İRAN AZƏRBAYCANI AÇIQ MÜDAFİƏDƏN NİYƏ ÇƏKİNİR? –Rəsmi Tehran Türkiyə-Azərbaycan ittifaqından narahat olmamalıdır – TƏHLİL

Mustafa CANER,

Sakarya Universitetinin Orta Şərq Araşdırmaları Mərkəzində İran üzrə mütəxəss

“Anadolu” İA, Türkiyə

27 sentyabrda Ermənistanın həyata keçirdiyi hücum və ardınca başlayan toqquşmalar təqribən 30 ildir davam edən Qarabağ və ətraf ərazilərin işğalı məsələsini yeni bir səviyyəyə qaldırıb. Bu prosesdə Azərbyacanın Füzuli və Cəbrayıl rayonlarını azad etmək kimi önəmli uğurları olduğu halda, işğalı davam etdirməkdə israr edən zəif Ermənistanın ehtiyac duyduğu xarici dəstək də önəmli bir amil olaraq qarşımıza çıxmış durumdadır.

Rusiya, Ermənistan Baş naziri Nikol Paşinyanla “qan uyuşmazlığı” yaşamasına baxmayaraq, bölgənin Azərbaycan tərəfindən tamamilə azad edilməsini arzulamadığını hərbi təchizat dəstəyi verməsilə göstərdi. Lakin Moskva bu müddətdə faktiki hərbi müdaxilə etməkdən qaçdı.

Əlbəttə, Rusiyanın problemə aktiv tərəf olmasını əngəlləyən bir sıra səbəblər vardır. Məsələn, Ermənistanın mütəmadi olaraq Azərbaycan şəhərlərini hədəfə almasına rəğmən, Azərbaycan ordusunun buna bənzər bir fəaliyyətdən yayınması Rusiyanın KTMT çərçivəsində faktiki müdaxiləsini indiyədək önləmişdir. Burada Moskvanın dəstək vermədiyi halda, Yerevana yaşana biləcəklərin göstərilərək “tərbiyəetmə” yoluna getdiyi də söylənə bilər.

Rusiyanın tutumu ilə birlikdə, rus təchizatının Ermənistana çatdırılması marşurutunda kilid rol oynayan İranın bu güc balansındakı mövqeyi də son dərəcə önəmlidir.

Tehranın Qarabağ məsələsilə bağlı yaşadığı böhranın anlaşıla bilməsi üçün İranın daxili və xarici siyasət balanslarının birlikdə oxunması və əlbəttə, geopolitik şərtlərin diqtə etdiyi siyasi mövqelərin də nəzərə alınması şərtdir.

Tehran bölgənin önəmli aktyorlarının başında gəlir və Azərbaycan, Ermənistan və Türkiyə ilə qonşu olduğuna görə də Qarabağ məsələsi İranı birbaşa maraqlandırır.

Digər tərəfdən, İran-Rusiya əlaqələri də bu balansın önəmli ünsürlərindən biri sayıla bilər.

İranın Qafqaz siyasəti

Əslində, Qarabağ probleminin başlanğıcından bu yana İranın mövqeyi, demək olar ki, dəyişməyib. Bu mövqe “tərəfsizlik” və “vasitəçilik” anlayışları ətrafında formalaşıb. İranın xarici siyasətində Qafqazın Orta Şərq qədər yer tutmadığı bir həqiqətdir. Tehran üçün bu bölgə heç bir zaman Suriya və ya İraq qədər önəm kəsb etməyib.

Bu durumun səbəbləri arasında ABŞ və sanksiyaların təzyiqinin Tehranın xarici siyasət açılımlarını məhdudlaşdırmasını və Rusiyanın bölgədəki nüfuzunu qeyd etmək olar.

Bütün bunlarla birlikdə, bu torpaqlar XIX əsrin əvvəllərinədək bugünkü Gürcüstanın cənubu ilə Ermənistan və Azərbaycan torpaqlarını əlində tutan İranın tarixi və mədəni yaddaşı baxımından önəmsiz hesab edilə bilməz. SSRİ-nin dağılmasından sonra bölgədə yaranan güc boşluğu İranın da artıq Qafqaza yönələ biləcəyi anlamına gəlmiş və dövrün Rəfsəncani hökuməti 1990-cı illərin əvvəllərində müxtəlif təşəbbüslər göstərərək, bu yöndə addımlar atmışdır. Əlbəttə, Xəzər dənizinin ticarət baxımından strateji önəm daşıması və orada yer alan enerji mənbələri də İranın bölgəyə yönəlik marağını bəsləmişdir.

