Bayrağımız fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medal və diplomla təltif olunmuşdu.

Sozcu.az