İndi Atəşkəs vaxtı deyil, indi ATƏŞ vaxtıdır!

Elxan Mehdiyev, Konfliktoloq

Prezident İlham Əliyev Makronu işğaldan azad olunan torpaqlara dəvət etsin və onu daha da utandırsın!

Azərbaycan ordusu irəlilədikcə ermənilərə havadarlıq edənlərin atəşkəs çağırışı artır. Bu atəşkəs çağırışı deyil, bu işğalın aradan qaldırılmasına qarşı yönələn çağırışlardır. Demək istəyirlər ki, atəşi saxlayın, torpaqlar ermənilərdə qalsın, onların arxasınca sürünün və biz də o zamana qədər ermənilərə indiki Azərbaycanın gücünə uyğun müasir silah və texnikalar verək və vəziyyəti dəyişək. Necə ki, 2016 aprel döyüşlərinindən sonra Ermənistana verilən müasir silahlar kimi. Amerikanlar uzaq məsafələri nəzarət edən kameralar, Rusiya isə müasir silahlar verdi. Məsələnin çılpaqlığı budur.
Burada bir məqamı da vurğulamaq lazımdır. Görün indi atəşkəs olursa, ermənilər danışıqlarda hansı mövqeni tutacaq. “Biz qalib gəldik. Biz dişlərinə qədər silahlanmış Türkiyə-Azərbaycan ordusuna qarşı durduq və onları atəşkəsə məcbur etdik. Bizim rayonlardan çıxmamız mümkün deyil və biz bu torpaqları əlimizdə saxlamaqla Arsaxı xilas etdik və tarix bizim haqlı olduğumuzu sübut etdi. Bizim bu torpaqlardan çıxmamız Arsaxı təslim etməkdir. Ya DQ-ın müstəqilliyi tanınmalıdır ya da kompromis variant kimi bu torpaqlar təhlükəsizlik zonası kimi DQ-ın tanındığı günə qədər bizdə qalmalıdır. Kəlbəcər və Laçın isə DQ-ın ərazisi kimi Azərbaycan tərəfindən tanınmalıdır”. Əmin olun ki, bu cür bəyanlarla çıxış edəcəklər. Sonra da yəqin ki, həmsədrlər yeni “proses” başlayacaqlar. Paralel olaraq hərbi müstəvidə Fransa və Rusiya ilə hərbi əməkdaşlıq yeni mərhələyə keçəcək. Siyasi mərhələdə isə DQ-ın tanınması məsələsini Fransa kimi dostları ilə gündəmə salacaqlar.
Əgər R. Kocaryan gəlirsə,o, şəksiz olaraq Putinin dəstəyini alacaq və məsələlər daha da fərqli istiqamətdə gedəcək. Ona görə də Azərbaycanın bu tarixi anda ancaq bircə işi vardır. O da İRƏLİ getmək və düşmənə ağır zərbə vurmaqla bütün rayonları azad etmək. Ağır zərbə ifadəsi çox önəmlidir. Çünki ağır zərbə düşməni tam dizi üstə çökdürəcək.Aman vermək olmaz. Döyüş meydanında düşmənə aman verərsənsə,o,zaman məğlub olarsan. Müharibənin qaydası budur. Geri çekilən qüvvələrə amansız zərbələr vurulmalıdır. Onlar texnikalarını sahəyə çıxara bilməməlidir.
Azərbaycan öz torpaqlarında vuruşur Öz işğal edilmiş torpaqlarını azad etməyə çalışır və həm də beynəlxalq hüququ təmin edir, özünə hörmət etməyən BMT TŞ üzvlərinin qəbul etdiyi qərarları yerinə yetirir. Azərbaycan Vətən müharibəsi aparır və hər hansı bir kukla Makronun, Mişelin və ya Conun tələbi ilə dayanan sadəlöhv deyil. Artıq düşünün ki, biz Türk ordusu yunanları İzmirdə dənizə tökmək ərəfəsində olduğu haldayıq. Bu zaman durmaq olarmı?
Ölüm-dirim savaşına çıxmış millət durar mı? Durmaz. Geriyə heç bir yol yoxdur. Heç bir atəşkəsə yer yoxdur. Bunu qəbul etməyimiz bizi yenidən çıxılmaz dalana salacaqdır. Biz artıq hər bir hiylələri gördük. Biziim ürəyimizi yandırıb yaxıblar. Düşmən atəşkəs ilə yenidən toparlanmaq istəyir. O yeni müasir silahlar almaq istəyir. Və indi ona bu silahı həvəslə vercəcəklər. Çünki əgər Makron Azərbaycana bu cür münasibət bəsləyirsə, o müdafiə adı altında ermənilərə hər cür silah da verməyə hazır olacaq. Və ya DQ- la bağlı danışıqları bu bölgənin tanınması istiqamətində aparmağa çalışacaq. İndi atəşkəs vaxtı deyil, indi ATƏŞ vaxtıdır. Həyatlarını qurban verən igid oğullarımız Makronların oyunlarına qurban getməməlidirlər. Onlar Azərbaycan torpaqları üçün həyatlarını qurban verirlər. Biz bu maneəni də aşacağıq. Və bunu Azərbaycan əsgərinin gücü ilə aşacağıq. Çünki hər bir müharibənin başlanğıcında bu cür atəşkəsə çağırma pik nöqtələri olur. İndi də bu pik nöqtəsidir. Ancaq bizim xalqın və dövlətin və siyasi rəhbərliyin birliyi və vahid gücə çevrilməsi bütün bu təsir və təzyiqlərə sinə gərəcək.
Biz Minsk Qrupu həmsədrlərinin mənasız bəyanatlarına heç qulaq asmamalıyıq. Artıq bizim üçün Həmsədrlər deyən bir qrup yoxdur. 28 ildir ermənilərin başını sığallama siyasəti aparan bu mənasız qurum əhəmiyyətini itirmişdir. Olan qalan statusnu da Makron dağıtmışdır. Fransa öz əhəmiyyətini itirmiş, ABŞ-da isə hakimiyyət Fevral ayında qurulacaqdır. İkinci bir tərəfdən, Azərbaycan torpaqlarını azad etdiyi halda heç bir Həmsədrlərə və ya beynəlxalq vasitəçilərə heç bir ehiyac qalmayacaqdır. Onlar öz işlərini görə bilmədilər və görmək istəmədilər.Yoxsa biz öz əlimizlə yenidən bu işi beynəlxalq müstəviyə çıxaracağıq? Yox. Bu artıq o zaman Azərbaycanın daxili işi olacaqdır. Və son anlaşmalar isə Rusiya və Türkiyənin iştirakı ilə sonuclanacaqdır. Bizim başımıza bu 28 ildə onların açdığı oyunlardan epopeya yazmaq olar….
Həmsədri Fransa olan bir qrupdan biz nə gözləyə bilərik?. Həmin Makronu elə indi Azərbaycana dəvət etmək və işğaldan azad edilmiş kəndlərə aparmaq lazımdır. Qoy beynəlxalq hüquq və qanunlardan danışan Makron ermənilərin hərbi cinayətlərini, bəşəriyyətə qarşı cinayətlərini görsün. Hərbi cinayətləri törədən erməni qüvvələrini dəstəkləyən Makron öz davranışları ilə elə bu cinayətlərin iştirakçısı durumuna düşmüşdür. Artıq Prezident İlham Əliyev onu üzr istəməyə çağırmışdır. İndi isə öz çıxışlarında onu işğaldan azad olunan torpaqlara dəvət etsin və onu daha da utandırsın!

Facebook Comments