İqtisadçı: Valyuta ehtiyatlarının artması gözlənilən idi

‘Bu, valyuta sövdələşməsinin nəticəsidir”

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 46 051,9 milyon ABŞ dolları təşkil edib.

Ehtiyatların 40 273,3 milyon dolları (87,45%) Dövlət Neft Fondunun (ARDNF), 5 778,6 milyon dolları isə (12,55%) Mərkəzi Bankın (AMB) payına düşüb.

Məlumatı report.az yayıb.

Bildirilib ki, cari ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 911 milyon dollar (4,3%) artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1758,1 milyon dollar və yaxud 4,6%, AMB-nin valyuta ehtiyatlarında isə 152,9 milyon dollar və yaxud 2,7% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 912,2 milyon dollar və yaxud 6,75% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 641,6 milyon dollar və yaxud 7%, AMB-nin valyuta ehtiyatları isə 270,6 milyon dollar və ya 4,9% artıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə valyuta ehtiyatlarının artmasının gözlənilən olduğunu deyib.

Qubad İbadoğlu valyuta ehtiyatlarının artmasını yaxşı idarəetmənin nəticəsi kimi qiymətləndirməyib:

“Bu, valyuta sövdələşməsinin nəticəsidir”.

İqtisadçı xatırladıb ki, Dövlət Neft Fondundan Mərkəzi Banka 3 milyard 949,5 milyon manat transfer olmuşdu. Eyni zamanda, bu ilin 1 yanvar tarixində ARDNF-nin aktivləri artmışdı:

“Əvvəlki dövrlə müqayisə olunsa, bəlli olacaq ki, ARDNF-nin aktivləri 2009-cu ilin 1 yanvarında 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 7,5 faiz artıb. Əvvəl 35 milyard 806 milyon dollar olub, indi 38 milyard 515 milyondur. Təxminən 2,7 milyard dollar aktivlərin artması valyuta ehtiyatlarının artmasında əhəmiyyətli rol oynayıb. Mərkəzi Bankın ehtiyatlarının artmasına gəlincə, bu qurum hazırda valyuta bazarına müdaxilə edir. 2018-ci ildə dövlət büdcəsinə ARDNF-dan 10 milyard 966 milyon manat transfer olub. ARDNF bu transferi dollarla həyata keçirib. Yəni ARDNF dolları valyuta bazarında satışa çıxarıb, Mərkəzi Bank isə dollara tələbat aşağı düşəndə özü alıb. Bu amil də son nəticədə Mərkəzi Bankın ehtiyatlarının artımı ilə nəticələnib. Bundan əlavə, ölkəyə xarici ticarətdən valyuta daxil olub, dövlət büdcəsinə ARDNF-dən transferlər 2017-ci illə müqayisədə 5,8 milyard dollar artıb. Bütün sadalanan amillər valyuta ehtiyatlarının çoxalmasında əhəmiyyətli rol oynayıb. Deməli, əsasən transferlər, neft qiymətlərinin bahalaşması ARDNF-nin ehtiyatlarının çoxalmasına təsir edib. Ona görə bunu idarəçilik qabiliyyəti ilə əlaqələndirmək doğru deyil. Bu il də qiymətlər yüksək olacaqsa, yenə artımı müşahidə edəcəyik”.

Sozcu.az