Xəbər lenti

Ellskelbb.jpg
Elşən Əlisoy

“Separatçı erməni rejimi Azərbaycanın 26 ildir ki, işğal altında qalan Kəlbəcər rayonunun “Drmbon” adlanmış Heyvalı kəndində yeni daş emalı zavodu açıb”.

Saytlara baxarkən rastıma çıxan bu xəbər bir anlıq məni uzaqlara apardı. Bəbəkin kəsilən qolları, Nəsiminin soyulan dərisi, Cavad xanın qalanın divarı üzərində qalan qanlı vücudu gəldi gözümün qarşısına.  Bir zaman gələcək, son nəfəsimizdə övladlarımıza : "Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan" - deyəcəyimizi düşündüm. Gözümdən axan yaş ayıltdı məni. Kimsə gəlib məni belə görməsin deyə, sildim gözümün yaşını. Ancaq həyatımıza yazılan bu məzlum qara yazını silməyi bacaracağıqmı...?

Rasim Balayevi çox qınadığımız günlərdə onun belə bir sözü oldu: "Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam". Bəlkə də biz də heç Babəkin, Nəsiminin, Cavad xanın nəsli deyilik, sadəcə zaman-zaman bu adlardan istifadə etmək üçün rol oynamışıq. 

Biz Bakıda olan "Şuşa" restoranında qol götürüb oynayanda, içki badəsini əlimizə alıb Qarabağa şer deyəndə ermənilər Cıdır düzündə "Qarabağın azadlığı"nı qeyd edirlər. Biz Laçın adını açdığımız kafelərə fahişəxanaya çevirəndə, ermənilər Laçında məktəblər tikib, evlər salırlar. Biz Kəlbəcəri içki məclisində oxuduğumuz mənasız şerlərlə yada salanda, ermənilər Kəlbəcərdə bizə baş daşı düzəldirlər. Hara gedir axırımız?

Bir dəfə belə bir düşüncəsizlik etdim.  "Youtub" kanalında Kəlbəcərli əsirlərin görüntüsü olan videonu, "bəlkə evdə kimisə tanıyarlar" deyə anama göstərdim. Bayatı deyən yaşlı ananın halına dözə bilmədi anam. Ürəyi getdi,bəlkə də ölümdən qayıtdı. Kəlbəcərdəki anamın halına dözə bilmədi qəriblikdəki anam. Mənsə o videoya sona qədər baxmışdım. Qınadım özümü, xəcalət çəkdim videoya baxa bildiyim üçün.

Düşünürəm, bir ana söyüşünə görə adam öldürüb 15 il türmədə yatmağı bacaran Azərbaycan kişisi "Ana" dediyi vətəni üçün öldürməyi, ölməyi niyə bacarmır. Kəlbəcərdə erməni gədəsinin ayağına sarılıb xilas uman ana bəyəm bizim üçün yaddır...? Axı nədən biz taleymizə, namusumuza biganə qalan belə bir aşağılığa çevrildik? Başa düşmürük bəyəm, Kəlbəcərdə bayatı deyən çarəsiz ananın bayatısı vətənin bizə qarğışıdır? 
anaaass.jpg

Günü –gündən uzaqlaşır bizdən Kəlbəcər!

 Həsrət qaldığımız bulaqlarımızda kef edən, Tərtər çayının sərin sularında çimib şəkillər yayaraq poz verən ermənilər hər gün aşağılayır bizi. Biz isə işğal altında olan məsciddə deputatımızın etdiyi “dua”nın şəkillərini paylaşırıq.  Allah o duanı qəbul etməz! Vətənini, elini-obasını, qızını-gəlinini, yaşlı anasını və Allahın evini düşmənə verib qaçanların duası Allahın nəyinə gərəkdir? Allahın nəzərindən uzaq olanların duası Allah yanında keçməz!

Bəlkə də öyrəşmişik, məzarlarımıza bir ovuc vətən torpağı tökməyə. Vətəni yadlara verib bir qarış torpaqdan təsəlli almaq bizi pis öyrədib.

Nəysə, deyiləsi, yazılası, bəlkə də fəryad edilməsi o qədər işlərimiz var ki, hansında vətəndaş ola bilirik ki...

"Oğul düşmən çəpəridir" deyib, oğluna “neqodnı" hərbi bileti alıb vətənə yararsız hala gətirənlərin məmləkəti bu olmalıdır də" - deyə düşünürəm.

Bir şeyi bilirəm ki, düşmən ayağına qapanan ananın ahı tutacaq bizi. Bəlkə də tutub da ...! 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.