Qarabağ və ətrafındakı 7 rayonun işğalına da İran bu çərçivədə yanaşmış, vasitəçilik fəaliyyətlərilə öz təsirini artırmağa çalışmış, bu səbəblə, Ermənistanı və ya Azərbaycanı açıq dəstəkləməkdən imtina etmişdir.

İran bölgədə sabitliyin pozulmasının və ehtimal olunan sərhəd dəyişikliklərinin Xəzərdəki hesablarına mənfi təsir edəcəyini və əlbəttə, öz sərhəd təhlükəsizliyini təhdid edəcəyini düşünmüşdür. Bu çərçivədə, İranın yanaşmasına “real politik” və praqmatik hesabların yön verdiyi söylənə bilər. Əks təqdirdə, bütün digər hüquqi səbəblərə əlavə olaraq, İran məzhəb yaxınlığının da olduğu Azərbaycanın yanında olmalı idi.

Tehran bölgədə güc balansının dəyişməsindən narahatdır

Yaxşı, bəs, İranın sözdə tərəfsiz olması reallığı nə qədər əks etdirir? İran, şifahi şəkildə tərəfsiz olduğunu, beynəlxalq hüquqa riayət etdiyini və son günlərdə ölkə daxilində artan gərginliyin təsirilə də, Azərbaycanın ərazi bütövlüyünü nə qədər vurğulasa da, döyüşlərin ilk günlərində Rusiyanın həm qurudan, həm də havadan Ermənistana dəstək verməsinə səs çıxarmadı. Xəzər dənizi və ardınca Bəndər Ənzəli-Norduz sərhəd qapısı xəttindən Ermənistana hərbi təchizat çatdırılması həm daxildə, həm də xaricdə İrana yönəlik tənqidlərin artmasına səbəb oldu. Xüsusilə Təbriz, Ərdəbil və Tehran kimi şəhərlərdə İran türkləri etiraz nümayişləri keçirdilər. İran daxilində artan narazılıq, rəsmi şəxslərin açıqlamalarının tonu və məzmununa da təsir etdi. Etirazlardan sonra vəzifəli şəxslər daha açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini söylədilər, Norduz sərhəd qapısından artıq təchizatın keçmədiyinə dair proqramlar yayıldı və Ali dini lider Seyid Əli Xamnəinin Təbriz, Ərdəbil, Zəncan və Urmiyə vilayətlərindəki təmsilçiləri Qarabağın Azərbaycan və islam torpağı olduğuna dair bir bəyanat yaydılar.

Çox keçmədən, bu bəyanatı yayanlar ölkə daxilində sərt şəkildə tənqid edilməyə başlandı və müxtəlif KİV-lərdə İranın milli maraqlarına ən uyğun olan mövqenin Ermənistana dəstək vermək, ya da, ən azı, tərəfsizliyi qoruyub saxlamaq olduğu haqqında yazılar yazıldı. Yəni, İranın daxili ictimai rəyi də rəsmi şəxslərin yaşadığı dilemmanı yaşamaqdadır.

Tənqidlərin öndə gələn əsasları arasında Türkiyənin bölgədə artan təsirinin yer alması da gözdən qaçmır. Türkiyə-Azərbaycan birliyi bölgədəki balansı yenidən qurma potensialı daşıdığından İranı qayğıya sövq edir. Bu durum həmin KİV-lərdə açıqca ifadə edilməklə qalmadı, üstəlik, Türkiyənin Suriyadan “cihadçı” qrupları Qarabağa savaşmağa göndərməsi kimi əsassız iddialar da İran mediasında sıxlıqla yer aldı.

Heç bir sübutu olmayan bu iddianın, ad çəkilmədən, İran Prezidenti Ruhani tərəfindən də gündəliyə gətirilməsi İranın Türkiyənin bölgədə artan rolundan duyduğu narahatlığın ən açıq ifadəsidir.

