İran məhkəməsi azərbaycanlı fəalın cəza müddətini artırıb

“Demək olar ki, bu, ömürlük həbsdir”

İranın Ərdəbil vilayətinin Apelyasiya Məhkəməsi sentyabrın 30-da milli fəal Abbas Lisaninin həbs cəzasını artıraraq 16 ilə çatdırıb.

“AzadlıqRadiosu” məlumatı məhbusun həyat yoldaşı Rüqəyya Əlizadəyə istinadən yayıb.

Rüqəyya Əlizadə Abbas Lisaninin qərara etiraz etdiyini bildirib:

“Həmin cəza artırılıb 15 ilə çatdırılıb, üstəlik, 10 ay da Təbrizdə Həsən ağa Dəmirçinin dəfni zamanı danışdığına görə verilmişdi. Abbas 16 il həbs cəzası alıb, 2 il də sürgündə olacaq. Hamısı bir yerdə 18 il edir. Burada məqsəd milli fəalın səsini boğmaq, azadlığa çıxmasına mane olmaqdır. Abbasın 52 yaşı var, 18 il sonra 70 yaşı olacaq. Demək olar ki, bu, ömürlük həbsdir”.

R.Əlizadənin sözlərinə görə, oktyabrın 1-də həbsxanaya getsə də, həyat yoldaşı ilə görüşə icazə verilməyib. Ancaq o, Abbas Lisaninin ailəsi ilə telefon əlaqəsi saxladığını əlavə edib:

“Bizə əhval-ruhiyyə verir. Deyir ki, “narahat olmayın, hədəfimə görə neçə il də versələr, qalacağam, edam da olunsam, məqsədimdən yayınmayacağam”. Əhvalı yüksəkdir, narahat deyil”.

Xanımı vəkilin Tehranda Qazilər Şurasına şikayət edəcəyini də söyləyib.

Azərbaycanlı milli-mədəni fəal Abbas Lisani bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb. O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyəti icra etmək ittihamları ilə mühakimə olunub. İran İnqilab Məhkəməsi iyulun 8-də Abbas Lisaninin 8 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Hökmdə Abbas Lisaninin ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası da yer alıb.

Sozcu.az