İqbal Ağazadə: “İplər Rusiyanın əlinə verilməməlidir”

“Münasibətləri fərqli müstəviyə çıxarmalıyıq ki, Rusiyaya deyək, bağışla, daha biz düşmən deyilik, sənə də ehtiyac yoxdur, etdiklərinə görə çox sağ ol”

“Siyasi institutların yerini hakimiyyət müəyyən edir: möhür verir, efir imkanları yaradır, çıxış edirlər, olur siyasi partiya…”

Ümid Partiyasının sədri İqbal Ağazadənin Pravda.az-a müsahibəsi:

– İqbal bəy, ölkənin siyasi mənzərəsini necə qiymətləndirirsiniz?

– Hazırda ölkədə siyasi durğunluqdur. Qiymətlərin artımı fonunda sosial vəziyyət ağırlaşıb, buna görə də narazılıqlar var. Siyasi partiyalar isə sükunətini qoruyur: tənqid edirlər, mövqelərini ortaya qoyurlar, amma çağırışlar, açıq tədbirlər keçirilmir. Amma bu, uzun müddət davam edə bilməz. Müharibədən sonra gözləntilər böyük idi, hamı fikirləşirdi ki, 44 günlük müharibə dönəmindəki milli birlik, hakimiyyətin və siyasi institutların ortaya qoyduqları mövqe müharibədən sonra da davam edəcək. Bunun da nəticəsində ölkənin inkişafı, sosial vəziyyət, siyasi institutlarla münasibətlər fərqli müstəviyə çıxacaq, proses davam etdikcə demokratik seçkilərin keçirilməsinə yaxınlaşma müşahidə ediləcək. Təəssüf ki, bunların heç biri olmadı. Hakimiyyət 44 günlük müharibə dönəmində fərqli mövqedə oldu, müharibədən sonra yenə də əvvəlki vəziyyətinə qayıtdı. Qiymətlər artır, insanların sosial vəziyyəti ağırlaşır. Biz hər zaman çalışmışıq ki, ölkədə xaos, qarşıdurma olmasın, anlayışlı siyasət yürüdülsün. Məsələ belə davam edərsə, problemlər meydana çıxacaq.

– Bir az da konkretləşdirək. Hakimiyyət nə etməli idi?

– İdarəetmə fəlsəfəsi dəyişmədi, kadrlara münasibət əvvəlki kimi oldu. İqtidar müxalifət münasibətlərində nominal əlaqələr mövcuddur, daha geniş əlaqələr yaradılmadır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə vətəndaş cəmiyyətini və müxalif siyasi institutları prosesə cəlb etmək olardı, amma edilmədi, mübarizə ənənəvi yollarla davam edir.

– Bir neçə siyasi partiya dövlət qeydiyyatına alındı. Bundan başqa, partiyalar ofislə təmin olundular…

– Hökumət mövcud qanunlar çərçivəsində siyasi partiyaların qeydiyyata alınmasını və sair məsələləri həyata keçirə bilər… “Siyasi partiyalar haqqında” qanun kökündən dəyişməlidir. Siyasi institutun cəmiyyətdə yeri və rolu düzgün müəyyənləşdirilməlidir. Demokratik seçki keçirildikdən sonra siyasi partiyaların təbii yeri müəyyənləşir. Bu gün siyasi partiyaların yerləri hakimiyyətin və ya hüququn müəyyən etdiyi yerlərdir. Siyasi institutların yerini seçici, xalq müəyyən edir. Hakimiyyət elə bir vəziyyət yaradıb ki, vətəndaş siyasi institutların mahiyyətini dərk etmir. Hakimiyyəti tənqid etmək, hansısa məmurun probleminə – fundamental olaraq yox – münasibət bildirmək nəticə etibarilə az qala siyasi institutun bir nəfərlik rəhbərini liderə çevirə bilir. Bunlar keçici şeylərdir. Tənqidə qalsa, ən çox tənqid edən Prezidentdir. Deməli, müxalifətin rəhbəri də Prezident özüdür. Amma siyasi institut bundan ötrü deyil ki… Siyasi institutun yanaşmaları, alternativləri, hakimiyyətə iddiaları fərqli olmalıdır. Təqdim edilən insanların namizəd kimi seçki dairəsində səs qazanmaq imkanları yoxdur – siyasi institutun səviyyəsi bu dərəcədə aşağı salınıb. Siyasi institutların yerini hakimiyyət və ya mövcud qanunvericilik deyil, seçici, vətəndaş müəyyən edir. Bu şərait isə yoxdur.

– Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların sayı 62-yə çatıb. Sizcə, bu qədər partiyaya ehtiyac varmı?

– Necə ki, bazarda hər şeyi tələb və təklif müəyyən edir, siyasi partiya da elədir. Siyasi partiyanı seçicinin tələb və təklifi müəyyən etməlidir. Seçici kənarda saxlanıldığına, rəyi nəzərə alınmadığına görə siyasi institutların yerini hakimiyyət müəyyən edir: möhür verir, efir imkanları yaradır, çıxış edirlər, olur siyasi partiya… Lakin gerçək seçki olarsa, o partiyaların mütləq əksəriyyətinə seçici rəy verməyəcək, yavaş-yavaş sıradan çıxacaqlar. Təbii tənzimləmək yolu budur. İnhisar aradan qaldırıldıqda alıcı bazarda məhsulu seçə bilir.

– Hazırda müxalifətin gücü hansı səviyyədədir?

– Müxalifət anlayışına fərqli baxmaq lazımdır. Biri var, müxalifətin siyasi institut olaraq təşkilatlanması, biri də var müxalif düşüncə. Azərbaycanda müxalif düşüncə çox yüksəkdir. Əhali sosial vəziyyətindən, gündəlik həyatından, məmur özbaşınalığından çox narazıdır. Lakin təşkilatlanma səviyyəsi olduqca aşağıdır. Çünki hakimiyyət heç bir münbit şərait yaratmayıb. Təşkilatlar uzun illərdir, nəticəsizlik sindromu yaşayırlar, hakimiyyətə gələ bilmirlər. Siyasi təşkilatların uğur siyahısı yoxdur, seçici də gəlmək istəmir. Bunun səbəbi odur ki, seçicinin rəyi ilə hesablaşmayıblar.

– Seçkidə hansı formada iştirakın tərəfdarısınız?

– Funksional əməkdaşlıq baxımdan bütün partiyalara açığıq. Azərbaycanın demokratikləşməsi üçün istənilən siyasi qüvvə ilə – hakimiyyət və ya müxalifətlə – əməkdaşlığıa hazırıq. Hakimiyyət desin ki, demokratikləşmə üçün yeni mərhələyə başlayırıq, əməkdaşlıq edək, biz masa arxasında əyləşib, planlarımızı təqdim edə bilərik. Eyni əməkdaşlığı müxalifətlə də edə bilərik. Lakin seçkilərə blok şəklində qatılmağın effekti azdır. Niyə azdır? İzah etdim, siyasi institutun rəyi ilə hesablaşılmadığına görə ha tək getdin, ha cüt getdin, o qədər böyük məsələ deyil. Demokratikləşmə üçün siyasi institutlar prinsipləri doğru-dürüst müəyyənləşdirməlidirlər. Cəmiyyətdə bir prinsipsizlik yaranıb. Demokratik ölkələrdə maraqlar baxımından yanaşma çox rahatdır. Çünki siyasi institut bilir ki, onun nümayəndələri qalib gəlməlidir. Azərbaycanda seçki proseduru zədələndiyinə görə gərək əvvəlcə seçki institutunu işlək hala gətirək. Demokratiya olmayan yerdə bizim maraqlarımız təmin oluna bilməz.

– 2015-ci ilə qədər Milli Məclisdə müxalifəti təmsil edirsiniz. Baxmayaraq ki, bəzi partiyalar bunu qəbul etmirdi…

– Hər halda dünya qəbul edirdi ki, Azərbaycan parlamentində müxalifəti Ümid Partiyası təmsil edir. Bunu ABŞ Dövlət Departamenti də, Avropa Birliyi də, Avropa Şurası da qəbul edirdi. Biz 2015-ci ildə parlamenti sonuncu müxalifət nümayəndəsi kimi tərk etmişik.

