İqtisadçı: Hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq

”Neftlə bağlı nə baş verir?!”

“Keçən həftənin sonunda Hürmüz boğazında tanker müharibəsi qızışdı. ABŞ uçaqları İran hərbi gəmilərinin üzərindən uçdu. Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi. Nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı – bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi”.

İqtisadçı Natiq Cəfərli belə deyir. Əlavə edir ki, bundan sonra ABŞ və Avropa birjaları bağlı olduğu üçün ancaq Asiya birjaları buna reaksiya verdi. Neft 2 dollar bahalaşdı:

“Amma şənbə-bazar Tramp devrəyə girdi. Çinə 10 faiz əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı “tvit” atdı. Sonra da Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsün. Bu zaman Tramp açıq şəkildə Çini valyuta manipulyasiyasında suçladı. Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi. Ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı”.

İqtisadçı deyir ki, Trampın şənbə-bazar “tvit”ləri və ticarət, valyuta müharibələrinin qızışması neft bazarında panika yaradıb, qiymətlər 7 faiz düşüb. Amma bu gün yenidən 2 faizdən çox qalxır:

“Tramp artıq seçki kampaniyasına başlayıb. ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir. Amerikalılar xarici siyasətə qarışmırlar. Obama 1 qallon benzini 2 dollara salıb getmişdi. Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı. İndi Trampun əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır. Bunun üçün Şimali Amerikada sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır. Əgər 1 ay belə qalsa, benzinin qallonu 3 dollardan aşağı düşəcək”.

İqtisadçı izah edir ki, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır:

“Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq”.

Natiq Cəfərli deyir ki, Azərbaycan üçün təhlükəli qiymət həddi 55 dollardan aşağıdır. Yəni qiymət düşsə və uzun zaman qalsa, Azərbaycana qalıcı təsirləri artacaq:

“Bu zaman hökumətin qurmağa çalışdığı yeni uğur hekayəsi manatla birgə suya düşüb, axıb gedəcək. Çünki 2018-2019-cu illərdə sabitləşən və cüzi artan iqtisadiyyatın yeganə səbəbi 65 dollardan yuxarı qalxan orta neft qiymətləri idi…”

Azərbaycan neftinin qiyməti ən son, avqustun 5-də açıqlanan məlumata görə, 62,95 dollar/barel olub. Bu, əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.

Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel olub. Bu, əvvəlki göstəricidən 1,87 dollar/barel azdır. Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,52 dollar/bareldir. Bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

İqtisadçı Vüqar Bayramov deyir ki, Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olmasının fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Çünki 2019-cu ilin büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub.

Sozcu.az