Xəbər lenti

GEBBB.jpg
1994-cü ilin aprel ayıdır. Himayədarları tərəfindən təpədən dırnağa qədər silahlanmış düşmən bütün cəbhə xətti boyunca hücum etməkdən çəkinmir. Ağdam cəbhəsinin Tağıbəyli, Suma, Şıxlar Baş Qərvənd kəndi istiqamətində irəliləyən düşmənin niyyəti Orta Qərvənd, Ayaq Qərvənd və Təzəkənd kəndlərini ələ keçirib Ağdam-Bərdə-Tərtər yol qovşağını bağlamaqdır... Əgər düşmən istəyinə çatsa onda vəziyyət tam dəyişər. Tərtər və Bərdə rayonunun bir neçə kəndi düşmən işğalına məruz qalar. Məhz buna görə də Azərbaycan Ordusunun bölmələri bütün cəhdlərin qarşısı almaq üçün ağır itkilər belə verməkdən çəkinmir. Növbəti qanlı döyüş toqquşması başa çatıb. Hər tərəfindən barıt qoxusu gəlir, mərmi partlayışlarının dumanı qan ağlayan Ağdam səmasında hələ ərşə çəkilməyib. Döyüşdən yeni qayıdan əsgərlərin bəziləri istirahət edir, bəziləri silahını təmizləyir. Tabor komandiri Cəbrayılov ağır döyüş yorğunluğuna baxmayaraq istehkamçıları ilə ərzində növbəti hücumun qarşısını almaq üçün Qərvənd kəndi yaxınlığında süni maneələr yaradır.

Taborun yerləşdiyi məntəqəyə əlində dolu çanta, orta boylu üz-gözündən məğrurluq yağan bir kişi yaxınlaşır. nəzarət buraxılış məntəqəsinə bir neçə addım qalmış onu bir əsgər qarşılayır. Ətrafa ağır, üzgün və hüzn dolu ifadə saçan əsgər kişi ilə ayaqüstü sohbətləşməyə başlayırlar: -Əmi, nə əcəb gəlmisiniz? - Kişi əlində tutduğu ağır çantasını digər əlinə ötürüb, mehriban ifadə ilə cavab verir: -Sabir, oğlum, açığını deyim ki gəlmək niyyətim var idi. Amma bu tezliklə yox. Arvad dincəltmədi məni. Deyir neçə gündür yuxumu qarişdırıram. Gedib uşaqdan mənə bir xəbər gətir. Baxma ay oğul, anadır. İstər-istəməz narahat olur. Bu gecə isə demək olar ki yatmayıb. Vaxtlıdan durub evdə olan olmazdan yığıb çantaya ki, apar uşaqlar yesin. - Sabir kişiyə qulaq asdıqca sanki güllə yarası alıb tükənirdi... İstəyir nəsə desin. Amma kişi onu qabaqlayaraq yenidən dillənir: Bizim arvadda çox qərəvəlli adamdır. Həm deyir uşaqdan nigaranam, həm də bərk-bərk tapşırdı ki, ona "südümü halal etmərəm, namərd qarşısindan qaçsan "-deyim. Sabirin gözləri dolur. O yerində dayanıb. Başını aşağı dikib dodağı altından dillənir: -Əmi, anamın əllərindən öp. Təssüf ki deməliyəm. Oğlunuz Şəhid oldu. -bu sözləri eşidən kişi yerində donub qalır. Dərindən köks ötürüb: - nə dedin sən? İndi mənim oğlum yoxdur?... O ölüb?! - Əsgər yaşla dolmuş, yuxusuzluqdan qıpqırmızı qızarmış gözlərini kişinin gözünə zilləyib başını yelləyir. Sonra iri addımlarla oradan uzaqlaşır. Sanki dünyanın ağırlığı çökür kişinin çiyinlərinə. O bir anda taqətdən kəsilmiş dizlərinin yerə dəyməsinə zorla mənə olur. Ayaqlarını sürütləyə-sürütləyə yeriyib qapıya çatır. Onu qarşılayan əsgərə: - Oğul, məni təcili komandirinizlə görüşdürün! - deyir. Əsgər, artıq məsələnin nə yerdə olduğunundan halıdır. O kişini tabor komandiri Xəqani Cəbrayılovun oturduğu otağa aparıb: - əmi, burada gözləyin. Komandir ön xəttədir. Yəqin birazdan gələcək. Onda görüşərsiniz, - deyir. Kişi razılaşıb çantasını masanın üzərinə qoyub əvvəl fərdi yaşayış evi olmuş evin otağının oturur.