– Hazırda parlamentdə mənzərə necədir? Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi Fəzail İbrahimli Milli Məclisin sədr müavinidir…

– Heç kəsin işini təftiş etmək niyyətində deyiləm. Çünki hər bir partiyanın umduğu, yaranma məqsədi var. Partiya rəhbəri qazanclarının miqdarını özü hesablaya bilir. Bəlkə hansısa partiya hesab edir ki, onun qazancı bir və ya üç mandatdır, müxalifətdə birinci olmaqdır… Məsələn, bizim məqsədimiz və istəyimiz başqadır. İstəyirik ki, hakimiyyətə gələk, mövcud hakimiyyəti dəyişdirək, YAP hakimiyyəti getsin, Ümid Partiyasının hakimiyyəti qurulsun, Azərbaycanın üzünə yeni qapılar açılsın. Hədəfimiz yarım, bir və ya beş mandat almaq olsaydı, yəqin ki, münasibətlər sistemimizi başqa cür qurardıq, ritorikamızı başqa edərdik. Ona görə də hansısa partiyanın siyasətini təftiş etmək niyyətində deyiləm. Lakin bildiyim bir şey var, Azərbaycanda siyasi institutların vəziyyəti olduqca ağırdır. Hazırda harada, kimin neçə nəfərlə, necə təmsil olunmasından asılı olmayaraq onların heç biri siyasi institutun kriteriyalarına cavab vermirlər. Həmin şəxslər Azərbaycanın ictimai-siyasi fikrini yönləndirə bilməzlər. 1990-cı illərdə də Azərbaycan parlamentinin sədr müavini müxalifətdən idi. Amma o, cəmiyyəti idarə edirdi, mesajlar verirdi, insanlar ondan impulslar alırdı. Amma indi elə bir vəziyyət yaranıb ki, onlar ictimai-siyasi fikrə təsir edə bilmirlər. Deməli, siyasi institutların vəziyyəti bərbaddır.

– Qarabağda baş verənləri necə qiymətləndirirsiniz?

-Azərbaycan hökuməti 44 günlük müharibənin hərbi tərəfini zəfərlə başa çatdırdı. Hazırda müharibə masada davam edir. Təəssüflər olsun ki, bu gün masada hərb meydanında olduğundan qat-qat zəif görünürük. Hökumətin bu istiqamətdə düzgün vektoru yoxdur. Təkliflərimizi vermişik, bir hissəsini də mətbuata açıqlamışıq. Hökumətin masaya yatırtmalı olduğu bir nömrəli məsələ budur: Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü və dövlət müstəqilliyini tanıyır. Bu, imzalanan bəyanatın birinci bəndi olmalı idi. Proses bundan sonra başlamalı idi.

– Asandırmı?