İranın manevr sahəsi məhduddur

İranın sərhəd qapılarından və hava sahəsindən Ermənistana yardımın getməsinə razılıq verilməsi, əslində, Tehranın çox da könüllü olduğu bir məsələ olaraq oxunmamalıdır. Hazırda İranın Rusiyaya “xeyr” demək imkanı yoxdur. İran, BMT TŞ tərəfindən müzakirə olunan beynəlxalq silah embarqosu və nüvə sahəsindəki fəaliyyətlərilə bağlı geri gətirilməsi təklif edilən sanksiyalar (snapback sanctions) məsələsində Rusiyanın veto hüququndan asılı durumdadır. Başqa sözlə, İran, ABŞ-ın BMT vasitəsilə etdiyi təzyiqi Rusiya ilə balanslaşdırmaqdadır.

Digər tərəfdən, İran, özü üçün həyati önəm kəsb edən Əsəd rejiminin yıxılmaması üçün də Rusiyanın hərbi varlığından asılı durumdadır. 2015-ci ildən bu yana faktiki Suriyada olan Rusiya meydanda ipləri elə əlinə alıb ki, İranın Suriyadakı gücündən istifadə imkanı kifayət qədər məhdudlaşdırılmış durumdadır.

İranın hərbi anlaşmalar və silah alması səbəbilə də Rusiya ilə əlaqələrini pozmağı gözə ala bilmədiyi söylənə bilər.

Durum belə olunca, İran xaricdən Rusiya, daxildən də türk əhalisinin təzyiqi arasında sıxışıb qalmışdır. Yeganə çıxış yolunun İranın çevik bir ictimaiyyətlə əlaqələr praktikasından istifadə edərək, bu prosesi ötüşdürməsi olduğu anlaşılır.

İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə, İran əhalisinin, ən azı, 40%-ini türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır.

Beynəlxalq hüquq baxımından Azərbaycan haqlı olsa da, İran Ermənistanı qarşısına almamağa çalışır. ABŞ və Fransada önəmli nüfuzu olan erməni diasporası ilə əlaqələrini yaxşı saxlaması da İran üçün son dərəcə önəmlidir. Erməni lobbisinin bu ölkələrin siyasətinə olan təsirləri məlumdur. Bu səbəblə, Tehran, başda sanksiyalar olmaqla, müxtəlif xarici təzyiqlərə qarşı erməni lobbisini özünə meydan açacaq bir mexanizm olaraq görür.

Ayrıca, İranda yaşayan təqribən 200 min erməninin də Tehran üçün addımlarını atarkən diqqət etməli olduğu digər bir səbəb olması da gözdən qaçırılmamalıdır. Bu kəsimin xüsusilə ticarət fəaliyyətilə məşğul olması onların İran iqtisadiyyatı baxımından da önəmli olduqlarını göstərir. Tehran Ermənistan və erməni əhalisilə bağlı daima həssas olmuşdur. Hətta İsfahan şəhərində qondarma “erməni soyqırımı” abidəsi belə vardır.

Qeyd edildiyi kimi, İrandakı erməni varlığının bu ölkənin Ermənistan siyasətinə təsir etdiyi nəzərə alınmaqla birlikdə, İran əhalisinin, ən azı, 40%-ini türklərin təşkil etdiyi də gözdən qaçırılmamalıdır. Türklər İranın köklü ünsürüdür. İranda, ən azı, 35 milyon adam türkcə danışmaqdadır. Və Qarabağda gedən döyüşlər İran türklərinə duyğusal olaraq ciddi şəkildə təsir etməkdədir. Azərbaycan və İran türkləri arasında sıx mədəni və tarixi bağlar mövcuddur. Sərhəddə yaxın bölgələrdə bu bağlara qohumluq bağları da əlavə olunmaqdadır. İran hakimiyyəti üçün bu nöqtədə balansı tapmaq çox önəmlidir. Bir yandan Azərbaycan və İran türklərinin ehtimal olunan – mümkün siyasi birliyinin əngəllənməsi hədəflənərkən (ayırma), digər yandan artan narazılıq qarşısında Tehranın Azərbaycan türklərilə yaxınlığı və onlara dəstəyi vurğulanmaqdadır (birləşdirmə).

İlk baxışda təzadlı görünən bu ikili yanaşma, əslində, həm İranın diplomatik çevikliyini, həm də problemə, bu çeviklik istisna olmaqla, təsir edə biləcək vasitələrdən məhrum olduğunu gözlər önünə sərməkdədir.

Tərcümə Strateq.az-ındır

Facebook Comments