Biraz keçdikdən sonra komandir X.Cəbrayılov hissəyə gəlir. O ağır döyüşdən çıxmasına baxmayaraq həmişə çevik hərəkət edib. Heç vaxt əsgərlərinin yanında yorğunluğunu bildirməzmiş. O cümlədən əsgəri ruhdan salacaq heç bir hərəkət etməzdi. Növbətçi ona qonaq barədə məlumat verir. O oğlunun şəhid olması haqqında kişinin xəbərsiz olduğunu zənn edib, ona bu xəbəri necə verməyin yollarını düşünür. Əslində bunu bacarmaq nəyinki bir komandir, hər kəs üçün, hətta bir döyüş əməliyyatından belə çətindir...

Komandir otağa daxil olur. Stulda oturub gözlərini birləşdirdiyi dizlərinə zilləyən kişi ayağa qalxıb, pərişan halda Cəbrayılovun gözünə baxır. Kişinin halını görən komandir hardan, necə başlayacağını bilmir. Əvəzində kişi dillənir: - Xoş gördük, komandir! deyin görüm mənim oğlum necə ölüb? - Artıq məsələdən halı olduğunu görən komandir kişi ilə salamlaşıb əlini onun çiyninə qoyaraq: - Dayı, sənin oğlun ölməyib. O qəhrəmancasına - son gülləsinə qədər döyüşərək Şəhid oldu.

- Komandir, doğurdanmı mənim oğlum Qəhrəman kimi can verib?

- Bəli... Düşmən tam gücü ilə taborun müdafiə rayonuna hücuma keçdi. Həmin hücumun qarşısını almaq üçün biz əlimizdə olan qüvvə ilə döyüşə atıldıq. Onlar ağır döyüşdən məğlub ayrıldılar. Özü də xeyli itki verdilər. Əgər biz bu hücumun qarşısını almasaydıq xeyli ərazilər itirəcəkdik. Bax sənin oğlun da bu döyüşdə xeyli düşmən məhv edərək həlak oldu. O bir addım da olsun tutduğu mövqedən geriyə çəkilmədi. - Komandiri dinlədikcə sanki kişiyə qüvvət gəldi. Onun gözləri parıldamağa başladı. Üzündə təbəssüm yaranan şəhid atası Cəbrayılova baxaraq: - Son bir xahiş edə bilərəm? -deyir. Komandirin astadan -Buyurun... - ifadəsindən sonra o masanın üzərindəki çantanın ağzını açıb evdən gətirdiyi xörəkləri çıxarmağa başladı. Hər şeyi düzdükdən sonra: - Yoldaş, komandir! Ağır döyüşdən çıxmısınız, mən də uzaq yol gəlmişəm. Mənimlə bir qismət çörək kəsin ki, mən də iştahlı olum. Onsuz da bunu siz döyüşçülər üçün gətirmişdim. Mən oğlumla da sizin kimi cəsur komandirlə də fəxr edirəm. Bir qarıc Vətən torpağı üçün on oğlum olsa onunu da qurban verərəm. Təki Vətən sağ olsun! - deyir. Sözlərdən təsirlənən komandir, kişini bağrına basaraq: Heç zaman Vətən sizin kimi əsl kişiləri unutmayacaq! Əlbəttə sizinlə çörək kəsmək şərəfdir!!!

Bəli, əlbəttə ki bu Vətən yolunda həyatlarını qurban verən, bütün ömrünü bu yola həsr edən heç kim unudulmur! Yuxarıda qələmə aldığım hadisədən illər ötüb. Haqqında danışdığım komandir isə hələdə öz vətəninə şərəf və ləyaqətlə xidmət edir. Hətta o artıq general-mayor rütbəsi ilə ordu birliyi komandiridir. Bir xoş təsadüf nəticəsində qələmə aldığım hadisənin dinləyicisi oldum. Və araşdıraraq hər kəsə çatdırmaq qərarına gəldim. Məhz həmin qəhrəman övladların, cəsur komandir Xəqani Cəbrayılovun sayəsində düşmən qüvvələrinin yuxarıda sadalanan planlarının qarşısı alınıb.

Əminliklə deyə bilərəm ki, gələcəkdə veriləcək döyüş əmri zamanı peşəkar zabitlərimizin, qəhraman əsgərlərimizin və fədakar valideynlərimizin sayəsində biz işğal altında olan torpaqlarımızda zəfər zəngi çalaraq, yeni-yeni qəhrəmanlıqları qələmə alacağıq.

Elgün Gəncimsoy.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.