– Heç bir məsələ asan deyil. Elə bilirsiniz, müharibə etmək asan idi? Xeyr. Qarşında düşmənçilik edən xalq, dövlət və onun arxasında duran dövlətlər varsa, asan deyil. Amma “asan deyil” deyib qətiyyətli addımlardan imtina etmək olmaz. Bu məsələ qoyulduqdan sonra Azərbaycanın qarşısında böyük üfüqlər açılacaqdı. Ermənistan bununla razılaşacaqdımı? Ümidim çox azdır, hesab edirəm, imtina edəcəkdi. Ermənistan bundan imtina etdikdən sonra Azərbaycanı qınayan Fransa, Hollandiya, Belçika və digər dövlətlər fakt qarşısında qalacaqdılar. Biz müharibəni bitirmişik, ermənilər yaşayan əraziyə də girməmişik, onları çıxarmamışıq. Biz o əraziləri işğaldan azad etmişik ki, orada 1992-1993-cü ilədək əhalinin mütləq əksəriyyəti azərbaycanlılar olub. Həmin torpaqlar uzun illər işğalda saxlanılıb, Şuşa, Laçın, Kəlbəcərdə və qismən də Zəngilanda qeyri-qanuni məskunlaşma olub, bu rəqəm də çox kiçikdir. Bütün bunlara baxmayaraq, sülh təklif edirik. Sülh təklif etdiyimiz dövlət – Ermənistan bizim ərazi bütövlüyümüzü tanımır, amma təklif edilir ki, kommunikasiyaları bərpa edin. Belə olan halda, biz onlara kömək edirik ki, növbəti mərhələyə daha yaxşı hazırlaşsınlar. Biz bunu etməliyikmi? Qərb qarşısında da məsələ qaldırmalıyıq ki, Ermənistan BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü niyə tanımır? Sülh əlimizi uzadırıq, ərazi bütövlüyümüzü tanıyaq, səfirlik və nümayəndələrimizi açaq, xalqlar da qarşılıqlı şəkildə işləyə bilsinlər. Azərbaycan buradan başlamalıdır, edə bilmir. Təklif etmişdim ki, işğaldan azad edilən ərazilər üzrə bir səlahiyyətli nümayəndə təyin edilsin. Təəssüflər ki, yalnız Şuşa üzrə xüsusi nümayəndə təyin edildi. Deyirdim ki, bütöv ərazi üzrə səlahiyyətli nümayəndə bir nəfər olsun, bütün danışıqlarda iştirak etsin, kiminlə görüşmək lazımdırsa, görüşsün. O cümlədən erməni sakinlərlə. Bu, strukturların görə biləcəyi iş deyil. Xarici işlər naziri təkcə Dağlıq Qarabağ məsələsi ilə məşğul deyil ki. Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, prokurorluq orqanlarının və digər strukturların başqa işləri də var. Lakin səlahiyyətli nümayəndə bu qurumlarla əlaqəli işləyərək fəaliyyət göstərməli idi. Noyabrın 11-dən minaların təmizlənməsi ilə bağlı təkliflərimi vermişdim. Çağırış etmişdim ki, xaricdə mina təmizləyən şirkətlər var, pulunuzu verin, dəvət edin. Qayıdışla da bağlı mövqeyimizi ifadə etmişik.

– Bəs Rusiya faktoru?

– Biz məsələləri düzgün qoysaq, nəticə əldə edə bilərik. 2020-ci ilin 26 sentyabrınadək insanlara sual versəydik ki, Qarabağ probleminin həllini necə görürlər, hər kəs deyəcəkdi ki, Şuşasız, Laçınsız, Kəlbəcərsiz Qarabağ yoxdur. Bu gün Şuşa, Laçın, Kəlbəcər bizdədir. Biz Şuşaya, Kəlbəcərə çıxdıq, baxdıq ki, aşağıda Xankəndi, Ağdərə var. Proses bunun uğrunda başladı. Mən Rusiya qoşunlarının Qarabağa gəlməsinin qətiyyətlə əleyhinə olan adamam. Rus qoşunlarının işğalçı, istilaçı olduğunu qəti şəkildə bildirirəm. Situasiyanı qəbul edirəm, çarə kimi bu addım atıldı. Lakin iplər Rusiyanın əlinə verilməməlidir.

– Rusiya sülhməramlı kontingentinin Qarabağa gəlişinin qarşısı alına bilərdimi?

– Çox çətin… Dəqiq cavab verə bilmərəm. Amma hadisələri təhlil edərək deyirəm, çox çətin idi. Rusiya regionda varsa, post-sovet ölkələrindən Baltikyanı ölkələr istisna olmaqla, heç birindən çıxmayıbsa, Azərbaycandan çıxarmaq çox çətin idi. Bəzilər hesab edir ki, 1993-cü ilin mayın 25-də Rusiya qoşunları Azərbaycandan çıxıb – Bakıdan çıxıb, Qarabağda durmuşdular. Bu da tərk etmək demək deyil. Rusiya Ukraynadan, Moldovadan, Belarusdan, Gürcüstandan, Ermənistandan, Orta Asiyadan çıxmayıbsa, Azərbaycandan çıxması absurd idi, məntiqə sığmır. Bir daha qeyd edirəm ki, Rusiya buradadır deyə, ipləri əlinə vermək olmaz. Rusiya istədiyi məsələləri həll edə bilməz. Azərbaycan öz hüquqlarının qorunması istiqamətində addımlar atmalıdır. Təəssüf ki, diplomatiyada bunu uduzuruq.

– Rusiyanın Prezidenti Vladimir Putinə müraciət ünvanlamışdınız. Müraciətiniz kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Hər hansı bir reaksiya oldumu?

