İqtisadçı: Bank depozitlərinin aktivlərdə payı azalıb

”Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da, aktivlərdə payı azalıb”

“Banklar gəlirlərini diversifikasiya etməkdə davam edir. Bu yöndə bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsində artım müşahidə edilir”.

İqtisadçı Samir Əliyev deyir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı bank sektorunun fevralın sonuna olan icmal göstəricilərindən görmək olar.

Həmin məlumatda deyilir ki, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8 faiz artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə – 14,1 faizə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2, 2017-ci ildə isə 9 faizə yaxın olub.

İqtisadçı deyir ki, azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2 faiz azalaraq 6,4 milyard manata düşüb:

“Ötən il azalma hətta 10,4 faizə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4 faizə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9 faiz olub”.

S. Əliyev deyir ki, kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1 faizə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da, aktivlərdə payı azaldıb:

“Ümumilikdə isə bankların aktivləri zəif olsa da, artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərin artımını dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq”.


İqtisadçı deyir ki, ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq.

2019-cu il fevralın 28-nə olan göstəricilərə görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,950.8 mln. manat, cəmi öhdəlikləri isə 25,708.0 mln. manat olub. Sektorun balans kapitalı isə 4,242.8 mln. manat təşkil edib. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2 (348.0 mln. manat), öhdəlikləri 0.9 (222.3 mln. manat), balans kapitalı isə 3.0 faiz (125.5 mln. manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7 faiz (88.9 mln. manat) artaraq 12,629.9 mln. manat təşkil edib.

2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8,118.5 mln. manat təşkil edib. Fevral ayında əmanətlər 1.7 faiz (137.8 mln. manat) artıb.

Fevralda bankların əməliyyat mənfəəti 113.7 mln., xalis mənfəəti isə 49.2 mln. manat təşkil edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. 2019-cu ilin fevralında bank sektorunun işçi sayı 0.5 faiz (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.(Meydan tv)

Sozcu.az