– Rusiya mətbuatında da, tanınmış bloqerlərin səhifələrində də yerləşdirildi. Hər halda təsirsiz olmadı. Mən gözləmirdim ki, Putin mənə müraciət etsin ki, İqbal Ağazadə, mənə müraciət etmisən, sən Allah, qoyun görək bu məsələləri necə həll edirik. Lakin Putin və Rusiya xalqı bilməlidir ki, Azərbaycan xalqı bu cür düşünür. Yaxın günlərdə erməni xalqına müraciətimi yayacağam.

– Siz 2006-cı ildə Ermənistan Türkiyə sərhədinin açılmasını təklif etmişdiniz. Təklifiniz hazırda da qüvvədədir?

-Bəli. Sərhədlər o dövrdə açılmış olsaydı, müharibədə belə müqavimət və nifrətlə qarşılaşmayacaqdıq.

– Sərhəd açılsaydı, Ermənistan güclənə bilərdi…

– Boş şeydir. İranla sərhədlərimiz açıqdır, hər gün Astaradan və Yardımlıdan kisə ilə qızıl yığmırıq ki… Sərhəd açılmasının dövlətin varlanmasına nə aidiyyatı var. Sadəcə, 2.8 milyonluq erməni xalqının 80 milyonluq türk cameəsinin içərisində psixoloji və ictimai cəhətdən əriməsi məsələsi vardı. Erməni xalqı rahat yaşağama meyillidir. Onlar rahatlığın arxasınca qaçırlar, ona görə dünyanın hər yerinə səpələniblər. Bizim xalq isə adət-ənənəyə bağlı, mental dəyərləri qoruyan xalqdır. Erməni xalqı kimi deyilik. Baxın, ABŞ-da bir milyon erməni yaşayır, az qala Ermənistandakı qədərdir. Fransada da həmçinin. Başqa ölkələrdə yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan qat-qat artıqdır. Amma Azərbaycanda yaşayan azərbaycanlıların sayı ilə Cənubi Azərbaycan istisna olmaqla, dünyada yaşayan azərbaycanlıların sayında xeyli fərq var. Azərbaycanda yaşayanlar ən azı 5 dəfə artıqdır. Bu gün də təklif edirəm, sərhədlər açılmalıdır. Əgər 2006-cı ildə Türkiyə və Ermənistan sərhədləri açılmış olsaydı, Cənubi Qafqazda Rusiyanın dominantlığına son qoyulardı. Ermənistan başa düşərdi ki, onun üçün başqa pəncərə də var, təkcə Rusiya pəncərəsi deyil. Ermənilər ən son müharibəni Azərbaycanla ediblər. Yəni Türkiyə türklərindən sonra bizimlə müharibə ediblər. Lakin Türkiyə türklərinə olan nifrət bizə olan nifrətdən daha yüksəkdir. Uzun müddət bu tarixi yaşadıblar, sindromu qırmaq lazımdır. Sindrom dağılanda münasibətlər sistemində yeni mərhələ başlayacaq. Heç kəs iddia etməsin ki, biz sonsuzadək düşmən kimi qalacağıq. Həmişə demişəm, ermənilərlə dost olmağa məhkum deyilik, amma qonşu olmağa məhkumuq. Qonşuluğun əhəmiyyətini doğru, dürüst müəyyənləşdirmək lazımdır. Dünyanın fəth olunması daha çox iqtisadi imkanlara bağlıdır. Hərbi resursdan daha çox iqtisadi resursa önəm verilir. Baxın, demoqrafik və iqtisadi göstəricilərinə görə Azərbaycan Ermənistan və Gürcüstandan iki dəfə üstündür. Bu üstünlüyü Cənubi Qafqazda niyə tətbiq etməyəsən ki? Hə, bunun üçün bir qədər bölüşmək, “babalıq” etmək, böyük olduğunu göstərmək lazımdır. Dünyada siyasət bunun üzərində qurulub. Ağıllı dövlətlərin hamısı müharibəni ərazilərindən çıxarıblar. Hətta silah istehsal edirlər, satırlar. Amma harada satırlar? Üçüncü tərəfdə müharibə ocağı yaradırlar, məqsədlərini həyata keçirirlər. Avropa İkinci Dünya müharibəsindən sonra anladı ki, həm ideoloji, həm də siyasi müharibə nədir… Ərazilərindən əvvəlcə hərbi müharibəni, sonra da SSRİ-ni dağıdıb, ideoloji müharibəni çıxardılar. Bosniya və Herseqovina, Kosova məsələsində də çox qısa zamanda – 1995-ci ildə Deyton sazişindən sonra hər kəsin haqqını verdilər, bitirdilər ki, burada müharibə olmasın. İndi müharibə harada gedir? Ağılsız, savadsız cəmiyyətlərin olduğu yerlərdə. Bizim savadımız da, ağlımız da var, müharibənin içinə getməməliyik. Müharibənin alternativləri var. Açıq cəmiyyət yarada bilsək, Ermənistanı və Gürcüstanı qazana biləcəyik.

– Belə olan halda, Rusiya ilə necə davranmalıyıq?

– Təkbaşına nəsə etmək mümkün deyil. Dünyada Rusiya ilə davranma şərtləri var. Etiraf edək ki, demokratik dünya post-sovet ölkələrinə və Yaxın Şərqə Rusiyanın müdaxiləsini durdurmaq üçün hələlik mexanizm icad edə bilməyib. Rusiya Qarabağa gəlib, amma ipləri verməməliyik. Hər kəs yerini və rolunu bilməlidir. Nə etməliyik? Türkiyəni regiona gətirməliyik, Türkiyə Ermənistan sərhədlərinin açılmasına çalışmalıyıq. Sonra Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan birliyi istiqamətində danışıqlar masası təşkil etməliyik. Cənubi Qafqaz birliyi, ictimai parlament yaradılması istiqamətində addımlar atmalıyıq. Bizi ayıran deyil, birləşdirən tərəfləri axtaraq. Cənubi Qafqazda hər şeyi bizi ayırmır ki? Bizi həm də birləşdirən tərəflər var, ən azı bir coğrafiyada yaşayırıq. Rusiya buraya niyə gəlib? Ermənistan Azərbaycanla düşməndir. Biz bu münasibətləri fərqli müstəviyə çıxarmalıyıq ki, Rusiyaya deyək, bağışla, daha biz düşmən deyilik, sənə də ehtiyac yoxdur, etdiklərinə görə çox sağ ol. Düşmən qalmağımızın səbəbi odur ki, düzgün siyasət yürütmürük.

– Qarabağda separatçı rejimin başçısı Araik Artyunyan sərbəst hərəkət edir, qanunsuz addımlar atır. Təklifiniz nədir?

– Azərbaycan Araik Artyunyanla bağlı addımlarını atıb. Azərbaycan Baş Prokurorluğu Araik Artyunyanın “Gəncəni, Tərtəri, Bərdəni, Ağcabədini və digər yaşayış məntəqələrini vurmaq əmrini mən vermişəm” bəyanatından sonra hüquqi addım atıb, bunun geriyə yolu yoxdur. Cinayət işi sülhməramlıların qarşısına qoyulmalıdır, qəti addımların atılması tələb edilməlidir. Demirəm ki, Balasaryanı və ya Artyunyanı tutub dərhal bizə təhvil verəcəklər. Proses dayanmadan getməlidir. Azərbaycan hüquqi addımlarla sübut etməlidir ki, bu dövlət də, ərazi də mənimdir. Tələblər və təkliflər qoymadıqca Rusiyanın ayağı yer alır, daha da irəliləyir. Ən azı Rusiyanı olduğu yerdə saxlamaq lazımdır. Paralel olaraq, ATƏT-in Minsk Qrupu çərçivəsində də danışıqlarımızı davam etdirməliyik. Münaqişə hələ bitməyib, heç kəs özünü aldatmasın.

– Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, Ermənistan rəsmiləri Qarabağa qanunsuz səfərlərdən çəkinməlidirlər…

– Bəyanat və ya ortaya qoyulacaq mövqe, sənədlər, tələblər başqa şeylərdir. Türkiyə kimi müttəfiqimiz var. Hər şey sənədə əsaslanmalıdır.

Facebook Comments